Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:39

Tabutdüzəldən necə hüquq müdafiəçisi oldu


Vahe Avetian
Vahe Avetian

Bu həftə Azərbaycana gələn və Xocalı faciəsində həlak olanların abidəsi önündə baş əyən yazıçı, hüquq müdafiəçisi, siyasətçi Vahe Avetian kimdir?

Vahe Avetian 1962-ci ilin 23 avqustunda Yerevanda jurnalist, filosof, linqvist ailəsində anadan olub.

VETERİNAR

Azərbaycanlılarla ermənilərin barışmasını istəyən Avetian-ı soydaşları «türkpərəst», «türk» adlandırırlar. O buna cavab olaraq bloqunda yazır: «Mənim babamın adı Mushegh-dir, o biri babamım adısa Gagik-dir, nənəmin adı Eranui, o birinin adı Siranush-dur, ata tərəfdən soyadım Avetian-dır, o biri tərəfdən Grigorian, nənələrimdən birinin soyadı Mkhitarian, o birininki Arutyunian-dır. Əziz türklər, burda, heç olmasa, bircə türk elementi tapıb göstərin».

Vahe ingilis dili təmayüllü orta məktəbdə oxuyub. Dörd dildə danışır, yazır.

İxtisasca veterinardır. Sovet dövründə 3 il Rusiyada, Ukraynada veterinar kimi, daha sonra kənd təsərrüfatı qidaları üzrə zavodda keyfiyyət üzrə mühəndis işləyib.

Yan-yörəsindəkilərin ona hücumlara, təhqirlərə səbirlə yanaşmasının sirrini soruşanda, Vahe Avetian belə cavab verir: «Yəqin, siz mənim hər zaman dediyim, söylədiyim bir şeyi ciddi qəbul etmirsiniz. Mənim ilk peşəm veterinardır». Veterinar kimi onu nə qədər «yırtıcı, dişli-dişsiz» məxluqatın, o cümlədən də insanların «dişləmək» istədiyini deyir.

Vahe ixtisası üzrə təhsilini sonradan Avropada da davam etdirib. 2011-2013-cü illərdə İsveçin Kənd Təsərrüfatı Akademiyasında oxuyub.

O DÖYÜŞÜB DƏ

1990-cı ildə müharibənin ilk günündə Müstəqillik Ordusuna üzv olduğu, hərbi karyerasını komandir kimi başa vurduğu deyilir.

Elə həmin il də siyasətə atılıb. Özü müsahiblərinin birində deyir ki, o, siyasətdə «erməni siyasətinin patriarxları, sovet dövrünün dissidentləri» ilə çiyin-çiyinə durub.

Ermənistanda Respublika Partiyasının yaradıcılarından olub, 2 saylı partiya biletinin sahibidir.

MÜHACİRƏT

1992-ci ildə partiyada fəaliyyətini dayandırıb və elə həmin il də İsveçə köçüb. Orda dillər öyrənib. İdarəetmə psixologiyası üzrə ixtisaslaşıb.

2002-2006-cı illərdə Stokholm Teologiya Məktəbinin İnsan haqları fakültəsində oxuyub.

O, bir sıra ictimai təşkilatların yaradıcısıdır. İsveçdə də ictimai-siyasi fəaliyyətini davam etdirir.

Ermənistanın indiki rəhbərliyini sərt tənqid edir. Onu prezident kimi seçilməməkdə, seçkiləri saxtalaşdırmaqda, ölkəni qanunsuz idarə etməkdə günahlandırır.

YAZIÇI VAHE

Vahe Avetian həm də 6 kitabın müəllifidir: «Müstəqillik Ordusu», «İsteblişMENT», «Svartskalle», «Burdan, ordan», «Blatte», «Baltasar, Loki, Nils, Şveyk...».

2010-cu ildən İsveç Yazıçılar Birliyinin üzvüdür.

Birinci kitab – «Müstəqillik Ordusu» lətifələr, dialoqlar, şərhlər, avtobioqrafik fraqmentlər, şeirlər, görüşlər, düşüncələr toplusudur. «İsteblişMENT» adlı ikinci kitab birincinin davamıdır. Onun yazdıqlarını «boz və ölüm ayağında olan» erməni ədəbiyyatında «ən yaxşı hadisə» sayanlar da var. Tənqidçilər Vahe-nin dilinin danışıq dilinə uyğun, kəsə və kəskin, qaba olduğunu vurğulayırlar.

