Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 23:28

Uşaq pornoqrafiyası saytları ən çox harada yayılıb


Foto illüstrasiya
Foto illüstrasiya

Uşaq pornoqrafiyası yayan vebsaytların sayına görə Avropa ötən il Şimali Amerikanı qabaqlayıb. Bu haqda aprelin 3-də Britaniyada mənzillənən İnternetə Nəzarət Fondu (IWF) hesabat açıqlayıb.

Rusiya və Türkiyəylə birlikdə Avropada belə saytların 60 faizi yerləşir ki, bu da 2015-ci illə müqayisədə 19 faizlik artım deməkdir.

Fond illik hesabatında bildirir ki, uşaq pornoqrafiyası saytlarının 37 faizi Şimali Amerikadadır. 2015-cu ildə bu rəqəm 57 faiz idi.

AVROPA AMERİKANI NECƏ QABAQLADI

«France Presse» agentliyinin yazdığına görə, həmin saytların çoxu – 21 minə yaxını, yaxud 37 faizi Niderlanddadır. 12 min 500-ə yaxın sayt (22 faiz) Birləşmiş Ştatlardan, 8 min 800 (15%) sayt Kanadadan, 6 mini (11%) Fransadan, 4 min 200-ə yaxını (7%) Rusiyadan idarə olunur.

Qurumun rəhbəri Susie Hargreaves BBC-yə deyib ki, artımın Şimali Amerikadan Avropaya keçməsi ABŞ-da problemin həllindən ötrü görülən böyük işlə bağlı ola bilər. Sonucda kriminallar kontenti yükləyib paylaşmağa başqa yerlərin ovuna çıxıblar.

Araşdırmada o da qeyd olunur ki, kriminalların onlayn üzə çıxarılması texnologiyasında irəliləyiş var. 2015-ci ildə quruma 4.4 milyon məlumat daxil olubsa, ötən il bu, iki dəfə artaraq 8.2 milyona çatıb.

Kembricdə mənzillənən İnternetə Nəzarət Fondu texnologiya şirkətləri və hüquq-mühafizə orqanlarının daxil olduğu bir alyansdır. Qurum bildirir ki, bazara buraxılan yeni vebsayt domenlərindən həmin şəkillərin yayılmasında istifadə olunur.

YENİ DOMENLƏR VƏ «MASKALAMA» TEXNİKASI

2015-ci ilə baxanda, yeni domenlərin alınması və sui-istifadəsində 258 faizlik arım aşkarlanıb. Eləcə də, kriminallar internetdə foto və videoların gizlədilməsində «maskalama» texnikasına getdikcə daha çox əl atırlar.

«Sayta birbaşa girəndə qanuni kontentlə qarşılaşırsan. Amma oradan digər saytların linklərinə daxil olduqca uşaq pornoqrafiyası açılır», – IWF-in texniki tədqiqatçı Sarah Smith «The Independent» qəzetinə söyləyib.

Qurum bildirir ki, bu cür maskalanma həmin kontentin internetdən silinməsini xeyli çətinləşdirir. 2016-cı ildə uşaq pornoqrafiyasını gizlətmək metodundan 1572 sayt faydalanıb. 2015-ci ildə bu rəqəm 743 idi. Amma 2013-cü ildə cəmi 353 sayt həmin metoda əl atmışdı

Qəzet qeyd edir ki, hazırda qlobal uşaq pornoqrafiyası saytlarının 0.1 faizindən də azı Böyük Britaniyadan idarə olunur. Səbəb də IWF-in həmin fotoların silinməsindən ötrü dərhal hərəkətə keçməsidir. Sənaye, hostinq şirkətləri, Milli Cinayətkarlıq Agentliyi ilə birlikdə işləyən qurum bir saat içində kontentin silinməsinə çalışır.

XS
SM
MD
LG