“Cənub Qaz Dəhlizinin icrasında bu il əhəmiyyətli hadisələr baş verib və layihə artıq reallıqdır”.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov BP-nin Vaşinqtondakı mənzil qərargahında Cənub Qaz Dəhlizinə həsr olunmuş tədbirdəki çıxışında belə deyib.
Energetika Nazirliyi-nin iyunun 28-də yaydığı məlumata görə, tədbir 27-ci Ümumdünya Qaz Konfransı çərçivəsində keçirilib. Ümumdünya Qaz Konfransı iyunun 25-də başlayıb, iyunun 29-na kimi davam etməlidir.
“Biz bu layihəni bütün dostlarımızla, tərəfdaş ölkələrlə və beynəlxalq təşkilatlarla birlikdə icra edirik”,
nazir P. Şahbazov bildirib. ABŞ Administrasiyasına Cənub Qaz Dəhlizi layihəsinə davamlı dəstəyinə görə təşəkkür edən P.Şahbazov onun vaxtında reallaşmasında BP-nin rolunu da xüsusi qiymətləndirib.
“Cənub Qaz Dəhlizi strateji əhəmiyyətə və transformasiya effektinə malik olan layihədir”.
Bu sözləri isə ABŞ Dövlət Katibinin köməkçisi, Enerji Resursları Bürosunun rəhbəri Frank Fannon deyib. ABŞ prezidenti Donald Trumpın Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanmış məktubundakı fikirləri xatırladan F.Fannon mənsub olduğu ölkənin hökumətinin Cənub Qaz Dəhlizini tam dəstəklədiyini vurğulayıb.
F.Fannon deyib ki, ABŞ və Azərbaycanın birgə səyi nəticəsində bu layihə reallaşır . ABŞ rəsmisi sonda Azərbaycanla yanaşı layihəyə cəlb olunmuş bütün ölkələrə təşəkkürünü bildirib.
Xatırlatma
«Cənub Qaz Dəhlizi» layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur. Bu ilin sonlarında bu layihə çərçivəsində Azərbaycan qazının Türkiyəyə, sonrakı illərdə isə Avropaya nəqli gözlənir.
TANAP (Trans-Anadolu Qaz Kəməri) və TAP (Trans-Adriatik Qaz Kəməri) onun əsas tərkib hissələridir.
Layihə 2020-ci ildə tam işə düşməlidir. Bu il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinə ilk qazın vurulması mərasimi keçirilmişdi.