Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə Monitorinq Komitəsinin məruzəçisi Ştefan Şennaxın “Media haqqında” yeni qanunla bağlı Venesiya Komissiyasına müraciət edəcəyi gözlənilir. “Turan” İnformasiya Agentliyinin xəbərinə görə, bunu onların verdiyi sorğuya cavabında Ştefan Şennax bildirib.
Xəbərdə qeyd edilir ki, məruzəçinin dediyinə görə, o Venesiya Komissiyasından sənədin ekspertizasını aparmağı xahiş edəcək.
Agentliyin xəbərinə görə, bir müddət öncə ABŞ Dövlət Departamentinin sözcüsü Azərbaycanda “Media haqqında” yeni qanun layihəsinin qəbulundan narahatlığını ifadə etmişdi.
“Turan”ın ABŞ-dakı müxbiri xəbər verirdi ki, sözçü suala cavab olaraq deyib:
“Biz narahatıq ki, Azərbaycan parlamenti "Media haqqında" təklif olunan qanunun ratifikasiya edilməsi üçün Prezident Administrasiyasına göndərilməsində tələsib”.
O, daha sonra əlavə edib:
“Ümid edirik ki, Prezident Administrasiyası qanuna baxarkən müstəqil jurnalistlərin, media ekspertlərinin və ATƏT də daxil olmaqla beynəlxalq qurumların rəylərini diqqətlə nəzərdən keçirəcək”.
Azərbaycan Prezidenti, hələki qanunu imzalamayıb.
Etiraz aksiyaları
Bu qanun layihəsi dekabrın 30-da Azərbaycan parlamentində qəbul edilib. Sənəd 9 fəsil, 78 maddədən ibarətdir.
Orada jurnalistlərin fəaliyyətinə dair məsələlər, Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya qaydaları, jurnalistin fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.
Hələ, dekabrın 24-də və 28-də bir qrup jurnalist Bakıda Milli Məclisin önünə toplaşaraq layihəyə etirazlarını bildirmişdilər.
Onlar xüsusilə jurnalistlərin Media Reyestrinə daxil edilməsi ilə bağlı maddənin üzərində dayanırdılar.
Aksiya iştirakçıları hesab edirdilər ki, bütünlükdə bu layihə müstəqil medianın susdurulmasına və bu sahənin tam hökumətin nəzarətinə keçməsinə imkan verəcək.
Amma layihəni təqdim edənlər bir sıra tənqidi məqamların sonradan nəzərə alındığını, onun Avropa Şurasının Venesiya Komissiyasına göndərilməsinə lüzum olmadığını bildiriblər