Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Beynəlxalq təşkilat Azərbaycanda 'vəkillik qanununa' düzəlişlərdən narahatdır


İnsan Haqları üçün Beynəlxalq Tərəfdaşlıq təşkilatının saytında dərc olunmuş bəyanatda deyilir ki, Azərbaycan hökuməti tərəfindən Vəkillik haqqında qanuna düzəlişlər təklifi oktyabrın 31-də Milli Məclisdən keçib.

Təşkilat bildirir ki, bu təkliflər parlamentdə birinci oxunuşdan geri qaytarılsa da, indi bunun qanun kimi təsdiq olunması təkliflərin real motivlərindən narahatlıq doğurur.

Bu qanuna görə məhkəmə proseslərində yalnız Vəkillər Kollegiyasına üzv olan vəkillər iştirak edə bilərlər.

Oktyabrın əvvəllərində bu qanun layihəsinə etiraz edən bir qrup vəkil düzəlişləri tənqid etmiş və bildirmişdi ki, qanun Azərbaycanda müstəqil vəkillərin fəaliyyətini məhdudlaşdırcaq.

İnsan Haqları üçün Beynəlxalq Tərəfdaşlıq təşkilatı bildirir ki, Azərbaycanda yalnız kollegiyanın üzvü olan vəkillər Ali və Konstitusiya məhkəmələrinə apellyasiya verə bilərlər.

Təşkilat qeyd edir ki, təməl insan haqları və azadlıqlarının tez-tez pozulduğu və siyasi məhbusların sayının artmaqda olduğu bir ölkədə belə düzəlişlərin qəbulu geriyə doğru addım sayıla bilər.

Bəyanatda deyilir ki, Vəkillər Kollegiyası Azərbaycan hökumətinin təsiri altındadır və onun 934 üzvündən çox azı siyasi motivli işləri üzərinə götürür.

Bu da qeyd edilir ki, belə işlərə girişmək cəsarətində olan vəkillər isə elə Kollegiyanın vasitəsilə məhkəmə proseslərindən “vəkillik etikası prinsipi” ilə kənarlaşdırılır.

Məsələn müstəqil vəkil Xalid Bağırov indiyədək bir neçə tanınmış siyasi məhbusun müdafiəsi ilə məşğul olub. Onu Şəki Apellyasiya Məhkəməsinin şikayəti ilə məhkəmə prosesindən kənarlaşdırıblar. Vəkilin özü bunu tanınmış siyasi məhbus İlqar Məmmədovu müdafiə etməsi ilə əlaqələndirir.

Bu yolla vəkillik fəaliyyətindəm uzaqlaşdırılmış başqa hüquqşünasların arasında Elçin Namazov, Fərhad Mehdiyev, Aslan İsmayılov, Müzəffər Baxışov və Əlaif Həsənov da var.

Bəyanatda deyilir ki, bütün bunlara görə qanuna dəyişikliklər Azərbaycanın insan haqları sahəsində götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir.

İnsan Haqları üçün Beynəlxalq Tərəfdaşlıq təşkilatı bunları nəzərə alaraq Azərbaycan parlament və hökumətini təklif edilmiş düzəlişləri ləğv etməyə çağırır.

XS
SM
MD
LG