Venesuela müxalifətinin lideri, Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado ölkəsinə qayıtdığını açıqlayıb.
"Mən buradayam. Sizinləyəm", – deyə Maçado X sosial şəbəkəsində yazıb.
Jurnalist Toni Franxi Mavad Maçadonun Lara ştatındakı bir kilsədə bazar günü keçirilən dini mərasimdən fotolarını paylaşıb. Maçadonun ölkəyə qayıtdığını onun nümayəndəsi David Smolanski və Venesuela müxalifətinin keçmiş prezidentliyə namizədi Edmundo Qonsales də təsdiqləyiblər.
"Bu gün venesuelalılar üçün çox vacib gündür. Onunla birlikdə bu prosesə rəhbərlik edəcək və onu düzgün istiqamətə yönəldəcək suveren səsimiz də geri qayıdır! Çox tezliklə mən də sizin və onun yanında olacağam ki, ölkəmiz həqiqətən azadlığa doğru irəliləsin. Bilirsiniz ki, biz sona qədər gedəcəyik", – deyə Qonsales yazıb.
Maçado 2014-cü ildə Venesuelada keçirilən kütləvi etiraz aksiyalarının əsas simalarından biri olub. O, 2023-cü ildə müxalifətin praymerizində (ilkin seçkilərində) qalib gəlib və "Demokratik Birlik Platforması" onun prezidentliyə namizədliyini irəli sürüb. 2024-cü ilin avqustunda isə seçkilərdə iştirakına qadağa qoyulub və bundan sonra Maçado Qonsalesin seçki kampaniyasını dəstəkləyib.
Həmin vaxt Venesuelanın prezidenti olan Nikolas Maduro seçkilərin nəticələrinə əsasən qələbə qazandığını elan edib. Amma müstəqil müşahidəçilər və BMT seçkilərin nəticələrini şübhə altına alıblar. Bir sıra xarici ölkələr Qonsalesi Venesuelanın legitim prezidenti hesab edirlər.
Maduro hökuməti 10 il ərzində Maçadonun ölkədən çıxışına qadağa qoyub. Venesuelada seçkilərdən sonra başlayan siyasi repressiyalar və etirazlar fonunda Maçado bir il gizlənmək məcburiyyətində qalıb.
2025-ci ilin dekabrında o, Venesuelanı gizli şəkildə tərk edərək Osloya gedə bilib. Orada ona Nobel Sülh Mükafatı təqdim olunub.