Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:14

Deputat: 'Əhalinin gəlirləri inflyasiyaya uyğun artırılmalıdır'


Vahid Əhmədov
Vahid Əhmədov

«İstehlak sahəsindəki bahalaşma Milli Məclisdə tez-tez müzakirə edilən mövzulardan biridir. Bu bahalaşmaya təsir edən səbəblər isə müxtəlifdir».

Deputat Vahid Əhmədov bunu Dövlət Statistika Komitəsinin (DSK) istehlak sahəsində bahalaşma ilə bağlı son göstəricilərinə münasibət bildirərkən deyib.

DSK noyabrın 13-də bildirib ki, bu ilin yanvar-oktyabr aylarında istehlak məhsulları və xidmətlər 2016-cı ilin eyni dövrünə nisbətən 13.7 faiz bahalaşıb. Ərzaq məhsullarının qiymətləri 17.6, qeyri-ərzaq mallarının qiymətləri 12.4, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9.6 faiz artıb.

V.Əhmədov deyir ki, inflyasiya, gəlirlərin və idxalın azalması qiymətlərə təsir edən amillərdir. Onun fikrincə, burada həm obyektiv və həm də subyektiv təsirlər də var.

«RƏQABƏT MƏCƏLLƏSİ QƏBUL EDİLMƏLİDİR»

Deputat hesab edir ki, istehlak bazarında qiymətlərin enməsindən ötrü Rəqabət Məcəlləsi qəbul olunmalıdır:

«Əlbəttə, məcəllənin qəbulu bütün dərdlərin dərmanı sayılmaz. Amma ən azı bazarda inhisara təsir göstərə bilər, bazara nəzarət mexanizmi yaranar, bazar rəqabət nəticəsində özünü tənzimləyər. Hazırda isə belə bir tənzimləmə mexanizmi yoxdur».

V.Əhmədov vurğulayır ki, bəziləri istehlak bazarında bahalaşmanı bir sıra məhsulların komponentlərinin xaricdən gətirilməsi və xaricdə valyutanın bahalaşması ilə izah etmək istəyirlər:

«Tutaq ki, elədir. Bəs onda daxildə istehsal edilən malların bahalaşması nə ilə izah edilir. Burada isə hesab edirəm ki, inhisar da var, məsuliyyətsizlik də».

Bakı camaatının maaşı nəyə çatır, nəyə çatmır? [Sorğu]
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Deputat hesab edir, əgər 13-14 faiz inflyasiya varsa, buna uyğun əhalinin gəlirləri də artırılmalıdır:

«Əgər bu artım olmursa, o zaman qiymət bahalaşması nəzarət altında olmalıdır».

V.Əhmədov avqust ayında kərə yağının bahalaşmasını xatırladır. Deputat vurğulayır ki, hökumət bundan sonra gömrük rüsumlarını 3 dəfə azaltdı:

«Demək istəyirəm ki, hökumətin əlində qiymətə təsir imkanları var və lazım gəldikdə, bundan əhalinin xeyrinə istifadə edilməlidir».

«SƏNAYE DÖVLƏTİN MƏDƏNİYYƏTİDİR»

Deputat neft hasilatının azalmasına da münasibət bildirib:

«Neft-qaz sənayesi sahəsində bu azalma gözlənilən idi. Həm də bu indi deyil, 2013-2014-dən gözlənilirdi».

Deputat deyir ki, neft sənayesi Azərbaycanda ən çox gəlir gətirən sahədir:

«Ölkədə qeyri-neft sənayesinin inkişafına təkan verildi, sənaye məhəllələri, sənaye parkları yaradılması bunun sübutudur. Amma bu sahə inkişaf etməlidir, buna isə hələ var. Belə bir deyim var ki, «sənaye dövlətin mədəniyyətidir». Ona görə də buna ciddi fikir verilməlidir. Düzdür, neft sənayesi ölkədə hələ də aparıcı mövqedədir. Amma neft həmişəlik deyil. Odur ki, iqtisadiyyatın alternativ inkişaf sahələri olmalıdır».

DSK bildirir ki, bu ilin 10 ayında ümumilikdə sənayedə də geriləmə var. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3.4 faiz artıb, neft sektorunda isə 5.9 faiz azalıb.

XS
SM
MD
LG