Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:08

Vəkil yol polisindən 300 min təzminat tələb edir


Vəkil B.Bayramov tibbi məntəqədə
Vəkil B.Bayramov tibbi məntəqədə

Vəkil Bəhruz Bayramov Bakı şəhər Dövlət Yol Polis İdarəsini məhkəməyə verib. Səbəb vəkilin sərxoş halda avtomobil idarə etdiyinə görə saxlanması haqda məlumatların, sərxoşluq müayinəsindən keçirilməsi barədə görüntülərin saytlarda, telekanallarda yayılmasıdır.

Həmin məlumat və görüntülərlə ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna zərbə vurulduğunu deyən vəkil buna görə idarədən üzr, xəbərin tirajlandığı telekanallarda təkzib verilməsini, 300 min manat da təzminat tələb edir.

Vəkil bildirir ki, tərtib olunmuş protokol əsasında onun cəzalandırılması üçün Bakı şəhər Dövlət Yol Polis İdarəsi üç dəfə məhkəməyə müraciət etsə də, üçündə də ərizə geri qaytarılıb. Səbəb kimi şikayətin düzgün tərtib olunmaması, sübut çatışmazlığı göstərilib: «Axırıncı dəfə apreldə qaytarıldı, bundan sonra şikayət verilmədi. Bir müddət sonra Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsindən mənə xitam qərarını təqdim etdilər».

«Məni zorakılıqla yol polisinin avtomobilinə əyləşdirdilər»

B.Bayramov məhkəməyə iddiasında da göstərib ki, ötən il oktyabrın 20-də restoranda ailə üzvlərindən birinin ad gününü qeyd ediblər. Az miqdarda spirtli içki qəbul etdiyinə görə restorandan çıxanda «Ayıq sürücü» xidmətindən sürücü çağırıb. Sürücü gəlib onun avtomobilini idarə edib, onu və yaxınlarını evə aparıb: «Sürücü bizi ünvana çatdırıb gedəndə maşın məhləarası küçədə dayanmışdı. Evimə 70 metr qalmışdı. Avtomobilə yaxınlaşanda yol polisinin avtomobili dayandı. Bir nəfər özünü təqdim etmədən bütün sənədlərimi əlimdən zorakılıqla aldı. Ona bildirdim ki, ayıq sürücü ilə gəlmişəm və avtomobili də idarə etməmişəm. Məni zorakılıqla yol polisinin avtomobilinə əyləşdirdilər. Yolda zəng vurub çəkiliş kameralarının gəlməsini istədilər. Mənə də dedilər ki, çəkib telekanallarda, mətbuat orqanlarında biabır edəcəklər».

Vəkilin sözlərinə görə, onu sərxoşluq müayinəsindən keçmək üçün tibbi məntəqəyə gətirib, orada onu videoya çəkiblər. Daha sonra həmin görüntülər müxtəlif telekanal və saytlarda «Tanınmış vəkil sərxoş tutuldu» başlığı ilə yayımlanıb. «Videogörüntüləri hissə-hissə montaj edib, çəkilişləri yaymaqda məqsəd məni biabır etmək, işgüzar nüfuzuma zərbə vurmaq olub», - vəkil belə hesab edir.

«Yol polisinin fəaliyyətinə kölgə salır»

Bir müddət öncə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov avtosfer.az-a bildirib ki, vəkil B.Bayramov yol polisinin fəaliyyətinə kölgə salmaq məqsədilə müxtəlif üsullara əl atır.

Vəkil isə tibbi müayinədən də qanunsuz keçirildiyini vurğulayır və əlində «Ulduz 3000» xidmətindən rəsmi arayış var. Şirkət təsdiqləyib ki, həmin gün B.Bayramov onların «Ayıq sürücü» xidmətindən istifadə edib.

B.Bayramov bir sıra ictimai-siyasi fəalların (ilahiyyatçı Taleh Bağırov, Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmov, keçmiş müstəntiq Rüfət Səfərov və s.) hüquqlarını müdafiə edir.

Hadisə zamanı yerli mediada yayılmış məlumatlarda deyilirdi ki, Binəqədi rayonu ərazisində «Toyota» markalı avtomobilin sürücüsü B.Bayramov qayda pozuntusuna yol verdiyi üçün polislər tərəfindən ona «saxla» işarəsi verilib. Sürücünün müayinə zamanı sərxoş vəziyyətdə avtomobil idarə etdiyi məlum olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG