Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 06:05

Vəkillərin başının üstündə yeni 'Damokl qılıncı'


Ədalət

Vəkillər Kollegiyası üzvlərinin dekabrda keçirilən son konfransında vəkillərin davranış qaydaları ilə bağlı yeni əsasnamə də qəbul olundu. Bəzi vəkillər bu sənəddəki bəzi maddələrin onların fəaliyyətini məhdudlaşdırdığını düşünürlər. Belə ki, yeni əsasnamə vəkilləri bundan sonra üzv olduqları qurumun rəhbərliyi, dövlət orqanları, hətta məmurlar haqqında da danışarkən ehtiyatlı olmağı tələb edir.

Məsələn, Əsasnamənin 2.13 (İctimailik) bəndində yazılıb ki, vəkil cinayət işləri üzrə istintaq sirri təşkil edən və ya qapalı keçirilən məhkəmə prosesləri barədə məlumatları ictimailəşdirməməlidir; mediada, sosial şəbəkələrdə və ictimai yerlərdə vəkilliyin nüfuzunu ləkələyən çıxışlardan, təhqir və böhtan xarakterli məlumatların yayılmasından çəkinməlidir. Belə bir «çəkingənlik» Kollegiya orqanlarının qərarları barədə «cəmiyyətdə yanlış təsəvvürlər yarada bilən hərəkətlər» ilə əlaqədar da tövsiyə edilir və s.

Və yaxud Əsasnamənin 2.4 bəndi Kollegiya üzvünə başqa vəkillərin fəaliyyəti barədə tənqidi fikir söyləməyi qadağan edir.

Bir sıra vəkillər bu sənəddə əksini tapmış qadağalardan «arzuolunmaz» üzvlərin cəzalandırılması, Vəkillər Kollegiyasından uzaqlaşdırılması məqsədilə sui-istifadə ehtimalından narahatdır. Elə bu qurumdan kənar hüquqşünaslar, ekspertlər də bənzər fikirdədir. Deyirlər ki, Əsasnamənin mətnindəki müəyyən ifadələr sui-istifadə hallarına əl yeri qoyur.

«Vəkillər Kollegiyası məmurların müdafiəçisidir?»

Kollegiyanın üzvü olan, ona görə də adının çəkilməsini istəməyən vəkil də Əsasnaməni tənqid edir. Deyir ki, bu sənəd istər vəkil, istərsə də adi vətəndaş kimi, şəxsən onun hüquq və azadlıqlarını məhdudlaşdırır. Onun sözlərinə görə, Əsasnamənin bəzi müddəaları Konstitusiyaya və başqa qanunlara ziddir. Yada salır ki, «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanun vəkildən hüquqlarını müdafiə etdiyi şəxsin maraqlarına uyğun davranmağı tələb edir. Yeni Əsasnamədə isə yazılıb ki, vəkil dürüstlük nümayiş etdirməli, yalan danışmamalıdır:

Vəkillər Kollegiyası
Vəkillər Kollegiyası

«Müvəkkilim yalan ifadə versə, dürüstlük naminə durub deməliyəm ki, bu adam yalan danışır? Bəs o biri qanunun tələb etdiyi müştərinin maraqları harada qaldı? Yazılıb ki, vəkil işdən kənar da ləyaqətli davranmalıdır. Əvvəla, vəkilin işdən kənar necə davranmasının onun fəaliyyətinə nə aidiyyəti var? İkincisi, «ləyaqətli» ifadəsinin özü mücərrəddir. Mənim ləyaqətsizlik saydığım hansısa hərəkəti başqası normal qəbul edə bilər. Başqa vəkilin əleyhinə tənqidi fikir söyləmək qadağan olunub. Tutaq ki, müvəkkilimin işində məndən öncə iştirak etmiş hansısa vəkil onun iradəsi əleyhinə, mənafeyinə zidd addım atıb, sənədlər imzalayıbsa, bunu dilə gətirməməliyəm?».

Ən çox narahatlıq doğuran məhdudiyyətlərdən biri dövlət orqanları və onların vəzifəli şəxsləri haqda danışıqlarla bağlıdır. Vəkil deyir ki, bu məsələdə Vəkillər Kollegiyası özünü dövlət orqanlarının, məmurların müdafiəçisi kimi aparır:

«Yazıblar ki, vəkil «dövlət orqanı, vəzifəli şəxslər barədə əsassız, böhtan xarakterli məlumatlar yaya, onlar haqqında qarşı qeyri-etik ifadələr işlədə bilməz». Kollegiya məmurların vəkilliyini öz üzərinə götürüb? Şərəf və ləyaqətin müdafiəsi hər adamın özünə aid hüquqdur. Böhtan, təhqir varsa, bunun üçün adam şəxsən özü məhkəməyə müraciət edə bilər, bunun Vəkillər Kollegiyasına nə aidiyyəti var?».

