Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Vəkil həbsxanalara buraxılmadığını deyir


Ş.Hümbətova
Ş.Hümbətova

«2019-cu ilin yanvar ayından etibarən vəkil olaraq cəzaçəkmə müəssisələrinə buraxılmıram».

Bunu vəkil Şəhla Hümbətova bildirib. Vəkil, sözlərini heç də bütün həbsxanalara aid etmir, konkret olaraq 12 və 15 saylı cəzaçəkmə müəssisələrinin adını çəkir.

«Bu müəssisələrdə mənə deyirlər ki, get, filan sənədlə gəl. Baxmayaraq ki, tələb qanunvericiliyə uyğun deyil, əməl edirəm. Sonra da başqa bir məktubla gəl, deyirlər. Həmin məktubu da gətirirəm, Yenə deyirlər, get, filan sənədi gətir», - vəkil bildirir.

Ş.Hümbətovanın deməsinə görə, bu ilin fevral və mart aylarında konkret olaraq 15 Saylı Cəzaçəkmə Müəssisəsinə iki dəfə buraxılmayıb: «Səbəb bu oldu ki, 2019 il üçün yeni icazə məktubu gətirməliyəm. Ombudsman Aparatına zəng vurub şikayət etdim və Aparatın işçisi Penitensiar Xidmətə bunun qanunsuz tələb olduğunu başa saldı. Razılaşdılar ki, düzdür, məktub tələb olunmur, amma order köhnədir, Vəkillər Kollegiyası yeni order forması tətbiq edir, o formada order versin. Mən və Ombudsman Aparatının işçisi başa salmağa çalışmışıq ki, bu, yeni müqavilələrə aiddir, 2 il əvvəl bağlanan müqaviləyə yeni order verilə bilməz».

«Görünür, yanvardan qara siyahıya düşdüm»

Vəkilin vurğulamasına görə, sonra da cəzaçəkmə müəssisəsindən tələb ediblər ki, Vəkillər Kollegiyasından yeni orderin köhnə müqavilələrə aid olmaması barədə məktub gətirsin: «Mayın 13-də yenidən 15 Saylı Müəssisəyə getdim və bu dəfə də yeni görüş məktubu tələb etdilər. «Görüş məktubu» deyilən icazə tələbi qanunsuz olsa da, işimiz çətinə düşməsin deyə, bu məktubun verilməsini xahiş edirik. Adətən problemsiz verilir - bir həftə-on gün ərzində - və biz gedib məhkumla görüşürük. Bu ilin yanvarına qədər məndə də problem olmayıb, amma görünür, yanvardan mən qara siyahıya düşdüm».

Vəkil bu məsələ ilə bağlı ehtimalını da dilə gətirir. O ehtimal edir ki, bloqer Mehman Hüseynovun işinə görə qara siyahıya düşüb: «Mehmanın müdafiəsi məhz yanvar ayında olub və ondan əvvəl heç vaxt Penitensiar Xidmət ilə bağlı problemim olmayıb».

Ş.Hümbətova deyir ki, məsələ ilə bağlı Vəkillər Kollegiyasına, Ədliyyə Nazirinə, Penitensiar Xidmətin rəisinə və Ombudsmana şikayət göndərib, amma heç birindən cavab almayıb.

Məsələ ilə bağlı Penitensiar Xidmət və adıçəkilən qurumlardan, hələlik, münasibət almaq mümkün olmayıb.

Bundan əvvəl də ayrı-ayrı vəkillərin cəzaçəkmə müəssisələrindən şikayətləri olub. Amma belə şikayətləri rəsmi qurumlar, bir qayda olaraq, əsaslı saymayıblar.

Xatırlatma

Bloqer Mehman Hüseynov bu il martın 2-də azadlığa çıxıb. O, 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilmişdi.

Bloqer həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı. O, həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. Rəsmi məlumata görə, M.Hüseynov cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloqer ittihamı qurama sayırdı. O, cəzaçəkmə müəssisəsində aclıq aksiyasına başladığını açıqlamışdı. Amma bir neçə gün sonra Penitensiar Xidmətdən bloqerin aksiyanı dayandırdığı, qida qəbuluna başladığı açıqlanmışdı. Bunun ardınca da M.Hüseynovla görüşən vəkil Şəhla Hümbətova bloqerə istinadən aksiyanın davam etdiyini bəyan etmişdi.

Daha sonra yanvarın 22-də isə Baş Prokurorluq M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlamışdı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG