Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Vəkillər niyə məcburi qaydada bürolara keçirilirlər?


İyulun 17-də Vəkillər Kollegiyasının vəkil Aqil Layıcın fərdi fəaliyyətinə son verdiyi, onu 20 saylı Vəkil Bürosuna göndərdiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna danışan vəkil qeyd edib ki, ona seçim hüququ verilməyib və baş verənlər Vəkillər Haqqında Qanuna ziddir.

Eyni halın vəkil Elçin Sadıqovla da bağlı baş verdiyi və onun da Mərkəzi Hüquq Bürosuna göndərildiyi deyilir.

Aqil Layıc qeyd edib ki, hər il onlarla insana pulsuz hüquqi yardım edib və bu yardım uğurla nəticələnib:

“Belə olan tərzdə fərdi vəkil statusumun alınması ən çox da hüquqi yardıma çatımlılığı və effektivliyi azaldacaq”.

Aqil Layıc
Aqil Layıc

Vәkil Elçin Sadıqov da AzadlıqRadiosuna söyləyib ki, keçirilmә onun razılığı olmadan olub və bu, bu il sentyabrın 1-dәn gerçəkləşəcək.

Vəkilin vurğulamasına görə, bundan sonra qeyri-iş günlərində müqavilə bağlaya vә əhaliyə pulsuz hüquqi yardım göstərə bilməyəcək.

“Vәtәndaşlar ən azı vəkil bürosunun müəyyən etdiyi minimal məbləğləri ödəməlidirlər. Bu o demәkdir ki, müdafiə etdiyim aztəminatlı şəxslər müdafiəsiz qalacaqlar”, o vurğulayıb.

Elçin Sadıqovun sözlərinə görə, bunu onunla əsaslandırmağa çalışıblar ki, fərdi vəkilliyi ləğv etmək istəyirlər.

“... Onların fəaliyyətini nəzarətə almaq məqsədini güdürlər”

Məsələyə münasibətlər isə ümümilikdə fərqlidir.

Keçmiş vəkil Yalçın İmanov AzadlıqRadiosuna məsələni şərh edərkən bildirib ki, bu hal “Vəkil və Vəkillik Fəaliyyəti Haqqında” Qanunun 5-ci maddəsinə ziddir.

Onun sözlərinə görə, vəkillik fəaliyyətinin təşkilati-hüquqi forması vəkillər tərəfindən könüllü olaraq seçilir:

“Ona görə də Vəkillər Kollegiyasının qərarı qanuna ziddir. Kollegiya belə addım atırsa, qanunvericilik dəyişməlidir. Bu isə baş verməyib və baş verənlər müstəqil fəaliyyət formasına müdaxilə deməkdir. Hesab edirəm ki, bu qanunsuzdur”.

Yalçın İmanov
Yalçın İmanov

Yalçın İmanov vurğulayıb ki, burada məqsəd müstəqil vəkillərin fəaliyyətini çətinləşdirmə ola bilər:

“Hər iki vəkil insan hüquqları ilə məşğul olan və həssas işlərdə çıxış edən şəxslərdir. Çox güman ki, onların fəaliyyətini nəzarətə almaq məqsədini güdürlər. Fərdi qaydada fəaliyyət göstərən vəkillər üçün order almaq, vaxtında özünü müştərinin yanına çatdırmaq problem olmur. Amma vəkil büronun əməkdaşı olanda order götürmək və digər prosedurları həyata keçirmək uzun zaman tələb edir, müdafiənin keyfiyyəti itir”.

“Qanunvericiliyin tələblərini pozan vəkillər...”

Vəkillər Kollegiyasının üzvü Anar Qasımlı isə qeyd edir ki, söhbət heç də vəkillərin fərdi fəaliyyətinə xitam verilməsindən getmir:

“Fərdi qaydada fəaliyyət göstərən və qanunvericiliyin tələblərini pozan vəkillər Rəyasət Heyətinin qərarına əsasən, hazırda fəaliyyət göstərdikləri ərazilər üzrə müvafiq bürolara keçirilirlər. 2019-cu ilin fevral ayınadək mən özüm də fərdi qaydada fəaliyyət göstərən vəkil olmuşam. Buna görə məlumatlıyam ki, Vəkillər Kollegiyası tərəfindən fərdi qaydada fəaliyyət göstərən vəkillərin qanunvericiliyin tələblərinə riayət edib-etməmələri müvafiq Komissiya tərəfindən araşdırılırdı”.

Anar Qasımlı
Anar Qasımlı

Anar Qasımlının sözlərinə görə, onun da fəaliyyəti araşdırılıb:

“Araşdırma zamanı vəkilin fərdi qaydada fəaliyyət göstərməli olduğu ünvanda fəaliyyət göstərib-göstərməməsi, vergini, sosial ödənişləri, habelə vəkil məsuliyyətinin sığortası haqqını ödəyib-ödəməməsi, statistik hesabatları düzgün və vaxtlı-vaxtında təqdim edib-etməmələri yoxlanılırdı.Təəssüf ki, bəzi həmkarlarımızın yoxlanması zamanı onların fərdi vəkil kimi fəaliyyət göstərmək üçün Kollegiyaya təqdim etdikləri ünvanda fəaliyyət göstərmədikləri, qeyd olunan ödənişləri vaxtlı-vaxtında ödəməməsi və yaxud heç ödəməməsi kimi neqativ hallar aşkar olunmuşdur. Ona görə də Rəyasət Heyəti bu cür qərar qəbul etmək məcburiyyətində qalıb”.

Anar Qasımlının sözlərinə görə, hər hansı bir vəkilin fərdi qaydada, yaxud bu və ya digər vəkil bürosunda fəaliyyət göstərməsi Rəyasət Heyətinin qərarı əsasında mümkün olur:

“Fərdi qaydada fəaliyyət göstərən vəkilə hansı hüquqi ünvanda fəaliyyət göstərməyə icazə verilibsə, o, məhz həmin ünvanda fəaliyyət göstərməlidir. Əgər o, ofisini dəyişirsə, bu barədə öncədən Rəyasət heyətinə yazılı ərizə ilə müraciət etməli və yalnız Rəyasət Heyətinin qərarəndan sonra başqa ofisə köçməlidir.”

Anar Qasımlının vurğulamasına görə, vəkilin ofisi vəkil sirrinin qorunması üçün mühüm əhəmiyyət kəsb edir:

“Hesab edirəm ki, Rəyasət Heyətinin qəbul etdiyi qərar kifayət qədər humanist qərardır. Məsələn, Rəyasət Heyəti Şəkidə fərdi qaydada fəaliyyət göstərməli olan, lakin Şəkidə ofisi olmayıb, özünə Bakıda qeyri-qanuni ofis açıb Bakıda fəaliyyət göstərən vəkili Şəki şəhər Vəkil Bürosuna təhkim edə bilərdi...”

Anar Qasımlı qeyd edib ki, həmin vəkillər yenidən Rəyasət Heyətinə müraciət edərək başqa büroya keçirilmələri və yaxud Bakı şəhərində fərdi qaydada fəaliyyət göstərmələrinə icazə verilməsi barədə qərar verilməsini xahiş edə bilərlər.

Onun deməsinə görə, bəzi şəxslər "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunu yanlış təfsir edirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG