Moskva prokurorluğu müğənni Valeri Meladzenin Ukrayna silahlı qüvvələrinə maliyyə dəstəyi verməsinə dair iddiaları araşdıracaq.
Bu barədə məlumatı Rusiyanın TASS dövlət xəbər agentliyi hüquq-mühafizə orqanlarına istinadla verib.
TASS agentliyinə bu da deyilib ki, prokuror araşdırmasına başlanması göstərişi Rusiyanın Baş Prokurorluğundan gəlib.
Xəbər verilir ki, mart ayında müğənninin yoxlanması ricası ilə “Təhlükəsizlik və korrupsiya ilə mübarizə federal layihəsi” təşkilatının rəhbəri Vitali Borodin müraciət edib.
“Qəhrəmanlara eşq olsun!”
O iddia edib ki, Meladzenin qonorarlarının bir hissəsi Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün köçürülür.
Valeri Meladze Rusiyanın Ukraynaya müdaxiləsini pisləmiş azsaylı tanımış sənətçilərdən biridir.
Onun Yeni il gecəsində Dubayda etdiyi çıxışda kimsə zaldan “Ukraynaya eşq olsun” qışqırmış və Meladze isə mikrofonu kənara tutaraq ukraynsayağı “Qəhrəmanlara eşq olsun!” demişdi.
Bu epizodun video yazısı sosial media şəbəkələrində yayılmışdı. O həmin epizoddan sonra tamaşaçılarından “siyasətdən kənar olmağı” xahiş etmişdi.
“Ağır kədər və qüssə”
Meladze özünün Instagram səhifəsində yazmışdı ki, ümumiyyətlə bütün müharibələrin əleyhinədir.
O yazırdı ki, heç kimə yarınmaq istəmir və artıq on aydır “ağır kədər və qüssə” içində yaşayır, çünki “çox sevdiyi xalqlar münaqişədədirlər və günahsız insanlar ölür”.
Bu Instagram postundan sonra müğənninin problemləri başlanmışdı.
Onun Rusiya boyunca əvvəlcədən planlaşdırılmış konsertləri dəfələrlə “texniki səbəblərə görə” ləğv olunur.
Rusiyanın “Ədalətli Rusiya – Həqiqət uğrunda fraksiyasının lideri Sergey Mironov Meladzenin bütün Rusiya mükafat və təltiflərindən məhrum edilməsinə, Federasiya Şurasının üzvü Yelena Afanasyeva isə, onun ümumiyyətlə vətəndaşlıqdan çıxarılmasına çağırıb.
Tarixi İrs Fondunun rəhbəri Aleksandr Karabanov Meladzenin “xarici agent” elan olunmasını təklif edib.
Krımın əməkdar artisti
Meladze Rusiyanın əməkdar, Çeçenistanın xalq artistidir.
O habelə 2005-ci ildə, Ukraynanın müstəqilliyi günü münasibətilə “Krım Muxtar Respublikasının əməkdar artisti” adına layiq görülüb.
Onun qardaşı, bəstəkar Konstantin Meladze Ukraynanın əməkdar incəsənət xadimidir.
Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi başlanandan bəri hakimiyyət orqanları antimüharibə mövqeyi tutan mədəniyyət xadimlərinin təqibinə başlayıblar.
Onlardan bir çoxu vəzifələrini və çıxış meydançalarını itirərək xaricə mühacirət etməyə məcbur olub.