Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:26

4 il əvvəl ölən şəxsin adına cərimə gəlib


Radar

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) vəfat etmiş şəxsə inzibati cərimə yazılmasına münasibət bildirib.

İdarədən «Report»a bildirilib ki, «Nissan Patrol» markalı, 90-FH-041 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsünün 2018-ci il oktyabrın 19-da və bu il yanvarın 4-də törətdiyi inzibati xətalar xüsusi texniki vasitənin köməyi ilə aşkar edilib.

BDYPİ bildirir ki, həmin qayda pozuntuları üzrə icraat aparılarkən qeyd olunan inzibati xətaların dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyi aşkar edilib: «Qanunvericiliyin tələbinə əsasən, həmin dövlət qurumuna müvafiq sorğu göndərilib. Lakin sorğu ilə bağlı BDYPİ-yə təqdim olunan məlumatda sözügedən nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxsin sürücülük vəsiqəsinin seriyasında «F» hərfi «C» kimi göstərildiyi üçün inzibati tənbeh vermə haqqında elektron qərarlar yanlış olaraq başqa şəxsin adına tərtib edilib. Hazırda qeyd olunan uyğunsuzluq BDYPİ-nin Mərkəzi İnformasiya Sistemində aradan qaldırılıb».

+++

Azərbaycanda 4 il əvvəl vəfat etmiş şəxsin adına elektron protokol tərtib edilərək evinə göndərildiyi bildirilir.

«Report»un xəbərinə görə, elektron qərarda göstərilir ki, Elxan Balağa oğlu Mirzəquluzadə bu il yanvarın 4-də Salyan yolunun 29-cu kilometrliyində Xıdırlı kəndi ərazisində «Nissan Patrol» markalı avtomobillə radara düşərək 50 manat cərimələnib. Qərarda iddia olunur ki, E.Mirzəquluzadə İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci (Nəqliyyat vasitəsini «Yol hərəkəti haqqında» Qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə) maddəsini pozub.

Mərhumun həyat yoldaşı Zakirə Zakirqızı bildirib ki, cərimə ilə bağlı yaşadıqları evə məktub gəlib: «Həyat yoldaşım 4 il bundan əvvəl dünyasını dəyişib. Ümumiyyətlə, bizim «Nissan Patrol» markalı avtomobilimiz də olmayıb. Hazırda yol polisini məhkəməyə verməyi düşünürəm».

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsində Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Əliyev isə bildirib ki, məsələ ilə əlaqədar araşdırma aparılır və nəticəyə uyğun olaraq hüquqi qiymət veriləcək.

Xatırlatma

2018-ci ildə yol hərəkəti qaydaları əleyhinə inzibati xətaların sayı 2017-ci ilə nisbətən 1.3 faiz artaraq 3409.7 minə çatıb. Qaydaların pozulmasına görə 85.6 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Son illər Azərbaycanda yol hərəkəti qaydaları əleyhinə inzibati xətalarla bağlı cərimələr də artırılıb.

Multimedia

XS
SM
MD
LG