Özəlliklə «əsassız» sözünün sui-istifadəyə şərait yaratdığını vurğulayan vəkil Yalçın İmanovla bağlı məsələni yada salır. Y.İmanov hüquqlarını müdafiə etdiyi şəxsin üzərindəki xəsarət izlərini görüb, onun özünün də yazılı izahatından sonra müvəkkilinin həbsxanada işgəncəyə məruz qalması haqda açıqlama vermişdi. Penitensiar Xidmət isə vəkilin söylədiklərini əsassız saymış və ondan Kollegiyaya müraciət etmişdi. Sonucda Kollegiya rəhbərliyi bu müraciətə əsaslanıb Y.İmanovun vəkillik fəaliyyətini dayandırdı.

Y.İmanov
Y.İmanov

«Vəkillərin müstəqilliyi və ifadə azadlığı məhdudlaşdırılıb»

Elə Y.İmanov özü də bu fikirdədir ki, Əsasnamənin müəyyən bəndləri istənilən vaxt «peşə fəaliyyətindən kənar» pozuntu arqumenti ilə təqib alətinə çevrilə bilər. Deyir ki, bu sənəd vəkillərin müstəqilliyi, ifadə azadlığının sərhədlərini əhəmiyyətli şəkildə daraldır:

«Əsasnamənin bəndlərindən biri Kollegiyanın orqanlarının istənilən qərarı barədə tənqidi rəyləri, qiymətləndirici mülahizələri qadağan edir, vəkilləri öz mənafeləri, maraqları ilə bağlı qərarları açıq şəkildə müzakirə etmək imkanından çəkindirir. Ümumiyyətlə, bu sənəd itaətkar vəkil korpusunun yaradılmasına, qarşılıqlı əməkdaşlıq şəraitində işləyən problemsiz vahid komandanın – «istintaq-vəkillik-məhkəmə komandası»nın yaradılmasına xidmət edir».

Hüquqşünas-ekspert Fərhad Mehdiyev də düşünür ki, Əsasnamədəki müəyyən cümlələr həssas və siyasi mahiyyətli işlərə çıxan vəkillər üçün ağır öhdəliklər və əngəlləmələr ehtiva edir:

«Məsələn, vəkilin qapalı keçirilən məhkəmə prosesi barədə məlumatı ictimailəşdirməsi qadağan edilir. İclasdan sonrakı qapalılıq, sadəcə, iclasda səslənən maddi faktlarla bağlıdır, hüquqi əsaslandırma və məhkəmənin yekun qərarına aid ola bilməz. Məsələn, məhkəmə qapalı keçirilən iclasda nəyə görə həbs-qətimkan tədbirini seçdiyini əsaslandırmalıdır və bu məlumatı daha sonra vəkilin dilə gətirməsi, bunları tənqid etməsi mümkündür. Bu, ədalət mühakiməsinin şəffaflığı tələbinin bir zərurətidir. Ədalət mühakiməsi şəffaf olmasa, qapalı qapılar arasında və gizli şəraitdə ədalətin təmin olunması imkansızdır».

«Avropa təcrübəsindən istifadə olunub»

Vəkillər Kollegiyası Aparatının hüquqşünas-məsləhətçisi Sənan Şirinov isə Əsasnamə ilə bağlı iradları qəbul etmir. Deyir ki, tənqidin qadağan olunması nəzərdə tutulmayıb: «Burada tənqid yoxdur. Yanlış təsəvvür yaradan hərəkətlərdən, əsassız fikir yaradan çıxışlardan, böhtandan, təhqirdən söhbət gedir. Tənqidlə böhtan arasında fərq var. Bu, hamılıqla qəbul olunmuş qaydalardır».

S.Şirinov əlavə edir ki, Əsasnamə Avropa təcrübəsindən yararlanaraq hazırlanıb və beynəlxalq səviyyədə qəbul edilmiş qaydalara uyğundur: «Avropanın əksər ölkələrinin vəkillərinin davranış qaydalarını tənzimləyən sənədlərində bu qaydalar öz əksini tapıb».

XS
SM
MD
LG