Keçid linkləri

2025, 29 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:08

Rusiya millətçi tatar təşkilatını ‘arzuolunmaz’ elan etdi


Kiyevdə asılmış plakatlardan biri
Kiyevdə asılmış plakatlardan biri

Bu təşkilat Volqaboyu regionunun əsasən türkdilli, köklü əhalisinin hüquqlarını müdafiə edir

Rusiyanın Baş Prokurorluğu Ukraynada qeydiyyatdan keçmiş Azad İdel-Ural təşkilatını “arzuolunmaz təşkilat” elan edib.

Bu təşkilat Volqaboyu regionunun əsasən türkdilli, köklü əhalisinin hüquqlarını müdafiə edir.

Baş Porkurorluqdan fevralın 18-də verilən bəyanatda deyilir ki, bu qrup Ukrayna təşkilatıdır, çünki Kiyevdə qeydiyyatdan keçib və “Rusiya Federasiyasının Konstitusiya quruluşuna və təhlükəsizliyinə hədə təşkil edir”.

Azad İdel-Ural təşkilatı Volqa regionundan sürgün edilmiş fəallar tərəfindən təsis edilib və özünün elan etdiyi kimi Rusiya ərazisindəki Tatarıstan, Başqırdıstan, Udmurtiya, Mordoviya, Çuvaşiya və Mari El respublikalarındakı yerli etnik qrupların hüquq və maraqlarını təmsil edir.

Kremlin başağrısı

Son illərdə Rusiya məhz bu regionda daha böyük muxtariyyət tələb edən fəal və qrupları təqib edir.

Rusiya 2015-ci ildə “arzuolunmaz təşkilatlar haqqında” qanunu qəbul etdikdən sonra onlarca xarici təşkilat qadağan edilib.

2020-ci ildə tanınmış başqırd fəalı Ayrat Dilmuxametov Rusiyada bütün etnik qrupları təmsil edən “əsl federasiyanın yaradılmasına” çağırdığına görə “ekstremizm” ittihamı ilə 9 il müddətində azadlıqdan məhrum edilib.

Elə həmin il Başqırdıstan Ali Məhkəməsi başqırd dili və ədəbiyyatını təbliğ edən “Başqort” qrupunu “ekstremist təşkilat” kimi qadağan edib.

Ayrat Dilmuxametov 2020-ci ildə məhkəmə qəfəsində
Ayrat Dilmuxametov 2020-ci ildə məhkəmə qəfəsində

Tarixi məlumat

Tarixdə Ural-Volqa və ya İdel-Ural ştatı kimi tanınan, lakin həyata keçməyən milli-muxtariyyət layihəsi.

Rəsmən 1918-ci il martın 1-dən martın 28-dək indiki Tatarıstan ərazisində mövcud olub.

Bununla yanaşı daha bir neçə layihə - Daxili Rusiya və Sibirin türk-tatar milli muxtariyyəti, Ural-Volqa ştatı, Tatar-Başqırd Sovet Sosialist Respublikası layihələri olub.

Rusiyada 1917-ci ilin fevral inqilabı ölkə boyunca tatarların siyasi fəallığının yüksəlişinə səbəb olmuşdu.

1917-ci il, mayın əvvəllərində Moskvada keçirilmiş 1-ci Ümumrusiya müsəlman qurultayında ərazi muxtariyyəti və federal quruluş haqqında qətnamə qəbul edilmişdi.

Muxtariyyət 1917-ci ilin oktyabrında Millət Məclisində elan olunmuşdu.

1918-ci ilin yanvarında Kazanda keçirilən II Ümumrusiya müsəlmanlarının hərbi qurultayı Rusiya Federasiyası tərkibində İdel-Ural ştatının və onun hərbi şurasının yaradılması barədə qətnamə qəbul etmişdi.

Bu muxtariyyətə bütün Ufa, Simbirsk, Samara, Orenburq, Perm və Vyatsk quberniyaları daxil olmalı idilər.

Lakin artıq 1918-ci ilin martında Rusiyanın bolşevik hökuməti sözü gedən muxtariyyətə hücum edərək onu ləğv etdi.

Bolşeviklər, Kolçak və nasistlərlə

Buna baxmayaraq bolşeviklər tatar muxtariyyəti ideyasını tamamilə inkar edə bilmədilər. Moskvada Millətlər Xalq Komissarlığının tapşırığı ilə Tatar-Başqırd Respublikasının layihəsi işlənib hazırlanmışdı.

Lakin 1918-ci ilin martında bu respublika da ləğv olundu.

Bunun ardınca 1918-ci ilin sonlarında Ümumrusiya Müsəlman Hərbi Şurası 16-cı tatar alayı adı ilə sovetlərə qarşı döyüşən Kolçakın ordusuna qoşuldu.

II Dünya Müharibəsi illərdində nasist Almaniyasında Sovet İttifaqının Ural-Volqa xalqlarını təmsil edən “İdel-Ural” legionu yaradılmışdı.

Lakin şərq cəbhəsinə göndərilən bu legion dağılıb getdi və onun bir hissəsi sovet partizanlarına qoşuldu.

1990-ci illərdə SSRİ-nin süqutu vaxtı Ural-Volqa ştatının bərpa olunması ideyası tatar fəallar arasında yenidən populyarlaşmışdı.

2018-ci ildə Kiyevdəki tatar fəallar “Azad İdel Ural” platformasını elan etdilər.

Bu platfomanın məqsədi Rusiya ərazisindəki türkdilli xalqların “real müstəqilliyinin” bərpasıdır.

XS
SM
MD
LG