«Mehman Hüseynov hər hansı aclıq aksiyası keçirmir».
Bunu Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib.
«Mənim bildiyimə görə, Mehman su da qəbul edir, qida da. O adam aclıq eləmir. Əgər səhhətində problem varsa, təbii ki, bizim həkimlər dərhal müdaxilə edəcəklər», - deyə Penitensiar Xidmətin sözçüsü vurğulayıb.
Vəkil: 'Mehman deyir, aclığı davam etdirməyə iddialıdır'
Bu gün, yanvarın 4-də vəkil Şəhla Hümbətova həbsdən çıxmasına bir neçə ay qalmış yeni ittihamla üzləşən bloqqer Mehman Hüseynovla Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasında görüşüb.
Görüşdən yenicə çıxan vəkil AzadlıqRadiosuna bunları deyib: «Mehman Hüseynovun səhhəti olduqca zəifləyib. Dekabrın 26-dan 30-na kimi su belə qəbul etmədiyini söylədi. Deməsinə görə, 30-da səhhəti o qədər pisləşib ki, istintaq təcridxanasına cərrah çağırmalı olublar. Cərrah müayinədən sonra deyib ki, təcili əməliyyat olunmalıdır. Ayaqlarında damarlar artıq partlayıb, ayaqları tutulub (bundan əvvəl də yaxınları bildirirdilər ki, M.Hüseynov sağ ayağında damar genişlənməsindən əziyyət çəkir-r). Mehman Hüseynov dedi ki, dekabrın 30-dan ancaq su qəbul etməyə başlayıb, amma aclığı hələ də davam etdirir. Deyir ki, aclığı davam etdirməyə iddialıdır. Vurğuladı ki, indiki məqamda əlində haqsızlığa qarşı yeganə mübarizə vasitəsi budur...».
Rəsmi məlumata görə, M.Hüseynov bir həftə öncə, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır. Bu ittihamla üzləşən şəxsi 3 ildən 7 ilə kimi həbs gözləyə bilər.
Vəkillərinin bildirməsinə görə, M.Hüseynovun özü ittihamı qurama sayır. O, buna etiraz olaraq dekabrın 26-dan aclıq aksiyasına başladığını açıqlayıb. Ancaq Penitensiar Xidmətdən yanvarın 1-də bildirmişdilər ki, M.Hüseynov yemək qəbul edir.
Vəkilin son açıqlamasına Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda təqsirli bilinib. Bloqqer həbsindən öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.
M.Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksəkvəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Amma hakimiyyət rəsmiləri bildirirlər ki, Azərbaycanda jurnalist və bloqqerlər peşə fəaliyyətləri ilə bağlı həbs edilmirlər.