Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:13

Vəkillər Kollegiyası jurnalistləri qarayaxmada suçlayır


Vəkillər Kollegiyası
Vəkillər Kollegiyası

Vəkillər Kollegiyasının Rəyasət Heyəti jurnalistlər Xədicə İsmayıl Aynur Qəmbərovanın (Elgünəş) bu qurumu məhkəməyə verməsi məsələsinə münasibət bildirib.

Jurnalistlər hüquqi yardım üçün müqavilə bağladıqları vəkil Yalçın İmanovun Vəkillər Kollegiyasından uzaqlaşdırılması və nəticədə onların müdafiə hüququnun pozulması iddiası ilə məhkəməyə üz tutublar.

***Buna da bax-Jurnalistlər Vəkillər Kollegiyasını məhkəməyə verir

Vəkillər Kollegiyasının rəhbərliyi isə hesab edir ki, adları çəkilən jurnalistlər məhkəmədən öncə Kollegiyaya müraciət etməliydi: «Əgər onların hüquqlarının müdafiəsi üçün vəkil təyin olunmasaydı, bu zaman onların iddiaları iftiradan uzaq və tutarlı hesab olunardı».

Vəkillər Kollegiyasının Rəyasət Heyəti iddia edir ki, jurnalistlərin məhkəmə iddiası «son dövrlər vəkillik sahəsində aparılan mütərəqqi islahatlara qara yaxmağa, Vəkillər Kollegiyasının nüfuzunun aşağı salınmasına hesablanmış addımdır».

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, Kollegiyanın üzvləri qanuna əsasən, ona müraciət edən şəxslərin siyasi baxışlarından, hər hansı təşkilata mənsubiyyətindən və s. asılı olmayaraq, istənilən şəxsə keyfiyyətli və peşəkar hüquqi yardım göstərir.

***Buna da bax-Vəkil Yalçın İmanov kollegiyadan çıxarıldı

İddiaçı jurnalistlərdən Aynur Elgünəş isə əksinə, Vəkillər Kollegiyası rəhbərliyinin bu açıqlamasını iftira sayır: «Vətəndaşın məhkəməyə müraciətinə bu cür aqressiv reaksiya verilməsi həm də Vəkillər Kollegiyasının davranış tərzini, onu tənqid edənlərə münasibətini göstərir. Məhkəməyə müraciət etmək vətəndaş kimi mənim haqqımdır. Kollegiya rəhbərliyi məni iftirada suçlamaqla özləri mənə böhtan atırlar».

Xatırlatma

Vəkillər Kollegiyası Rəyasət Heyətinin 2017-ci il noyabrın 20-də verdiyi qərarla Y.İmanovun vəkillik fəaliyyəti dayandırılıb. Səbəb kimi isə avqust ayında Penitensiar Xidmətin rəis əvəzi olmuş Oqtay Məmmədovun ondan şikayəti göstərilib.

Y.İmanov Nardaran hadisələrinə görə 20 il həbs cəzası almış Abbas Hüseynovun ona təqdim etdiyi yazılı izahatına və Qobustan həbsxanasında müvəkkilinin üzərində gördüyü xəsarətlərə əsaslanaraq, mətbuata açıqlamasında onun işgəncəyə məruz qalmasından danışıb. Penitensiar Xidmətin rəhbərliyi bunu «ölkədə ictimai-siyasi vəziyyətin gərginləşməsinə, bu dövlətin çiçəklənməsini gözü götürməyən qüvvələrə xidmət edən addım» kimi qiymətləndirib. Vəkillər Kollegiyasının Rəyasət Heyəti də vəkilin öz müvəkkilinə istinadən onun həbsxanada işgəncəyə məruz qalması haqda söylədiklərini «vəkillik fəaliyyətinə yaraşmayan hərəkət» hesab edib.

Nardaran məhbusu A.Hüseynov Penitensiar Xidmətin şöbə rəisi, Ombudsman Aparatının nümayəndələri ilə görüşündə də onlara işgəncəyə məruz qalması haqda yazılı izahat verib. Vəkil məsələ ilə əlaqədar prokurorluğa və məhkəməyə müraciət edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG