Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Vəkil: Azad Həsənov ittihamı rədd edir


A.Həsənov
A.Həsənov

Vəkil Osman Kazımov bu gün, oktyabrın 17-də Kürdəxanıdakı 1 Saylı İstintaq Təcridxanasında Müsavat Partiyasının həbsdə olan üzvü Azad Həsənovla görüşüb.

Bu barədə AzadlıqRadiosuna O.Kazımov özü danışıb.

Vəkil deyib ki, A.Həsənov oktyabrın 11-i səhər ağır xəstə olan atasına baş çəkmək məqsədilə Vilnüsdən Bakıya gəlib və günortaya qədər atasıyla bir yerdə olub.

«Axşamüstü özlərini polis kimi təqdim edən mülkigeyimli şəxslər Həsənovu zorla avtomobilə oturdaraq aparıblar», - vəkil müdafiə etdiyi şəxsə istinadən vurğulayıb.

O.Kazımovun deməsinə görə, A.Həsənova qarşı Cinayət Məcəlləsinin 234.4.3 (Narkotik vasitələri hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) maddəsi ilə cinayət işi qaldırılıb.

Vəkil vurğulayıb ki, oktyabrın 12-də Xətai Rayon Məhkəməsi hakim İbrahim İbrahimlinin sədrliyi ilə A.Həsənov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Bu ittiham məhkəmədə sübut olunduğu halda A.Həsənovu əmlakı müsadirə edilməklə, 5 ildən 12 ilədək həbs gözləyir.

Vəkil daha sonra bunları deyib: «Özü yaxşıdır. Saxlanarkən hər hansı işgəncə verilməyib. Yalnız tutularkən avtomobilə fiziki zorakılıqla oturdublar. Bir də Bakı Şəhər Baş Polis İdarəsində izahat vermək istəməyib, bu zaman hədə-qorxu gəlinib. Amma fiziki işgəncəyə məruz qalmayıb. Səhhəti yaxşıdır».

O.Kazımovun deməsinə görə, A.Həsənov ona bildirib ki, onun cibinə narkotik maddəni atıblar: «O, siqaret belə çəkmir, narkotikdən uzaq adamdır. Dedi ki, narkotiki cibinə qoyublar. Bunu deməsinə görə, Xətai Rayon Məhkəməsində də söyləyib, amma məhkəmə onun dediklərinə məhəl qoymayıb».

Vəkilin bildirməsinə görə, A.Həsənov həmçinin vurğulayıb ki, polisdə Facebook səhifəsi ilə bağlı ona bəzi məqamlar söylənib.

«Mən onun Facebook səhifəsinə baxacam. Ancaq A.Həsənov dedi ki, o heç kimi təhqir etməyib, heç kimin ünvanına nalayiq ifadə işlətməyib. Normal qaydada, etika daxilində mübarizə aparıb», - vəkil qeyd edib.

O.Kazımov habelə bildirib ki, Xətai Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

Vəkilin bu açıqlamasına Daxili İşlər Nazirliyi və Xətai Rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Azad Həsənov 2014-cü ildən Litvada yaşayırdı. Bakıya oktyabrın 11-də səhər saatlarında gəldiyi bildirilir. Gəlişinə səbəb kimi isə atasının onkoloji xəstə olması göstərilir. Yaxınlarının deməsinə görə, oktyabrın 11-i Hövsanda atası evinin yaxınlığında onu mülkigeyimli şəxslər saxlayıb.

A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürdükdə A.Həsənov onun Seçki Qərargahının üzvü olub.

Müsavat Partiyası bəyanat qəbul edərək bu həbsi siyasi motivli sayıb. Hərçənd, rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG