«Bizim Yol» qəzeti qiymətlərin bahalaşmasından sonra 100 oxucusu arasında nəyi alıb, nəyi ala bilməmələri haqqında sorğu keçirib.
«13 nəfər «nə ala bilirik ki?» deyə sual ediblər. Rəylərinin arasında «nələr ala bildiyimizi soruşsanız daha asan olar» fikri daha çox yer alıb. 3 valideyn övladları ilə bağlı narahatlıqlarını dilə gətirib. «Uşaqlarınızı marketə aparmayın, onlara «yox» demək mümkün olmur»– deyə valideynlərdən biri bildirib. Sorğuda iştirak edənlərdən biri siqareti, digəri əti, 2 nəfəri isə yumurta və kərə yağını qiyməti bahalaşdığından ala bilmədiyini qeyd edib. 3 nəfər mağazalarda alverin yaxşı getdiyini, insanların problem yaşamadığını qeyd edib. 4 nəfər isə aldıqları maaşa uyğun əvvəllər daha çox bazarlıq edə bildiklərini, indi isə bu qiymətə ancaq qramla nələrisə almağın mümkün olduğunu yazıblar».
«Sosial gərginliyi azaltmağın bir yolu büdcə təşkilatlarında işləyənlərin əmək haqlarının yüksəlməsi, pensiyaların artırılmasıdır».
İqtisadçı Qalib Toğrul «Bizim yol»a bildirib ki, indiki vəziyyətdə sosial gərginlik riskini aradan qaldırmaq üçün müəyyən addımlar atılmalıdır: «Qiymətlərin qalxması ilə müşahidə olunan alıcılıq qabiliyyətinin aşağı düşməsi və əməyin işçi qüvvəsinin dəyərsizləşməsi fonunda bu münasibətləri tənzimləmək dövlətin üzərinə düşür. Ancaq indi konkret bununla bağlı dövlətin hansı addımlar atmağı planlaşdırdığını bilmirəm. Təbii ki, bunun bir yolu büdcə təşkilatlarında işləyənlərin əmək haqlarının yüksəlməsi, pensiyaların artırılmasıdır. İlk növbədə digər yerlərdən gəlirləri olmayan, əhalinin ən həssas təbəqəsi hesab olunan yaşlı insanların və sosial müavinət alanların vəziyyətinin yaxşılaşdırılması ilə bağlı addımların atılması təqdirə layiq olardı».
Buna da bax: İqtisadçı: 'Ölkə qıtlığa doğru gedir' (Video)
«Zirzəmi tamamilə suyun içindədir. Pal-paltar, ev əşyaları, uşaqların dərs ləvazimatları hamısı yararsız vəziyyətə düşüb...»
Köçkünlərin qaldığı zirzəmini su basıb
«Azadlıq.info» yazır ki, səhər tezdən, saat 5-də, Koroğlu Rəhimov 2A ünvanında məcburi köçkünlərin məskunlaşdığı zirzəmini su basıb.
«Zirzəmi tamamilə suyun içindədir. Pal-paltar, ev əşyaları, uşaqların dərs ləvazimatları hamısı yararsız vəziyyətə düşüb. Flora adlı xanım su içində qalmış əşyaları göstərərək : "Gecədən hara zəng ediriksə elə bil quyunun dibinə daş atırıq, təkcə Azərsu ASC-nin qaynar xətindən reaksiya verdilər, oradan gələnlər də biraz işlədikdən sonra vaxtımız bitdi deyib getdilər",- deyir. Biz hadisə yerində olarkən, bir daha qaynar xətdə zəng etdik. Aidiyyatı ərazi üzrə Azərsu ASC-nin əməkdaşları ilə bizi əlaqələndirdilər. Onlar yenidən hadisə yerinə adam göndərəcəklərini bildirsələr də, suyu çəkmək üçün nasoslarının olmadığını da qeyd etdilər».
Qəzetin saytı yazır ki, həmin ərazidə suyun çəkilməsi ilə iş bitmir. Elektrik naqilləri təhlükəli vəziyyətdədir. Su altında qalmış naqillərə cərəyan buraxılarsa həyat üçün yeni təhlükə yaradacaq.
