Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

Vəkil Şəhla Hümbətova Mehman Hüseynova görə cəzalandırıla bilər


Ş.Hümbətova
Ş.Hümbətova

Vəkil Şəhla Hümbətova hüquqlarını müdafiə etdiyi bloqer Mehman Hüseynovun işi ilə əlaqədar cəzalandırıla bilər. Bu barədə AzadlıqRadiosuna danışan Ş.Hümbətova bildirib ki, Penitensiar Xidmətin rəhbərliyi ondan Vəkillər Kollegiyasına şikayət edib. Vəkilin sözlərinə görə, şikayət xeyli əvvəl daxil olsa da, bu haqda ona heç bir məlumat verilməyib. O, mayın 30-da bundan xəbər tutub – Vəkillər Kollegiyasının İntizam Komissiyasının sədr müavini İlhamə Həsənova telefon vasitəsilə onu məlumatlandırıb.

Penitensiar Xidmət daha bir vəkildən şikayət edib

«Bildirdi ki, barəmdə intizam icraatı başlanıb. Səbəb isə Mehman Hüseynovun işi ilə əlaqədar Penitensiar Xidmətin məndən etdiyi şikayətdir. İntizam icraatı başlanması barədə qərarın nə vaxt qəbul edildiyini soruşdum. İlhamə xanım cavab vermədi, dedi ki, sənədlər üstündə deyil, ona görə dəqiq bilmir, gəlsəm, qərar mənə veriləcək. Dərhal getmək istəyirdim, amma bildirdi ki, axşamüstü 4-5 arası işdə olacaq. O zaman gedib öyrənəcəm ki, nə məsələdir», – Ş.Hümbətova bildirib.

Ş.Hümbətova deyir ki, əslində, şikayət daxil olduqdan sonra vəkil məlumatlandırılmalı, onun rəyi öyrənilməli, bundan sonra intizam icraatı başlanıb-başlanmaması barədə qərar verilməlidir: «Mən isə ümumiyyətlə, şikayətdən xəbərsiz olmuşam. Maraqlıdır ki, bu məsələ Penitensiar Xidmətin mənə qarşı qadağalarını ictimailəşdirəndən sonra mənə bildirildi».

Anar Bağırov bu haqda danışmaq istəmir

Vəkillər Kollegiyasının sədri Anar Bağırov AzadlıqRadiosuna deyib ki, bu məsələ barədə danışmaq istəmir: «Bu barədə məlumat vermək istəmirəm. Vaxtı gələndə məlumat verəcəyik. Hələ ki, bu, araşdırılan məsələdir».

Ş.Hümbətova bildirir ki, bu ilin yanvarından Penitensiar Xidmət ona maneələr yaradır, bir sıra cəzaçəkmə müəssisələrində saxlanılan müvəkkilləri ilə görüşünə imkan verilmir. Vəkilin sözlərinə görə, o, beş aydır üzləşdiyi maneələrlə əlaqədar ədliyyə naziri, Penitensiar Xidmətin rəisi, Ombudsman, Vəkillər Kollegiyasının rəhbərliyinə müraciət edib. Amma bu müraciətlərin heç bir nəticəsi olmayıb: «Bir dəfə görüşmək istəyəndə Kollegiyanın sədri Anar Bağırov ezamiyyətdə idi. İkinci dəfə görüşmək istəyəndə katibəsinə dedi ki, Aydın müəllimlə (sədr müavini Ardın Axundov-red.) görüşsün. Aydın müəllimə olanları danışdım. İki gün sonra Aydın müəllim mənə dedi ki, Penitensiar Xidmətlə danışdım, bildirdilər ki, vəkilə qarşı pozuntu varsa, məhkəməyə versin».

Ancaq A.Bağırov vəkili qəbul etməməsi barədə deyilənləri təkzib edir: «Kimsə mənimlə görüşmək istəsin, mən qəbul etməyim – belə bir şey mümkün deyil. Mənimlə görüşmək üçün vasitəçiyə ehtiyac yoxdur. Mənim telefonum var və hər zaman açıqdır. Yaxud mesaj yazmaq, elektron poçtla da məktub göndərmək olardı. Bunların heç birini eləməyib».

Ş.Hümbətova deyir ki, ona problemlər ötən ilin dekabr-yanvar aylarında bloqer Mehman Hüseynov ətrafında baş verənlərdən (onun haqqında yeni cinayət işi başlanması, bununla əlaqədar aclıq aksiyası keçirməsi və ardınca həmin işə xitam verilməsi) sonra yaradılır. Həmin vaxt M.Hüseynovun vəkili Ş.Hümbətova aclıq aksiyası, bloqerin durumu və başqa məsələlər barədə ictimaiyyəti məlumatlandırırdı.

Ş.Hümbətova M.Hüseynovdan əlavə, bir sıra başqa ictimai-siyasi fəalların (ReAl sədri İlqar Məmmədov, Nardaran məhbuslarının bir neçəsi) da hüquqlarını müdafiə edir.

İctimai-siyasi fəalların hüquqlarını müdafiə edən vəkillərdən Yalçın İmanov Penitensiar Xidmətin rəis əvəzi Oqtay Məmmədovun şikayəti əsasında Vəkillər Kollegiyasından çıxarılıb.

Bu qurumun rəisi Ceyhun Həsənovun şikayəti əsasında vəkil Fariz Namazlı haqqında da intizam icraatı başlanıb və qərar çıxarılması üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinə göndərilib. Hələlik, bu qurum o məsələ barədə qərar verməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG