Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Vəkil İlqar Məmmədovla bağlı yeni məhkəmə qərarını 'yarımçıq' sayır


İlqar Məmmədov məhkəmə prosesində, 20 sentyabr 2013
İlqar Məmmədov məhkəmə prosesində, 20 sentyabr 2013

İyunun 29-da Ali Məhkəmənin Plenumunda REAL Partiyasının həbsdə olan sədri İlqar Məmmədovun işinə baxıb.

Bu barədə Azadlıq Radiosu-na vəkil Fuad Ağayev bildirib.

Onun bildirməsinə görə, Ali Məhkəmənin Plenumu İ. Məmmədov barəsində kassasiya və apellyasiya instansiyaları məhkəmələrinin qərarlarını ləğv edilib. İş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.

“Azərbaycan hakimiyyəti yenə də yarımçıq qərar qəbul edib. İlqar Məmmədov barəsində təkcə, Ali Məhkəmənin qəbul etdiyi kassasiya şikayəti və Şəki Apellyasiya Məhkəməsinin qərarı yox, həm də Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ləğv olunmalı, o, azadlığa buraxılmalı idi. Odur ki, işin Şəki Apellyasiya Məhkməsinə qaytaırlması barədə qərar yarımçıq qərardır”.

F.Ağayev hesab edir ki, bu qərar həm də Azərbaycanın beynəlxalq öhdəliklərini yerinə yetirmək istəməməsinin gösətiricisidir.

Üstəlik, F.Ağayev İ.Məmmədov və özünün təhlükəsizlik məsələsini də gündəmə gətirib:
“Bütün bu müddətdə İlqar Məmmədovun təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirilməlidir. Provokasiyalar yolverilməzdir. Yeri gəlmişkən, onun yeganə vəkili olaraq mənim barəmdə də. Mənim də təhlükəsizliyim və toxunulmazlığıma görə iqtidar məsuliyyət daşıyır”.

Xatırlatma

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə bağlı kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) artıq onun iki şikayətini ümumən təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kasasiya şikayəti də təmin edilməyib.

Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) ötən il oktyabrın 25-də qəbul etdiyi qərarda bildirib ki, Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsi ilə öhdəliyini yerinə yetirib-yetirməməsi məsələsi üzrə dekabrın 5-də AİHM-ə müraciət etmək niyyətindədir. Qərarda həmçinin vurğulanırdı ki, Azərbaycan məsələ ilə bağlı öz mövqeyini noyabrın 29-na kimi bildirə bilər.

Azərbaycan hökuməti isə AŞNK-yə göndərdiyi cavabda vurğulayıb ki, AİHM-in İ.Məmmədovla bağlı qərarında onun dərhal azadlığa buraxılması ilə bağlı tələb yoxdur. Buna görə də, hökumət hesab edir ki, sözügedən qərarın icra yollarını seçməyə ixtiyarı var.

Nəhayət, dekabrın 5-də AŞNK Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

Hökumət rəsmiləri bundan sonra deyib ki, qanunvericiliyə edilən son dəyişikliklər İ.Məmmədovun şərti azadlığa çıxmasına imkan yaradır. Ancaq İ.Məmmədov da bəyan edib ki, o, şərti azadlıq yox, bəraət istəyir.

Daha sonra AİHM Avropa Şurasının Nazirlər Komitəsinə, Azərbaycan hökumətinə və həbsdə olan REAL Hərəkatının lideri İ.Məmmədova məktub göndərib. Məktub Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan tərəfinin İ.Məmmədovla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icra edilib-edilməməsi məsələsinə dair sorğusuna cavabdır.Orada tərəflərdən məsələ ilə bağlı rəy istənilib.

AİHM İlqar Məmmədovla bağlı ikinci qərarı isə ötə ilin noyabrında verib. Orada İnsan Hüquqları və Söz Azadlığı haqqında Konvensiyanın Ədalətli Məhkəmə Araşdırması hüququnun pozulması (6-cı maddə) birmənalı müəyyən edilib. Qərarın bu ilin martında qüvvəyə mindiyi açıqlanıb. İlqar Məmmədovun bəzi başqa hüquqlarının pozulduğunun da tanındığı bu qərardan sonra məsələyə yenidən Ali Məhkəmədə baxılacağı gözlənirdi. Müdafiə tərəfi vurğulayırdı ki, həmin qərarın qüvvəyə münməsinin 3 ayı iyunun 5-də tamamlandığından Ali Məhkəmə həmin vaxta qədər İlqar Məmmədovun məsələsinə yenidən baxmalı idi. Ancaq Ali Məhkəmə gözlənilən qərarı yalnız iyunun 29-da verib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG