Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 22:16

Kanadanın baş naziri: Ukrayna təyyarəsi İran raketi ilə vurulub


Justin Trudeau, Kanadanın baş naziri

Kanadanın baş naziri Justin Trudeau yanvarın 9-da deyib ki, sübutlar Tehran yaxınlığında qəzaya uğramış Ukrayna təyyarəsinin İran raketi ilə vurulduğunu göstərir:

"Bizim müttəfiqlərimizin və özümüzün kəşfiyyatı da daxil bir neçə mənbədən kəşfiyyat məlumatlarımız var. Sübutlar göstərir ki, təyyarə yer-göy raketi ilə vurulub”.

Trudeau əlavə edib ki, təyyarənin raketlə vurulması “qeyri-ixtiyari” də ola bilərdi.

Adları çəkilməyən ABŞ rəsmiləri ehtimal edirlər ki, Tehran yaxınlığında qəzaya uğramış Ukrayna sərnişin təyyarsi İran tərəfindən səhvən vurulub.

Həmin rəsmilər deyiblər ki, onlar Boeing 737-800 təyyarəsinin İranın hava hücumundan müdafiə sistemləri tərəfindən səhvən vurulduğuna əmindirlər.

ABŞ mediasının yanvarın 9-da verdiyi məlumata görə bu qənaət peyk, radar və elektron məlumatlara istinadən əldə olunub.

İran bu versiyanı “cəfəngiyyat” adlandırıb.

Ukrayna Beynəlxalq Hava Yolları şirkətinin PS 752 reysi ilə Tehrandan Kiyevə uçan təyyarəsi yanvarın 8-də Tehran hava limanından qalxdıqdan az sonra qəzaya uğrayıb və təyyarədəki 176 nəfərin hamısı ölüb.

İranda müəmmalı təyyarə qəzası: 176 nəfər həlak oldu
Gözlə

No media source currently available

0:00 0:10:09 0:00

Bu təyyarə qəzası, İran ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbələri endirdikdən sonra baş verib.

ABŞ prezidenti Donald Trump da bu qəza barəsində şübhəsini bildirib və deyib ki, təyyarə səhvən “kiminsə tərəfindən” vurula bilərdi:

"Bəziləri deyirlər ki, qəza mexaniki səbəblərdən baş verib. Şəxsən mənim bu məsələdə şübhəm yoxdur. Nə isə dəhşətli bir hadisə baş verib”.

Ukrayna təhlükəsizlik qüvvələrinin vəzifəli rəsmisi Oleksiy Danilov deyib ki, hazırda təyyarənin raketlə vurulması versiyası araşdırılır.

Rusiya raketi

Birləşmiş Ştatlarda çıxan Newsweek məcmuəsi bir Pentaqon rəsmisinə, ABŞ kəşfiyyatının vəzifəlisinə və iraqlı kəşfiyyat zabitinə istinadən yazır ki, təyyarənin Rusiya istehsallı Tor raketi ilə vurulduğuna inanılır.

ABŞ kəşfiyyatına istinad edən CBS News bildirir ki, kosmik peyklər iki raket atışı zamanı infraqırmızı “parıltı” və bir partlayış qeydə alıb.

Pentaqon bu barədə hər hansı şərh verməkdən boyun qaçırıb.

İranın Mülki Aviasiya Təşkilatının başçısı Ali Abedzade deyib ki, Ukrayna təyyarəsinin qəzaya uğradığı vaxt İran səmasında bir neçə yerli və beynəlxalq uçuş həyata keçirilirdi.

İran rəsmiləri şahid ifadələrinə istinadən bildirirlər ki, Ukrayna təyyarəsi qəzaya uğramazdan əvvəl alışmışdı və hava limanına qayıtmağa cəhd göstərirdi.

Yanvarın 9-da Ukraynadan Tehrana 45 aviasiya qəzası mütəxəssisi gəlib.

Kiyev və Tehran təhqiqatı əlaqəli aparacaqları barədə razılığa gəliblər.

Tehran qara qutuları verməyəcək

Bu qəzanın araşdırılması ilə bağlı bir sıra ölkələr maraqlarını bildiriblər. Kanadanın xarici işlər naziri François-Philippe Champagne iranlı həmkarı Mohammad Javad Zariflə telefon söhbətində deyib ki, Kanada bu araşdırmaya qoşulmaq istəyir.

İran tərəfi bildirib ki, uçuş və qəzanın əsas məlumatlarının olduğu “qara qutunu” beynəlxalq təhqiqata verməyəcək. Tehran bəyan edib ki, bu mənada Boeing təyyarəsinin istehsalçısı olan ABŞ da istisna təşkil etmir.

Tehran beynəlxalq aviasiya qanunlarına görə bu təhqiqatı özü aparmalıdır və təyyarə sahibi kimi Ukrayna bu təhqiqatda iştirak edə bilər.

Bu arada yanvarın 9-da, günün ikinci yarısında internetdə təyyarənin zenit quruğusu ilə vurulduğunu göstərdiyi iddia edilən videolar yayılıb.

Conflict Intelligence Team jurnalist təhqiqatı saytı bildirir ki, ilk dəfə sözü gedən videonu İran əsilli Nariman Garib dərc edib.

XS
SM
MD
LG