Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:31

Uşaqlar ömrü uzadır


Foto illüstrasiya
Foto illüstrasiya

Uşaqlı adamlar uşaqsızlardan daha çox ömür sürürlər. İsveçli alimlər bu qənaətə gəliblər. Alimlərin «Journal of Epidemiology and Community Health» dərgisində çıxan yazısını «The Daily Mirror», «The Los Angeles Times» qəzetləri də dərc edib.

ÖMRÜMÜZÜ YEMİRLƏR

«Bəzən, əslində, çox vaxt uşaqların ömrümüzü yediyini güman edirik, amma yeni araşdırma reallığın düşündüyümüzün əksinə olduğunu göstərir», – «The Los Angeles Times» belə yazır.

Alimlər müəyyən ediblər ki, uşaqlar, özəlliklə pozitiv insanlara, həm də onların yaşlı vaxtında müsbət təsir göstərir, ömrün uzanmasına səbəb olur.

Araşdırmaya görə, məsələn, 60 yaşlı uşaqlı qadının daha 24.6 il yaşamaq ehtimalı var. Eyni yaşda olan uşaqsız qadınların ömrü, çox olsa, 23 il çəkə bilər.

Kişilərlə bağlı rəqəmlərdə fərq daha çoxdur. 60 yaşlı, uşaqlı kişilərin daha 20.2 il yaşamaq ehtimalı varsa, 60 yaşlı uşaqsız kişilər üçün bu rəqəm 18.4-dür.

Mütəxəssislər həm evli, həm də subay adamların uşağı varsa, daha çox yaşadığını öyrəniblər.

DAHA SAĞLAM HƏYAT TƏRZİ

«Uşaqları doğulandan sonra insanlar daha sağlam həyat tərzi keçirməyə başlayırlar ki, bu da ömrü uzadır», – deyə müəlliflər vurğulayırlar.

Lord Frederick Leighton: Ana və Uşaq (1865)
Lord Frederick Leighton: Ana və Uşaq (1865)

İsveçli alimlər bu nəticələrə milli qeydiyyat idarələrinin rəqəmləri əsasında gəliblər. Onlar 1911-25-ci illərdə doğulmuş 1.4 milyondan çox isveçlinin yaşama müddətini öyrəniblər. Araşdırma zamanı iştirakçıların ailə statusu, təhsil səviyyəsi, uşaqlarının sayı və cinsi də nəzərə alınıb. Və bütün faktorlardan çoxuşaqlılığın uzunömürlülüklə sonuclandığı bəlli olub.

Qız uşaqları ömrü daha çox uzadır, yoxsa oğlan? Əvvəlki araşdırmalar qız uşaqlarının valideynlərinin ömrünü daha çox uzatdığını göstərirdi. Buna əmin olmaqdan ötrü isveçli alimlər cəmi bir qızı olanlarla cəmi bir oğlu olanların yaşama müddətini müqayisə ediblər. Araşdırma onların arasında fərq olmadığını, oğlanların da valideynlərinin qeydinə qızlar qədər qaldığını ortaya çıxarıb.

UZAQ, YA YAXIN?

Övladdan uzaq yaşamaq daha yaxşıdır? Müəlliflər həmçinin, övladının yaxınlıqda yaşamasının valideynin ömrünə təsirini öyrənmək istəyiblər. Rəqəmlər bu faktın əhəmiyyətsiz olduğunu göstərib. Əksinə, uşaqlarından yarım saatlıq məsafədə yaşayan 60 yaşlı valideynin ölüm riski daha uzaqda olan valideyninkindən çoxmuş. «Bu nəticə paradoksal təsir bağışlaya bilər. Ancaq müəlliflər deyirlər ki, adətən, yüksəktəhsilli uşaqlar valideynlərindən uzaqda yaşayırlar. Belə çıxır ki, uşağının təhsilli olması valideynə məsafədən də yaxşı təsir edir», – qəzet yazır.

«Məhz uşaqlarının valideynə dayaq durması, ona fiziki, sosial, mənəvi yardımı yaşlı adamın ömrünü uzada bilər», – deyən müəlliflər bu araşdırmalarının uşaqsızlığın baş alıb getdiyi İsveç, Norveç və digər Skandinaviya ölkələrindən ötrü əhəmiyyətli olacağına ümidlidirlər. Onların fikrincə, övladın yaşlı insandan ötrü nə demək olduğunu nəzərə alıb, uşaqsız yaşlılar üçün oxşar xidmətlər təklif etmək də səmərəli olar.

XS
SM
MD
LG