Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:42

Donald Tusk İlham Əliyevlə insan haqlarından danışıb


İlham Əliyev Avropa rəsmiləriylə görüşüb, nələri danışıb?
Gözlə

No media source currently available

0:00 0:14:40 0:00

İlham Əliyev Avropa rəsmiləriylə görüşüb, nələri danışıb?

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Bakıda səfərdədir. Onun birgünlük səfəri çərçivəsində prezident İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşü olub. Ardınca Əliyev və Tusk mətbuata birgə bəyanatla çıxış ediblər.

Onlar bildiriblər ki, bu görüşdə Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi, tərəfdaşlıq haqqında gələcək saziş və Qarabağ münaqişəsi məsələsini müzakirə ediblər.

Görüşdə həm də Avropanın enerji təhlükəsizliyinə yönələn energetika və nəqliyyat layihələri də müzakirə olunub.

Donald Tusk öz çıxışında bildirib ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlıqda maraqlıdır:

"İlham Əliyevlə bugünkü görüşümüzdə Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı gələcəkdə daha da dərinləşdirməyə hazır olduğunu təsdiq etdim. Həmçinin vurğulayım ki, biz qanunun alililiyi, insan haqları və fundamental insan haqları ilə bağlı məsələlərə də toxunduq. Avropa İttifaqı əmindir ki, həqiqi açıq cəmiyyət uzunmüddətli sabitliyin bütün vətəndaşların yaxşı yaşayışının ən yaxşı təminatıdır".

İlham Əliyev isə bildirib ki, həm təkbətək, həm də geniş tərkibli görüşdə regionda təhlükəsizlik, Dağlıq Qarabağ münaqişəsi, Avropa Birliyi ilə əməkdaşlıq məsələlərindən danışıb:

"Biz Avropa Komissiyası və Azərbaycan arasında hazırda üzərində iş gedən sazişi müzakirə etdik. Biz bu sənədlə bağlı fikirlərimizi ifadə etdik. Məsələlərin çox böyük hissəsi artıq həll olub, qalan suallar üzərində müzakirələri aparırıq".

Donald Tuskun Bakı Beynəlxalq Ticarət Dəniz Limanına və Qobustan qoruğuna da səfəri nəzərdə tutulub.

Azər Qasımlı
Azər Qasımlı

Avropa İttifaqının xəbəri var...

Donald Tusk bir neçə ictimaiyyət fəalı ilə də görüşüb. Görüşdə iştirak edən Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyib ki, medianın durumu, məhkəmələrin azadlığı, vətəndaş cəmiyyəti, insan haqlarının durumu, eləcə də vəkillərə qarşı təzyiqlər məsələsi qaldırılıb.

Görüşdə qaldırılan problemləri dinləyən Donald Tusk deyib ki, Avropa İttifaqının bundan xəbəri var və bu problemlərin həllinə çalışır.

Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunja Mijatoviç də Bakıda səfərdədir. O, iyulun 9-da hüquq müdafiəçiləri, vəkillər və vəkillik fəaliyyətindən kənarlaşdırılan hüquqşünaslarla görüşüb.

Ona vəkillərə qarşı son zamanlar yaradılan problemlər haqda məlumatlar verilib, Dunja Mijatoviç isə bu məsələləri hökumət qurumları qarşısında qaldıracağını vəd edib.

Bundan əlavə, o deyib ki, bir neçə ay ərzində bu problemləri əhatə edəcək hesabat da hazırlayacaq. Vəkil İradə Cavadova Turana deyib ki, görüşdə vəkillərin bank hesablarının bağlanması, vəkillərə qarşı lüzumsuz tənbeh, töhmətlər verilməsi halları da qaldırılıb.

Dunja Mijatovic
Dunja Mijatovic

Dunja Mijatoviç həm də əvvəllər beynəlxalq və yerli təşkilatların siyasi məhbus kimi tanıdıqları bəzi şəxslərlə də görüşüb.

Görüşlərdə ifadə və media azadlığı, insan haqları və siyasi məhbuslar problemləri, eləcə də Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icra olunmaması məsələləri müzakirə edilib.

Əsas məsələ Azərbaycanın öhdəlikləri olmalıydı

Müxalif “Real” Respublikaçı Alternativ Partiyasının məclis başqanı Azər Qasımlı hesab edir ki, Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqda sənədin imzalanması, Şərq-Tərəfdaşlığı proqramında Azərbaycanın fəaliyyətinin müzakirəsi önəmli məsələlərdən biridir:

“Təbii ki, Azərbaycanda vətəndaş cəmiyyəti, demokratiya, insan haqlarının durumu məsələləri də müzakirə olunmalı idi. Çünki Avropa Birliyi də anlamlıdır ki, bunlar olmasa, Azərbaycan avtoritar ölkələrə, ilk növbədə də Rusiyaya yaxın olacaq”.

Bu baxımdan Azər Qasımlı hesab edir ki, bu cür görüşlərin əsas mövzusu Azərbaycanın Avropa Şurası və digər beynəlxalq təşkilatlar qarşısında götürdükləri öhdəliklərlə bağlı olmalı idi.

Donald Tuskla İlham Əliyevin görüşündə Dağlıq Qarabağ məsələsi də müzakirə olunub.

İlham Əliyev deyib ki, Qarabağ münaqişəsinin həll edilməməsi Cənubi Qafqaz regionunun inkişafına ciddi təsir göstərir və beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla, onu həll etmək üçün səylərini artırmalıdır.

Donald Tusk isə bildirib ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. O, münaqişənin beynəlxalq prinsiplərə əsasən sülh yolu ilə həllinə çağırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG