Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Rayona gələn nazirlə görüş üçün niyə nazirliyə müraciət olunmalıdır?!


Vətəndaş bölgəyə gələn nazirlə görüşə bilirmi?
Gözlə

No media source currently available

0:00 0:14:53 0:00

Vətəndaş bölgəyə gələn nazirlə görüşə bilirmi?

Son illər müntəzəm olaraq nazir və komitə sədrləri regionlarda vətəndaşları qəbul edir. Bəs, bu qəbullara düşmək nə qədər asandır?

Astara sakini Ülvi Quliyev deyir ki, sadə vətəndaş üçün nazirin qəbulunda olmaq, demək olar ki, mümkünsüzdür. O, mayın 17-də Astarada Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə görüşmək istəyib, amma buna nail ola bilməyib.

Ülvi Quliyev həmin görüşdən narazı qalan yeganə vətəndaş deyil. Qəbula düşə bilməyənlərin bir neçəsi müxbirimizə deyib ki, heç bir əsaslı səbəb göstərmədən onları görüşə buraxmayıblar:

“Mənim nazirə bircə sualım var idi. Öyrənmək istəyirdim ki, mənə bank kartı veriblər, amma iki ildir bir manat da pul köçürülməyib. Mən bunun səbəbini öyrənmək istəyirdim. Məni ordan təkidlə qovdular ki, içəri keçə bilməzsən. Teleqram da göndərmişdim, əsasım da var ki, nazirliyə çatıb”.

Ülvi Quliyev
Ülvi Quliyev

“Mən teleqram da yollamışdım, mənə zəng də elədilər, görüşün vaxtını dedilər. Amma indi məni qəbula buraxmırlar”.

Astarada vətəndaşları qəbula buraxan nazirliyin yetkililəri müxbirimizə deyiblər ki, bu şəxslər qəbula düşmək üçün tələb olunan qaydaları tam yerinə yetirməyiblər.

Özünü nazirliyin əməkdaşı kimi təqdim edən həmin şəxs bildirib ki, qaydalara görə məmurların regionlarda qəbul vaxtı və yeri əvvəlcədən açıqlanır. Qəbula düşmək istəyən vətəndaş adiyyatı nazirliyə teleqram göndərir. Nazirlikdən vətəndaşa zəng gəlir və görüşün saatı bildirilərək, adı siyahıya salınır. Digəl ki, bu hələ hamısı deyil. Vətəndaş nazirliyin yerli şöbəsinə getməli, orada ərizə-anket formasını doldurmalıdır. Bundan sonra 10 gün ərzində vətəndaşın ərizəsinə cavab gəlir ki, o görüşə buraxılır, ya yox.

Nazirlə birlikdə rayonlara onun bürokratiyası da gedir

Amma Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov deyir ki, vətəndaş email, teleqram və ya çağrı mərkəzi vasitəsilə qəbula yazıla bilər. Başqa hansısa ərizəni doldurmaq və 10 gün gözləməyə ehtiyac yoxdur:

"Qəbul proseduruna uyğun olaraq, vətəndaşlardan qəbula öncədən yazılmaq tələb olunur. Bu da ona görə lazımdır ki, vətədaşın şikayəti, müraciəti əvvəlcədən araşdırma tələb edirsə, nazirlə görüşə qədər bu araşdırmalar aparılsın. Görüş zamanı vətəndaşın müraciətini cavablamaq mümkün olsun".

Fazil Talıbov onu da deyib ki, bu qaydalara baxmayaraq, qəbula yazılmadan nazirlə görüşə gələnlərdən 41 nəfəri müxtəlif xidmət rəisləri qəbul edib, 188 nəfərin isə ərizə və şikayəti araşdırılması üçün icraata götürülüb. Nazir Sahil Babayev özü isə mayın 17-də 62 nəfəri qəbul edib. Yəni, hardasa 300 nəfər bu görüşdən necə deyərlər əli boş qayıtmayıb. Başqa sözlə, hələ görüşə keçə bilməyənləri nəzərə almasaq, belə çıxır ki, azı 300 nəfər nazirlə görüşməyə çalışıb.