Buna da bax: Daha bir 'evə qaçqın girdi' presedenti haqqında
Qacqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin mətbuat katibi Elçin Qədimov qəzetə deyib ki, həmin ünvandakı dözülməz vəziyyətdən xəbərdarlar və oradakı sakinlər tezliklə köçürüləcək.
General Çovdarovun ölkədə tanınan populyar agentləri...
Eldar Mahmudovun azadlıqda olması Çovdarova şantaj etməyə imkan verir.
«Yeni Müsavat» qəzeti yazır ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general-mayor Akif Çovdarovun vəkili vasitəsilə verdiyi son açıqlama gündəmi qarışdırıb. General açıq şəkildə bildirib ki, danışsa, agentura şəbəkəsi ifşa olunar.
«Sabiq rəisin təhdid dolu açıqlaması təkcə bununla bitmir. Agenturaya sərf olunan məbləğləri mənimsəməkdə ittiham olunan Çovdarov həmin məbləği bu istiqamətə sərf etdiyini bildirərək, bunu açıqlayacağı təqdirdə Azərbaycanda rüsvayedici vəziyyətin yarana biləcəyini vurğulayıb. Keçmiş MTN polkovniki İlham İsmayıl «Yeni Müsavat»a açıqlamasında Çovdarovun bir çox sirləri bildiyini söylədi: «Onun tutduğu vəzifə elə yer olub ki, nəticədə bir çox sirləri bilib. Ən azı özünün görüşdüyü agentlər, tabeliyində olan əməliyyat işçilərinin, şöbə rəislərinin görüşdüyü agentlərin hamısı ilə olmasa da, məşhurları ilə tanışdır. Burada söhbət sıravi agentlərdən deyil, dəyərli agentlərdən gedir. Bir də söhbət respublikada populyar olan şəxslərdən gedir. Həmin şəxslər MTN-in agentura şəbəkəsinin üzvü olublar».
Buna da bax: MTN generalı Akif Çovdarov kimdir?- [video]
İ.İsmayıl sabiq idarə rəisinin hakimiyyətdaxili bəzi qüvvələrə mesaj ünvanladığına da toxunub: «Onun dediklərində bəzi həqiqətlər var. Gizli deyil ki, bu məsələlərin ortaya çıxmasında həmin qrupların təsiri oldu. Çovdarov da onları bilməmiş deyil. Amma yenə də bu şantajdır. Çünki 2-3 qrupun çəkişməsi dövlətçiliyə xələl gətirə bilməz. Qruplar keçmiş günahlarını bir şəxsin üzərinə yıxa bilərlər. Eldar Mahmudovun azadlıqda olması Çovdarova şantaj etməyə imkan verir. Neçə ki, o həbs edilməyib, Çovdarovun belə şantajlarının sayı hələ çox olacaq».
Regionların tarazlı inkişafı düzgün konsepsiyaya əsaslanan siyasətin nəticəsdir
«Çovdarovun dediklərində bəzi həqiqətlər var...»
«Azərbaycan» qəzeti yazır ki, neft sənayesinin yenidən qurulmasından sonra ölkənin tarazlı inkişafının təmin edilməsinə böyük ehtiyac yaranıb.
«Regionlarda yeni fəaliyyətə başlayan müəssisələrin bir çoxunun yerli xammaldan istifadə etməsi öz növbəsində aqrar sektorun inkişafına güclü təkan verdi. Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyində mühüm rol oynamaqla bərabər, həm də çox sayda insanın gəlir əldə etməsinə səbəb oldu.
Hazırda regionların sosial-iqtisadi inkişafını təmin edən üçüncü dövlət proqramında nəzərdə tutulan məsələlər sürətlə həyata keçirilir. 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatının yaradılması istiqamətində işlər başa çatdırılır. Şəmkir və Xaçmaz rayonlarında yaradılan aqroparklarda görülən işlərin birinci mərhələsi yekunlaşmaq üzrədir.
Qarşıda üçüncü dövlət proqramının başa çatması üçün 2 il yarım vaxt var. Bu müddət ərzində regionlarda müxtəlif layihələr icra edilərək bölgələrin inkişafına yeni töhfələr verəcək».