-
“2014-cü ildə Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı başlamış misli görünməmiş repressiyalar 2015-ci ildə daha da güclənib. Hökumət tənqidi səsləri cinayət işlərinin açılması, dindirmələr, cərimələr, axtarışlar, ölkədən çıxma qadağaları və bank hesablarına qoyulan həbslərlə də boğub”.
İyulun 27-də açıqlanmış “2015-ci ildə vətəndaş cəmiyyəti təsisatlarının sabit inkişaf indeksi - Azərbaycan" adlı hesabatda belə deyilir.
Hesabatı USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) ekspert sorğusu əsasında hazırlayıb.
Hesabata əsasən, bir çox QHT-lər fəaliyyətlərini məhdudlaşdırmaq məcburiyyətində qalıblar, özünüsenzura tətbiq ediblər, ictimai vəkillik üzrə işləri zəiflədiblər.
Buna da bax: Bekarçılığa məhkum keçmiş 'siyasi məhbuslar'
QHT-lərin hüquqi mühitü
Hesabatda qeyd edilir ki, 2015-ci ilin aprelində beynəlxalq Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə Azərbaycanın statusu tamhüquqlu üzvlükdən namizədə qədər azaldılıb. Vətəndaş cəmiyyəti atmosferinin pisləşməsi dünyada neft qiymətlərinin kəskin şəkildə ucuzlaşması fonunda baş verib. Neftin ucuzlaşması, ölkədə iqtisadi çöküşə və il ərzində milli valyutanın iki dəfə devalvasiyasına gətirib çıxarıb.
Sənəddə sonra da bildirilir ki, parlament seçkilərini müxalifətin bir hissəsi boykot edib. ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu hökumətin tətbiq etdiyi məhdudiyyətlərlə əlaqədar seçkilərin monitorinqini aparmaqdan imtina edib.
Hesabatda açıqlanıb ki, QHT-lərin "hüquqi mühiti" reytinqi 2013-cü illə müqayisədə 7 ballıq sistem üzrə 5.6 baldan 6.4 bala qədər pisləşib. Əsas problemlər arasında QHT-lərin qeydiyyatından əsassız imtinalar, Nazirlər Kabinetinin xarici donorların və beynəlxalq QHT nümayəndəliklərinin işini çətinləşdirən yeni qaydalar qəbul etməsi göstərilir.
Yerli QHT-lər dayanıb, xaricilər ölkəni tərk edib
Həmçinin, “təşkilati imkanlar” və “maliyyə imkanları” meyarları üzrə reytinqin azaldıldığı bildirilir. Bu, bir sıra beynəlxalq qurumların ölkədən məcburi gedişi ilə izah edilir.
Sənəddə vətəndaş cəmiyyətinə dəstək layihələri həyata keçirən ATƏT-in Bakı ofisinin bağlanması xüsusi vurğulanır.
Hesabatda Oxfam, Counterpart İnternational, World Vision və Save the Children təşkilatlarının Azərbaycanı məcburi tərk etdiyi bildirilir. Bir çox yerli QHT-lərin qrant almağın az qala qadağan olunduğuna görə, faktiki fəaliyyətlərini dayandırdıqları qeyd edilir.
Sənədə görə, “ictimai vəkillik ” reytinqi azalıb. Elə həmin səbəbdən QHT-lərin "ictimai xidmətlərinin həcmi azalıb. Üstəlik, "İnfrastruktur" göstəricisinin də pisləşdiyi açıqlanıb.