Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Sentyabr, bazar, Bakı vaxtı 17:40

Rüfət Səfərovun 'kars'a salındığı bildirilir


Rüfət Səfərov

Hazırda həbsdə olan keçmiş müstəntiq Rüfət Səfərov cərimə kamerasına salındığı bildirilir.

Bu haqda onun atası Eldar Sabiroğlu xəbər yayıb.

O, oğluna təqib və təzyiqlərin ardı-arasının kəsilmədiyini bildirib.

“Bu gün (yanvarın 19-u) cəzaçəkmə müəssisəsi ilə əlaqə saxladım. Oradan məlumat verildi ki, Rüfət Səfərov cəzaçəkmə müəssisəsinin cərimə kamerasına (kars) salınıb. Səbəbini soruşduqda, müəssisə növbətçisi heç bir izah verməyərək R. Səfərovun daxili intizam qaydalarına əməl etmədiyinə görə cəzalandırıldığını bildirildi. Bir daha növbətçidən hansı qaydalara onun əməl etmədiyini soruşduqda yenə heç bir izah vermədi. Qeyd etdi ki, bu, bizim səlahiyyətimiz çərçivəsində deyil ”, Eldar Sabiroğlu təcridxana rəhbərliyi ilə danışa bilmədiyini bildirib.

Buna da bax:​ Müdafiə Komitəsi Rüfət Səfərovdan narahatdır

O, qeyd edib ki, cəzaçəkmə müəssisəsində oğluna çətin durumun yaradıldığını hiss edir.

“Bu, işgəncənin bir növüdür. Oğlumun həyatı üçün ciddi təhlükələrin olacağı qənaətindəyəm. Ona görə də, beynəlxalq təşkilatlardan, ölkədəki insan hüquqlarını müdafiə edən qurumlardan təzyiq və təqib metodlarına diqqət yetirmələrini xahiş edir, əlaqədar hökumət orqanlarından isə basqının aradan qaldırılması üçün ölçü götürmələrini tələb edirəm”, E.Sabiroğlu bildirib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən, hələlik, keçmiş müstəntiqlə bağlı şərh almaq mümkün olmayıb.

Buna da bax: 'Rüfətlə bir kameraya epilepsiya xəstəsi salıblar'

Xatırlatma

R.Səfərov 2015-ci il dekabrın 20-nə kimi Zərdab Rayon Prokurorluğunun müstəntiqi olub. Dekabrın 20-də hüquq-mühafizə orqanlarında qanunsuzluqların baş verdiyini bildirərək bəyanatla bu sistemdən çıxıb.

Bundan sonra, rüşvət almaqda ittiham olunaraq barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. 2016-cı il yanvarın 22-də həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Daha sonra Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

Buna da bax:​ Eldar Sabiroğludan prezidentə: 'Edəcəyinizi etmisiniz'

Kürdəxanı təcridxanasında saxlandığı vaxtlarda R.Səfərovun yanına 25 il həbs həyatı yaşamış bir şəxsin salındığı bildirilirdi. Bundan sonra atası, vəkili və Müdafiə Komitəsi Penitensiar Xidmətə müraciət edərək onun yerinin dəyişməsini istəmişdi. Sonradan O, 9 saylı cəzaçəkmə müəssisəsinə köçürüldü. Ancaq indi də Müdafiə Komitəsində keçmiş müstəntiqlə bağlı narahatlıqlar davam edir

R. Səfərovun atası Eldar Sabiroğlu özü vaxtilə hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunub, deputat seçilib, uzun müddət Müdafiə Nazirliyi mətbuat xidmətinə rəhbərlik edib.

XS
SM
MD
LG