Keçid linkləri

Təcili xəbərlər
2019, 21 Avqust, çərşənbə, Bakı vaxtı 03:23

Vəkil O.Kazımov: 'Bakı Baş Polis İdarəsi məhkəməni saymır...'


A.Həsənov

Dörd il Litvada mühacir həyatı yaşayıb, ötən ilin oktyabrında Bakıya gəldiyi gün həbs olunan Müsavat Partiyasının fəalı Azad Həsənovun işinə baxan məhkəmə dəfələrlə Bakı Şəhər Baş Polis İdarəsinə sorğu göndərib. Ancaq idarə məhkəmənin sorğularına cavab vermir.

Bunu iyulun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində A.Həsənovun vəkili Osman Kazımov deyib.

«Bu, Bakı Şəhər Baş Polis İdarəsinin məhkəməyə münasibətinin göstəricisidir. Göstərirlər ki, məhkəməni saymırıq...», – vəkil bildirib.

A.Həsənovun işini araşdıranda məhkəmədə bir sıra ziddiyyətlər ortaya çıxıb. Məsələn, müsavatçı fəalı həbs edən polislər məhkəmədə deyib ki, ona qarşı heç bir qanunsuzluq olmayıb, bütün hüquqları təmin edilib, qohumlarına da saxlanması barədə məlumat verilib.

«Adamlara xəbər verilmişdisə, niyə axtarırdılar?»

A.Həsənov isə deyir ki, yalandır, onun heç bir hüququ təmin olunmayıb, narkotiki də cibinə polislər atıb.

İyulun 8-də məhkəmədə vəkilin təqdim etdiyi səs yazılarına qulaq asıblar. Həmin yazılardan aydınlaşır ki, A.Həsənovun qardaşı ondan xəbər tuta bilmir, bu məqsədlə Daxili İşlər Nazirliyinin «102» xidməti ilə bir neçə dəfə əlaqə saxlayır. Onların arasındakı danışıqlar da səs yazısında əksini tapıb.

«Bunu protokolun arxasına da qeyd ediblər ki, guya ailəsinə məlumat veriblər. Bu səs yazılarından da aydın olur ki, Azadın ailə üzvləri dəfələrlə «102»yə zəng ediblər. Oradan da məlumat verilməyib. Hətta Azad Həsənov barəsində məhkəmə qərarı ilə həbs qərarı çıxarıldığı halda da ailəsinə xəbər verilməyib. Əgər adamlara xəbər verilmişdisə, onlar niyə «102»yə zəng edib axtarırdılar?», – vəkil belə deyib.

Azad deyir ki, onu xəstə atasına baş çəkməyə gəldiyi gün Hövsan qəsəbəsində evlərinin yaxınlığında tutub Bakı Şəhər Baş Polis İdarəsinə gətiriblər. Tutan kimi də əllərinə qandal vurublar, hətta ayaqyoluna da o vəziyyətdə aparıblar.

Hal şahidi qismində məhkəmədə dindirilən şəxslər deyib ki, onlar idarədə Azadın cibindən narkotik çıxdığını görüblər. Müsavatçı fəal isə bildirir ki, bu adamlar heç orada olmayıb. Vəkil də bu məsələlərin aydınlaşdırılmasından ötrü Bakı Şəhər Baş Polis İdarəsinə sorğu göndərilməsi barədə vəsatət qaldırmış, məhkəmə də təmin etmişdi.

Hakim İradə Həsənzadə deyib ki, əvvəlki ikisinə cavab verilmədiyinə görə üçüncü dəfə də polis idarəsinə sorğu göndərəcəklər. Bu üzdən məhkəmə iyulun 15-nə saxlanılıb.

Xatırlatma

Azad Həsənov 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə 2018-ci ilin oktyabrında onun Bakıya gəldiyi açıqlanıb. Müdafiə tərəfinin bildirdiyinə görə, o, oktyabrın 11-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.

A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürəndə A.Həsənov onun seçki qərargahının üzvü olub. Müsavat Partiyası bəyanat verərək onun həbsinin qurama işə söykəndiyini, siyasi motivli olduğunu bəyan edib. Ancaq Azərbaycan rəsmiləri ölkədə insanların siyasi baxışlarına görə həbs olunmasına dair iddiaları qəbul etmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG