Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 00:36

Hər il uşaqların 75%-i zorakılığa məruz qalır – araşdırma


Uşaq zorakılığı

Hər il dünyada hər dörd uşaqdan üçü zorakılığa məruz qalır. Bunu üzə çıxaran yeni araşdırmada xəbərdarlıq olunur ki, həm varlı, həm də yoxsul ölkələrdə fiziki cəzalandırma geniş yayılıb.

«Uşaqlıqda zorakılığı tanı» (Know Violence in Childhood) adlı qlobal təşəbbüsün hazırladığı hesabat barədə «The Guardian» qəzeti yazır.

Hesabatda bildirilir ki, il ərzində 1.7 milyard uşaq hansısa formada sui-istifadəyə məruz qalır. Hesabatda məktəbdə dalaşma, ələ salınma, yaxud cinsi istismar kimi zorakılıq halları öyrənilib.

EVDƏ FİZİKİ CƏZALANDIRMA

Belə zorakılığın ən böyük səbəbinin isə evdə fiziki cəzalandırma olduğu bildirilir. Bundan sənayeləşmiş ölkələrdə uşaqların 58%-i əziyyət çəkir. Şərqi və Cənubi Afrika, Cənubi Asiya, Qərbi və Mərkəzi Afrikada isə hər 10 uşaqdan səkkizi belə münasibət görüb.

Qurumun qlobal həmsədri AK Shiva Kumar bu cür davranışı önləməyin tamamilə mümkün olduğunu bildirir.

***Buna da bax-'Müəllim uşağı döyüb… Deyirlər, xəstədir, işin olmasın'

«Siyasi liderlər bizə bunu gerçəkləşdirməyə kömək etməli, bu vacib məsələ ətrafındakı sükutu pozmalıdırlar», – o söyləyib.

«Uşaqlıqda zorakılığı tanı» təşəbbüsü 100 aparıcı tədqiqatçı və ekspertdən ibarətdir, onu UNICEF kimi qurumlar dəstəkləyir.

Təşəbbüsün icraçı direktoru Ramya Subrahmanian uşaqları intizamlı etməkdən ötrü zorakılıqdan istifadənin bütün dünyaya yayıldığını vurğulayıb. Mozambik, Burundi və Qana kimi ölkələrdə ailələr daha çox fiziki cəzaya əl atırlar. Buraya psixoloji aqressiya və fiziki cəzalandırma daxildir.

261 MİLYON MƏKTƏBLİ

Kubada uşaqların 36%-nə zorakı intizam qaydaları tətbiq olunur və bu ölkədə fiziki cəzalandırma ən aşağı səviyyədədir. Ondan sonra Türkmənistan, Serbiya, Panama və Kosta-Rika gəlir.

***Buna da bax-Azərbaycanda boşanmalar artıb, nə üçün...[kiçik araşdırma]

Bu araşdırmada uşaqların köləlik, yaxud qaçaqçılıq nəticəsində məruz qaldıqları zorakılıq deyil, fiziki, seksual və emosional zorakılıq öyrənilib.

Hesabat onu da üzə çıxarıb ki, 261 milyon məktəbli öz həmyaşıdlarının zorakılığına məruz qalır. 9-10 yaşlı oğlanların yarıdan çoxu belə münasibət görür. Qızlara öz həmyaşıdlarının hücumları altı yaşından başlanır, qızların üçdə biri 9-11 yaş arasında zorakılıqdan əziyyət çəkir.

Mərakeşdə uşaqların ələ salınması üzrə göstəricilər çox aşağıdır, uşaqların cəmi 1%-i belə münasibətlə üzləşir. Məktəblərdə dava-dalaş halları da azdır. Ancaq tərəzinin o biri gözündə durum yaxşı deyil. Zambiya, Mavritaniya və Banqladeşdə uşaqların yarıdan çoxu bu cür münaqişədən əziyyət çəkir.

HÖKUMƏTLƏRDƏN NƏ İSTƏNİLİR

Bu hesabat BMT-nin 2015-ci ildə topladığı məlumat əsasında hazırlanıb. Müəlliflər qeyd edirlər ki, ən böyük problem bir çox hökumətlərin bu sahəylə bağlı informasiya yığmamasıdır. Müəlliflər elə hesabatın hazırlanmasında məqsədin hökumətləri tədbir görməyə həvəsləndirmək olduğunu deyirlər.

***Buna da bax-Qazaxların 75%-i hesab edir ki, uşaqları döymək olar

Araşdırmada qeyd olunur ki, 18 milyon 15-19 yaşlı yeniyetmə qız həyatlarının hansısa məqamında cinsi istismarla üzləşiblər. Cinsi zorakılıq ən çox Kamerunda, Konqo Demokratik Respublikasında qeydə alınıb, hər beş yeniyetmə qızdan biri buna məruz qalıb. Almaniya, Qırğızıstan və Fransada isə həmin göstərici aşağıdır.

R.Subrahmanian deyir ki, hökumətlər daha çox zorakılıq hallarına reaksiya verməklə məşğuldurlar, onu önləməkdən ötrü az iş görürlər.

«Birdən-birə 15 yaşında hədəfə çevrilmirsən, o vaxtadək başına gələnlər üst-üstə toplanır. Hökumətlər sərmayə qoyulması gərəkən qoruma və profilaktik tədbirləri görmürlər», – o söyləyib.

Uşaqlara qarşı fiziki, cinsi və psixoloji zorakılığın illik maliyyə dəyəri qlobal ÜDM-nin 2-5%-i qədər, başqa sözlə 7 trilyon dollardır (5.2 trilyon funt-sterlinq).

Günün bütün mövzuları

XS
SM
MD
LG