Rusiyanın Xarkova yeni artilleriya zərbələri nəticəsində bir uşaq həlak olub. Bu haqda region rəsmiləri oktyabrın 6-da səhər məlumat yayıb. Bir gün öncə vilayətin Hroza kəndinə Rusiyanın raket zərbəsindən isə onlarla adam həlak olub və bu, müharibə dövründə dinc sakinlərə ən ölümcül hücum sayılır.
Ötən gecəki zərbədə 10-yaşlı oğlan ölüb, doqquz nəfər yaralanıb. Uşağın meyiti yaşayış binasının dağıntıları altından tapılıb.
Xarkovun əhalisi 1.4 milyon nəfərdir.
Şəhərdən 85 km cənub-şərqdə yerləşən Hrozaya dünənki raket zərbəsində biri uşaq olmaqla, azı 51 nəfər həlak olub. Üçgünlük matəm elan edilib.
Prezident Volodimir Zelenski zərbəni "qəsdən törədilmiş terror hücumu" adlandırıb, Ağ ev isə "inanılmaz dəhşətli" olduğunu deyib. BMT-nin Baş katibi Antonio Quterreş belə hücumları dərhal dayandırmağa çağırıb.
Ukraynanın havadan müdafiə qüvvələri oktyabrın 6-da səhər bildirib ki, ötən gecə Rusiyanın bir sıra vilayətlər üzərinə buraxdığı 33 İran istehsalı drondan 25-i vurulub.
Dunay çayı sahilindəki İzmail limanının da Rusiya dronları ilə vurulduğu, qurğulara ziyan dəydiyi bildirilir. Ukrayna bu liman vasitəsilə buğda ixrac edir.
Bu arada Ukrayna qüvvələrinin ölkənin şərqində və cənubunda hücum və müdafiə əməliyyatlarını davam etdirdiyi xəbər verilir.
Zelenski oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa liderləri ilə görüşüb, Ukraynaya daha çox hərbi yardım əldə etməyə çalışıb. Artıq 20 aya yaxındır müharibə gedir və bəzi müttəfiq ölkələrdə donor yorğunluğunun əlamətləri sezilir.
Zelenski deyib ki, Avropa liderləri ilə əlavə havadan müdafiə sistemləri, o cümlədən Almaniyandan azı bir "Patriot" sistemi almaq üzrə razılaşma əldə edib.