Politoloq Leyla Əliyeva düşünür ki, bu hallar idarəetmə sistemindəki böhranı göstərir. Onun sözlərinə görə, məmur və vəzifəli şəxslər öz işlərinin öhdəsindən gələ bilmirlər. Buna görə də vətəndaşlar öz problemlərini yuxarıdakı məmura çatdırmaqla çözməyə çalışırlar:

“Hətta ən aşağı səviyyəli problemlərin həlli belə yuxarılardan asılıdır. Təsəvvür edin bir yolun təmiri üçün belə prezident və ya vise-prezidentlə görüşə çalışırlar. Amma belə sistem mövcud ola, davamlı ola bilməz”.

Leyla Əliyeva hesab edir ki, problemlərin həlli bir nəfərdən asılı olmamılıdır. Əsas məqsəd o olmalıdır ki, bütün sistem işləsin və vətəndaşın problemi qanunvericiliyə uyğun həllini tapsın.

Prezident vətəndaşları nazirlərə tapşırır

Prezident İlham Əliyev zaman-zaman öz çıxışlarında hər bir məmurun vətəndaşla münasibətindən danışır. O deyir ki, prezidentdən başlayaraq, lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, əsas vəzifə xalqa xidmət etməkdir.

Amma istər regionlarda, istərsə də paytaxt Bakıda qəbul günləri müxtəlif dövlət qurumlarının qarşısında qələbəlik olur.

Məsələn, mayın 2-də Meydan TV Heydər Əliyev Fondunda qəbul düşmək istəyən vətəndaşlardan video material yaymışdı. Həmin kadrlardan görünürdü ki, onlarla vətəndaş Mehriban Əliyevanın qəbuluna düşmək istəyir. Onların çoxu da müxtəlif regionlardan gələnlər idi. Əksəriyyəti də deyirdi ki, dərdlərini deməyə yer tapmırlar, çıxış yolunu bura gəlməkdə görür. Kimi sosial yardım tələb edirdi, kimi də xəstə övladının müalicəsini.

Bu cür qələbəlik tez-tez Prezident Administrasiyasının da qarşısında yaşanır.

Prezident İlham Əliyev özü də tez-tez məmurlara vətəndaşları qəbul etməyi, onları dinləməyi tapşırır.

Nazirliklər işlərinin öhdəsindən gəlmir

Amma hüquqşünas Ələsgər Məmmədli bu cür yanaşmanı doğru hesab etmir. O düşünür ki, bu problem sistemli şəkildə həllini tapmalıdır, nəinki ölkə başçısının tapşırığı ilə.

Onun sözlərinə görə ilk növbədə vətəndaşlar elektron hökumət vasitəsilə problemlərinin həllinə çalışmalıdılar. Bu alınmasa şəxsən müraciətlər edilə bilər:

“Qanunvericilikdə vətəndaşların müraciət etmək hüququ var. Bunlardan biri də şəxsən müraciətlərdir. Təəssüflər olsun ki, Azərbaycanda bəzən vətəndaşlar yazılı və ya virtual şəkildə öz müraicətini yekunlaşdıra bilmir, ona görə də şəxsən müraciət etmək məcburiyyətində qalır. Ümumiyyətlə isə götürdükə, bu problemin səbəbi dövlət qurumları, dövlətə aid ayrı-ayrı strukturların, təşkilat və müəssisələrin rəhbərləri öz işlərini normal icra etmir”.

Ələsgər Məmmədli deyir ki, məhz bunun nəticəsidir ki, hər kəs ölkənin birinci şəxsi, vise-prezidentlə görüşüb, dərdini ona deməyə can atır.

Başqa bir hüquqşünas Osman Kazımov isə xatırladır ki, hər bir vətəndaşın dövlət orqanları, müəssisə və idarələrinə yazılı və şifahi şəkildə müraciətlər etmək hüququ var. Onun sözlərinə görə, bu hüquqlar “vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” qanunla tənzimlənir. Yox, hər hansı bir məmur vətəndaşın müraciətinə baxmazsa, bu zaman vəzifəli şəxslərin hərəkətsizilindən şikayət vermək olar.

Onun fikrincə, vətəndaşlar problemlərinin hüquqi yolla həllinə can atmaları daha doğru yanaşma ola bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG