Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:05

Vəkil Tofiq Yaqublu ilə görüşüb


Tofiq Yaqublu
Tofiq Yaqublu

Martın 27-də vəkil Elchin Sadiqov həbsdə olan Müsavat Partiyası və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu ilə görüşüb.

Bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi məlumat verib.

Nigar Həzinin sözlərinə görə, Tofiq Yaqublu artıq zəruri gigiyenik vasitələrlə təmin olunub:

"Saxlanma şəraitindən şikayətçi deyil. Dostlara salam göndərib. Yaxın günlərdə Tofiq Yaqublunun həbsi ilə bağlı apellyasiya məhkəməsi keçiriləcək".

Martın 27-də Tofiq Yaqublu saxlandığı təcridxanadan qızı Nigar Həziyə qanunvericiliyə uygun zəng vurmuşdu.

Qızının deməsinə görə, Tofiq Yaqublu o vaxt zəruri gigiyenik vasitələrlə təmin olunmadığını açıqlamışdı.

Xatırlatma

Tofiq Yaqublu bu il martın 22-də saxlanıb. Ertəsi gün isə Nizami Rayon Məhkəməsinin qərarıyla onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Tofiq Yaqublu cinayət məcəlləsinin (CM) 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə suçlanır. Bu maddədə 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Tofiq Yaqublu ittihamı rədd edir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmazdan öncə - martın 22-də saat 16 radələrində Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı:

“Dostlar, ciddi təxribatla üzləşmişəm. 8-ci kilometr bazarında park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır”.

Tofiq Yaqublu ilə münaqişə yaşadığı bildirilən şəxs isə onun hücumuna məruz qaldığını iddia edib.

XS
SM
MD
LG