O özü ABŞ-da, Kanadada yaşayan erməniəsilli yazarlar Armen Melkian-ın, Ara Baliozian-ın əsərlərini bəyəndiyini, stereotipləri dağıtdıqlarına görə onları təqdir etdiyini, onlardan çox ideyalar mənimsədiyini söyləyir. Azərbaycanlı yazıçılardan Seymur Baycanı və Əli Əkbəri bəyənir.

Bakıya gələn mühacir erməni fəallar jurnalistlərlə görüşür

Bakıya gələn mühacir erməni fəallar jurnalistlərlə görüşür
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

YAZIÇI, YOXSA SİYASƏTÇİ?

O, daha çox yazıçıdır, yoxsa siyasətçi? Bu suala özü bir köşə yazısında cavab verir: «Hər bir halda mən yazıçıyam, orda daha çox azadlıqlar var, hətta siyasətə qayıtmaq azadlığı da.

Yazıçı aldatmamalıdır, baxmayaraq ki, bütün yalanlar elə bu cür sözlərlə başlayır. Kim necə istəyir. Söz azadlığı fikrin azadlığı deməkdir».

Gürcü mediasına müsahibəsində deyir: «Yazıçı kimi rahatam. 4 dildə yaza bilirəm. Bu gillə işləməyə bənzəyir, bu, mənim xoşuma gəlir, sən də dillə yeni strukturlar qurur, yeni fikirlər, yeni formalar tapırsan». Amma Avetian təəssüflənir ki, yazıçı kimi ideyaları çox olsa da, yazmağa vaxtı yoxdur. Bunu da ölkəsinin azad olmaması, bu yolda mübarizəyə daha çox vaxt ayırmaq gərəkliliyi ilə izah edir. Vahe Avetian publisistdir, Ermənistanın, Qafqazın və İsveçin bir çox KİV-lərinə yazır. İki veb-jurnalın – «Müstəqillik Ordusu» və «Malvaqen»in müəllifidir.

PUBLİSİST VAHE-NİN QEYDLƏRİ VƏ YA TABUTDÜZƏLDƏN NECƏ HÜQUQ MÜDAFİƏÇİSİ OLDU

Publisist kimi bəzən sərt, bəzən kobud ifadə edir fikirlərini, bəzən də sarkazma üstünlük verir.

«Zəlzələdən sonra, soyuq və qaranlıq illərdə Ermənistanda tabut biznesi ən əlverişli bizneslərdən biri idi, tabutu kasıblara icarəyə verirdilər. Onlar da mərhumu sellofana büküb dəfn edir, tabutu sahibinə qaytarırdılar. Ölməli olanlar ölüb qurtarandan sonra tabut düzəldənlər dirilər üçün mebel düzəldənə çevrildilər, bu dəfə mebel adlanan qəbirdə dirilər canlı ölülərə çevriləndə, sahibkarlar sədəqə və düşmənlərin qrantı qarşılığında jurnalist, hüquq müdafiəçisi, fəal, xadim oldular. Nur içində yatın...», – publisist Avetian yazır.

Avetian «Yenidən aprel gəlir» başlıqlı məqalədə yazır: «Mən bilmirəm erməni soyqırımı haqda isteriya gələcəkdə ermənilərə nə verəcək, amma bu gün nə verdiyini bilirəm». O, haqqında illərdir danışılan «soyqırımı»nın erməni toplumunu hər yerdə «yazıq, sındırılmış, mənəvi, psixoloji baxımdan məzlum, gücsüz» göstərdiyini, «bu səbəbdən özünü idarə edə bilməyən» təəssüratı yaratdığını bildirir. Yazıçı 100 il öncə baş verənlərə ağlamaqdansa, bu gün ölkədəki proseslərə baxmağı faydalı sayır, «həyəcanverici həddə çatan emiqrasiya, ümumi demoralizasiya» haqda düşünməyi təklif edir.

Azərbaycanın Xocalı şəhərində baş verənlərə görə isə azərbaycanlılardan üzr istəyib. Onun qənaətincə, Ermənistanda qanuni hakimiyyət qurulacağı halda bu cinayətin araşdırılması, onu törədənlərin məhkəmə qarşısında durması üçün əlindən gələn hər şey edəcək.

Avetian yazır: «Mən erməni, yazıçı, siyasətçi, millətimin əsgəri kimi bəyan edirəm: azərbaycanlılar bacı və qardaşlarımızdır».

O, Dağlıq Qarabağ münaqişəsi haqdasa bunu deyir: «Biz 20 ildən çoxdur razılığa gəlməyə çalışırıq. Liderlərimiz istəsələr, bir neçə saata razılıq əldə edə bilərlər. Mən bizim başçılarımızda bu istəyi görmürəm».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG