Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 15:33

Vəkil: 'Fədayə Hepatit C-dir, qorxudan edib'


F.Laçın

Dustaqların qaçmasına yardım etməkdə suçlanan müğənni Fədayə Məmmədovanın vəkilləri deyir ki, onun sağlıq durumu həbsdə saxlanmasına imkan vermir. Vəkillər bu barədə noyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində danışıblar.

Vəkillər iddia edir ki, F.Laçın qaçan dustaqlardan biri olan «Qoca» ləqəbli Etibar Məmmədovun təsiri altında, qorxudan müəyyən hərəkətlərə yol verib, çox peşmandır.

Vəkil Nurəngiz Qarayeva deyir ki, düzdür, Fədayə bacısı vasitəsilə vaqonlarda istifadə olunan xüsusi açarı əldə edib «Qoca»ya çatdırıb. Ancaq o bilməyib ki, açarı qaçmaqdan ötrü istəyir: «Ona demişdi ki, yaxın dostuna qəfəs açmaq üçün lazımdır. Fədayə onun danışıq tərzindən qorxmuşdu. Özü də məhkəmədə dedi ki, qorxduğu üçün verib. Hətta hadisədən sonra da Fədayənin ağlına gəlməyib ki, Etibar onun verdiyi açarla qaça bilərdi. Hadisədən sonra Fədayəni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dindirməyə çağırıblar, gedib. Buraxıblar, sonra yenə iki dəfə dindirilib. Əgər təqsiri olduğunu bilsəydi, istintaqdan yayınardı».

Vəkil məhkəmədən müğənninin cinayəti psixi məcburiyyət qarşısında törətməsini, onun Laçın rayonundan məcburi köçkün, qadın olmasını, Hepatit C xəstəliyindən əziyyət çəkməsini nəzərə alıb, ona şərti cəza verilməsini xahiş edib: «Fədayə Məmmədova xəstəliyi ilə əlaqədar daim müalicə almalıdır. Xroniki hepatit xəstəliyinin müalicəsi cəzaçəkmə müəssisəsi daxilində mümkün deyil».

Digər vəkil Türkel Süleymanlı deyir ki, bir çox xalq artistləri, tanınmış şəxslər F.Laçına görə prezidentə, onun xanımına müraciət edib. Vəkilin sözlərinə görə, vaqonun pəncərəsinin məhz Fədayənin vasitəsilə əldə olunmuş açarla açıldığı tam bəlli deyil. Çünki ortada açar yoxdur.

T.Süleymanlı da müvəkkilinə həbslə bağlı olmayan yüngül cəza verilməsini istəyib.

Məhkəmə noyabrın 14-də təqsirləndirilən şəxslərin son sözləriylə davam edəcək.

Xatırlatma

Bu cinayət işi üzrə 13 nəfər həbs olunub. Onların arasında Penitensiar Xidmətin Konvoy taborunun komandiri, polkovnik Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, onun müavinləri, müğənni Fədayə Laçın, qaçan dustaqlardan biri Əli Ağami də var.

B.Abdullayevə CM-in 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179-cu (mənimsəmə), digər təqsirləndirilənlərə isə 304-cü (həbs yerindən və ya mühafizə altından qaçma) maddəsinin müxtəlif bəndləri ilə ittiham verilib.

İş üzrə daha bir nəfər axtarışdadır.

Prokuror təqsirləndirilən 13 nəfərə ümumilikdə 110 il həbs cəzası verilməsini istəyib.

Şirvan şəhərində 2015-ci ildə iki nəfərin ölümünə görə ittiham olunan Əli AğamiEtibar Məmmədova dövlət ittihamçısı məhkəmədə 19 il azadlıqdan məhrumetmə cəzası istəmişdi. Bundan sonra məhkəmədən Bakıya qaytarılarkən onlar səhərə yaxın Biləcəri dəmiryol stansiyasında qatardan qaçmışdılar.

29-yaşlı Ə.Ağami hadisədən üç gün sonra elə Şirvan şəhərində saxlanılıb. E.Məmmədovsa 10 gün sonra əməliyyat nəticəsində öldürülüb.

Multimedia

XS
SM
MD
LG