Keçid linkləri

2025, 19 Aprel, şənbə, Bakı vaxtı 18:25

Ukrayna qüvvələri Luqanskda əsas yerlərdən çəkilir


Severodonetskdə ukraynalı hərbçi
Severodonetskdə ukraynalı hərbçi

Ağ ev iyunun 23-də axşam Kiyevə əlavə hərbi yardımın anonsunu verib.

Ukrayna qüvvələri ölkənin şərqində geri oturdulur, Rusiya əsgərləri güclü artilleriya bombardmanı ilə hücumu davam etdirir.

Lisiçansk şəhərinin əsas rayonu Hirskenin iyunun 24-də səhər Rusiya qüvvələri tərəfindən “tam tutulduğu” bildirilir. Ukrayna qüvvələri Severodonetsk şəhərində də son mövqelərini tərk edirlər.

“Təəssüf ki, bu gündən Hirske rayonu bütünlükdə tutulub. Hazırda ətraflarda əhəmiyyətsiz, lokal döyüşlər gedir, ancaq düşmən daxil olub”, – Hirske bələdiyyəsinin başçısı Oleksey Babçenko televiziya çıxışında deyib.

Hirske və ətrafındakı bir neçə qəsəbənin tutulması 35 km şimalda yerləşən Lisiçanskın üç tərəfdən irəliləyən Rusiya qüvvələri tərəfindən mühasirəyə salınması təhlükəsi yaradır.

Luqansk vilayət hərbi administrasiyasının başçısı Sergey Qayday iyunun 24-də səhər deyirdi ki, Ukrayna qüvvələri Severodonetskdən çıxırlar. O, əsgərlərə yeni mövqe tutmaq əmri gəldiyini desə də, onların şəhəri tərk edib-etmədiyini dəqiq söyləməyib.

***

Ukraynanın cənub-şərqində Rusiyanın işğalı altında olan Xerson şəhərinə Moskvanın təyin etdiyi məmur maşına qoyulmuş bombanın partlaması nəticəsində həlak olub.

İlkin informasiyaya görə, iyunun 24-də avtomobilinin partlaması nəticəsində ölən şəxs Dmitri Savluçenkodur. O, şəhərdə işğalçı qüvvələrin qurduğu hərbi-mülki administrasiyanın “Ailə, Gənclər və İdman Direktorluğu”nun başçısı idi.

Partlayış iki maşına ziyan vurub, yaxınlıqdakı yaşayış binasının pəncərələri qırılıb. Başqa itkinin olmadığını deyilir.

Hücuma görə məsuliyyəti götürən olmayıb.

Ukraynanın Müdafiə Nazirliyi və hərbi kəşfiyyatının təmsilçiləri deyirlər ki, Rusiyanın işğal etdiyi ərazilərdə partizan qrupları fəaliyyət göstərirlər.

İndiyədək Melitopol və Enerhodar şəhərlərinə Rusiyanın təyin etdiyi məmurlara qarşı sui-qəsd cəhdləri olsa da, zərərçəkən olmayıb.

Rusiyanın fevralın 24-də Ukraynaya qarşı başlatdığı hücum hələ də davam edir.

***

Ukrayna qüvvələri əsasən Rusiyanın nəzarətində olan Severodonetsk şəhərindən çıxacaqlar. Bunu iyunun 24-də Luqansk vilayətinin qubernatoru Sergey Qayday deyib.

“Sadəcə orada olmaq naminə aylardır darmadağın edilmiş mövqelərdə qalmaq mənasızdır”, – Qayday vurğulayıb.

Rusiya son bir neçə həftədə Severodonetskdə ləng də olsa irəliləyib, ağır artilleriya şəhəri xarabalığa çevirib. Müharibədən öncə burada 100 min nəfər yaşayırdı.

Lisiçansk yolundakı kənd tutulub

Qayday Telegram-da onu da yazıb ki, Rusiya qüvvələri Lisiçanska gedən əsas yol yaxınlığındakı Mikolaivka kəndini tutublar. Lisiçansk Luqanskda Ukraynanın tam nəzarətində olan sonuncu şəhərdir.

Ancaq Ukrayna əsgərləri Lisiçanskın cənub hissəsində Rusiyanın hücumunu dəf edə biliblər.

Luqanska nəzarət uğrunda həftələrdir çəkən döyüşlər hər iki tərəfə canlı qüvvə və avadanlıq itkisinə başa gəlib. Bu arada Kiyev Qərbdən daha çox ağır silah istəyir, Rusiya isə cəbhə xəttinə təcrübəli heyətin cəlbində çətinliklərlə üzləşir.

İyunun 23-də Kiyev ABŞ-dan gözlənən uzaqmənzilli silah sistemlərinin gəldiyini elan edib. Müdafiə naziri Oleksey Reznikov ABŞ-dan HIMARS sistemlərinin artıq Ukraynada olduğunu deyib.

Hava heyətində çatışmazlıq

Britaniyanın Müdafiə Nazirliyi iyunun 24-də gündəlik kəşfiyyat bülletenində qeyd edir ki, bu ayın əvvəlində təyyarəsi vurulandan sonra ələ keçirilmiş rusiyalı pilot Ukrayna hərbçilərinə muzdlu olduğunu etiraf edib. Onun istefada olan hava qüvvələri mayoru olduğu, hazırda Kremllə əlaqəli olan Vagner Group özəl hərbi şirkəti üçün çalışdığı bildirilir.

Britaniya kəşfiyyatı ehtimal edir ki, istefada olan heyət və özəl kontraktorlardan hava əməliyyatlarında istifadə Rusiyada təcrübəli hava heyətinin çatışmadığını göstərir. Qurum səbəbləri kimi təlim görmüş heyətin azlığını, döyüş qüvvəsi itkilərini sadalayır.

Ağ ev iyunun 23-də axşam Kiyevə əlavə hərbi yardımın anonsunu verib. Yardıma daha dörd ədəd HIMARS, onminlərlə artilleriya sursatı, patrul qayıqları daxildir. Paketin dəyəri 450 milyon dollardır.

ABŞ kəşfiyyatından birbaşa xəbərdar iki rəsmi CNN-ə Rusiya qüvvələrinin Ukraynanın şərqidə tədricən üstünlük qazandığını deyib. Rəsmilərin sözlərinə görə, rusiyalılar işğalın əvvəlindəki səhvlərindən öyrənib, indi quru və hava hücumlarını daha yaxşı koordinasiya edir, logistika və təchizat xətlərini yaxşılaşdırır.

XS
SM
MD
LG