Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:32

Vəkil: 'Ayaqqabılarımın içinə qədər üst-başımı axtarırlar'


F.Namazlı
F.Namazlı

«Hüquqlarını müdafiə etdiyim Abbas Hüseynovla hər dəfə görüşə gələndə və oradan gedəndə məndə olan sənədlər alınır, müəssisə rəhbərliyi senzuradan keçirir, sözbəsöz yoxlanılır. Özüm də həm müəssisəyə daxil olanda və çıxanda ciddi şəkildə yoxlamaya məruz qalıram. Ayaqqabılarımın içinə qədər üst-başım axtarılır. Dəfələrlə buna etiraz etsəm də, məhəl qoyulmur. Əks halda, müvəkkilimlə görüşümə icazə verilməyəcəyi bildirilir», - vəkil Fariz Namazlının sözləridir.

Müdafiəçi Qobustanda yerləşən qapalı həbsxananı məhkəməyə verib. İddia ərizəsində də bunları yazıb. Vəkilin sözlərinə görə, hətta müvəkkilinin Avropa Məhkəməsində baxılan şikayəti ilə bağlı yazdığı izahat da müsadirə olunub:

«Abbas Hüseynovun həm Avropa Məhkəməsində kommunikasiyada olan, həm də hazırlanan şikayətləri üzrə izahatını aldım. Onları Avropa Məhkəməsinə göndərəcəkdim. Çünki Avropa Məhkəməsində olan şikayətlər üzrə ərizəçilərin özləri tərəfindən yazılmış izahatlar daha önəmlidir. Görüşdən çıxanda üst-başımı müəssisənin əməkdaşları yoxladı, sənədlərimi təftiş etdilər, Abbas Hüseynovun yazdığı izahatı götürdülər. Onun Avropa Məhkəməsində olan şikayəti üzrə olduğunu desəm də, buna məhəl qoymadılar, bildirdilər ki, rəis mütləq buna baxmalıdır. 5-səhifəlik izahatı apardılar. Həbsxananın girişində buraxılış məntəqəsində yarım saat gözlədim. Saat 18:30 radələrində gəlib dedilər ki, izahatı verə bilməyəcəklər, rəisin göstərişidir».

Vəkilin sözlərinə görə, izahatın götürülməsi ilə bağlı protokol, akt tərtib olunmayıb.

Həbsxanadan çıxanda yoxlanması, sənədlərimin senzuradan keçirilməsi, götürülməsinin qanunsuz olduğunu bildirən F.Namazlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. O, vəkil kimi hüquqlarının pozulduğunu, konfidensial ünsiyyətinə müdaxilə olunduğunu deyir və bu cür müdaxilənin Avropa İnsan Hüquqları Konvensiyasının 34-cü maddəsinin pozuntusunu yaratdığını vurğulayır. F.Namazlı şikayətində özünün və sənədlərinin yoxlanmasının qanunsuz sayılmasını, həbsxana rəhbərliyinin üzərinə müvəkkilinin izahatının da geri qaytarılması öhdəliyinin qoyulmasını istəyib. Amma hakim Miminat Hacıbəyova iddianı mümkün saymayıb və araşdırmaqdan imtina edib. Vəkil bu qərardaddan apellyasiya şikayəti verib. Müdafiəçi hesab edir ki, şikayəti mütləq araşdırılmalı, məhkəmə həbsxananın müşahidə kameralarına baxış keçirməli, A.Hüseynovun özünü də dindirməlidir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə vəkilin iddialarıyla razılaşmır. AzadlıqRadiosuna bildirib ki, vəkilin müəssisəyə daxil olarkən yoxlanması qanun pozuntusu sayıla bilməz: «Ümumiyyətlə, həbs yerlərinə gələn istənilən şəxs yoxlanmalıdır. Vəkillərə gəlincə, çox olub ki, vəkilin üzərində qadağan olunmuş əşya aşkarlanıb. Yaxud vəkillər müəssisəyə daxil olarkən telefonu, planşeti təhvil verməyi unudub, sonradan üzərində aşkarlanıb. Bu baxımdan, yoxlama zəruridir və burada qanun pozuntusu yoxdur».

Xatırlatma

«Müsəlman Birliyi» Hərəkatından Abbas Hüseynov 2015-ci il noyabrın 26-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı həbs olunub. Həmin əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib.

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Həbs olunanların işi üç qrupa ayrılıb. A.Hüseynov birinci qrupda «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 16 nəfərlə birlikdə mühakimə olunub. T.Bağırov və A.Hüseynovun hər birinə 20 il, digərlərinə isə 10 ildən 19 ilə qədər həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Polislər isə işgəncə iddialarını təkzib ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG