Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Astara sakini: 'Guya nazir gəldi, qəbul keçirtdi'


A.Əliyev
A.Əliyev

Bu gün, mayın 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Astara rayonunda vətəndaşları qəbul edib. Dünən mayın 16-da da Ədliyyə naziri Fikrət Məmmədov Lənkəran şəhərində, nazir müavinləri Toğrul Musayev Lerik rayonunda, Vilayət Zahirov isə Astara rayonunda vətəndaşlarla görüş keçirmişdi.

Astara rayonunun Sərək kənd sakini Ağahəsən Əliyevin deməsinə görə, Ədliyyə nazirinin qəbuluna girə bilməyib:

«Məni nazirin qəbuluna buraxmadılar»

«Saat 9-da Lənkəranda, Ağır Cinayətlər Məhkəməsinin binasının önündə idim. Qəbulu gözləyirdim. Çoxlu adam var idi. Qəbul üçün nazirə teleqram vurmuşdum. Siyahıda adım da var idi. Ancaq məni nazirin qəbuluna buraxmadılar. Halal torpağımı ala bilmirəm. Əlimdə sənədim ola-ola qalmışam kənarda. Məhkəmələr də öz bildiklərini edirlər. Orada iki nəfər şikayətçi etiraz səsini qaldırdı. Onları tutub apardılar. Kor-peşman geri qayıtdım. Bunlar hamısı formal xarakter daşıyır. Guya nazir gəldi qəbul keçirtdi».

Qəbula gələnlər
Qəbula gələnlər

Astarada gördüklərimiz...

Mayın 17-də Astara rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin qəbulu Heydər Əliyev Mərkəzində keçirilirdi. Mərkəzin giriş qapısının önündə çoxlu şikayətçi toplaşmışdı.Onlar nazirin qəbuluna yazılmaq istəyirdilər. Nazirliyin əməkdaşları teleqram ilə müraciət edənlərin adının siyahıya yazıldığını deyirdilər. Onlardan qəbul qaydasını soruşduq. Nazirliyin əməkdaşlarının deməsinə gərə, vətəndaş nazirliyə qəbulla bağlı teleqram vurubsa və telefonla vətəndaşa vaxt bildirilibsə, adı siyahıya düşür. «Sonradan qəbula gəlmək istəyənlər nazirliyin yerli şöbəsinə müraciət etməli, ərizə-anketi orada doldurmalıdır», - deyə qeyd etdilər. Onların sözlərinə görə, 10 gün ərzində vətəndaşın ərizəsinə cavab verilir.

Nazirin qəbuluna gələn rayon sakini Ülvi Quliyev də deyirdi ki, mayın 14-də nazirliyə teleqram vurub:

Ü.Quliyev
Ü.Quliyev

«Gəlirlər, gedirlər, problemlərimiz isə qalır»

«Üç gün bundan əvvəl teleqram vurmuşam. Xahiş etmişəm ki, nazir məni qəbul etsin. Telefonuma zəng gəlməyib. Burda mənim günahım nədir? Gəlirlər, gedirlər, problemlərimiz isə qalır. Mən özüm ikinci qrup əliləm, 160 manat alıram. Üç qızım var. Ailədə işləyən yoxdur. İş tapılmır. Ünvanlı dövlət sosial yardım üçün sənədləri göndərdim. Müraciətim qəbul olundu və mənə kart verdilər. Lakin bu karta iki ildir ki, heç bir vəsait oturmur. Dəfələrlə nazirliyə və yerli şöbəyə müraciət etmişəm. Nəticəsi yoxdur. İndi mənə deyirlər ki, yerli şöbəyə get, ərizə doldur. Orada dəfələrlə olmuşam. Yenidən ora getməyin nə mənası var?».

Saatlar keçir, adamların sayı durmadan artırdı. Polislər qəbula gələnləri giriş qapısından uzaqlaşdırmağa çalışırdılar. Əlağacı ilə hərəkət edən yaşlı bir sakin növbədən çıxdı. O, narazılığını gizlətmirdi. Onun deməsinə görə, rayonun dağ kəndi olan Pəlikəşdən gəlib:

F.Əhədov
F.Əhədov

«Fərhad Əhədov.1981-ci ildə belim zədələnib. Mən həm də şəhid ailəsiyəm. Qəbul üçün nazirliyə teleqram da vurmuşam. Özü də bir dəfə yox, bir neçə dəfə. Mənimlə nazirlik əlaqə saxlayıb. Dedilər ki, şikayətini araşdırarıq. Məni qəbula buraxmadılar».

Qəbuldan razı qalanlar da olub

Amma qəbula gələnlərin heç də hamısı evinə narazı qayıtmayıb. Qəbuldan razı qalanlar, istəkləri gerçəkləşənlər də olub.

Astara rayon sakinlərindən biri danışırdı ki, aprelin 16-da Lənkərana gedib Ədliyyə naziri Fikrət Məmmədovun qəbuluna düşüb. Qızının iş məsələsindən ötrü nazirlə görüşə getdiyini söyləyən atanın sözlərinə görə, məsələ öz həllini tapıb...

«Əslində bu problemləri yaradan özləridir»

İctimai fəal Elçin İbrahimli də deyir ki, yüksəkvəzifəli şəxslərin rayonlarda qəbul keçirmələri müsbət haldır. Amma onun fikrincə, bu yolla insanların problemlərini həll etmək mümkün deyil:

Nazirin qəbulunda
Nazirin qəbulunda

«Neçə illərdir ki, nazirlər rayonlarda vətəndaşların qəbulunu keçirdirlər. Məntiqlə şikayətçilərin sayı azalmalıdır. Amma əksinə, müşahidələr göstərir ki, şikayətçilərin sayı artır. Çünki bir-iki nəfərin məsələsinə baxırlar, qalan şikayətçilərin problemləri olduğu kimi qalır. Onların yarıdan çoxu şikayətə təkrar gələnlədir. Bu insanlar nə istəyirlər? İş, mənzil, məhkəmədə ədalət, məmur özbaşınalığının aradan qaldırılmasını və sair. Bu problemlər köklü sürətdə həll olunsa, şikayətlər də azalar. Həll olunmasa, şikayətçilərin sayı artacaq. Əslində bu problemləri yaradan özləridir».

Prezident: «Bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir»

Hələlik, bütün bu narazılıqlarla bağlı Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərindən və rayon polis idarələrindən münasibət almaq mümkün olmayıb. Amma bundan əvvəl də nazirlərin qəbulu ilə bağlı belə şikayətlər eşidilib. Nazirlik rəsmiləri isə tənqidlərə cavab olaraq bildirib ki, kimin narazılığı varsa, onlara təkrar müraciət edə bilərlər.

Dövlət başçısı İlham Əliyev isə bu il 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafa dair Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda vətəndaşlara münasibətdə bunları demişdi: «Bütün dövlət məmurları - Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG