Kiyev yaxınlığında bir qrup sakin polislə və Milli Qvardiyanın hərbçiləri ilə toqquşub. Rusiyanın işğalına qarşı döyüşmək üçün kişilərin çox vaxt zorla orduya cəlb edilməsi ölkədə gərginliyi yenidən artırıb.
Son günlər fərdi yaşayış evlərindən birinin zirzəmisində onlarla kişinin saxlanıldığı və onlardan bəzilərinin işgəncəyə məruz qaldığı barədə şayiələr yayılıb. Noyabrın 2-də baş verən qarşıdurmaya da məhz bu söz-söhbət rəvac verib.
Binanın qarşısına toplaşan kütlə saxlanılanların sərbəst buraxılmasını tələb edib, "İnsanlara işgəncə verilir!" qışqırıb.
Az sonra izdiham "Alçaqlar!" qışqıraraq polis avtobusunu daş-qalaq edib və onu aşırmağa çalışıb. Polis maşınlarının üstünə çıxaraq sayrışan işıqları sındırıblar.
Xüsusi təyinatlı polis qüvvələri isə kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Hadisə yerinə özəl təcili tibbi yardım briqadası çağırılıb.
Axşam saatlarında Milli Qvardiyanın komandanı Oleksandr Pivnenko toplaşanlara bildirib ki, evdə saxlanılanların bir qismi hərbi hissəni icazəsiz tərk etmiş Milli Qvardiya hərbçiləridir. Onlardan dördünün səhhətində problem olduğu bildirilsə də, bunun nə olduğu açıqlanmayıb.
Qurum faktla bağlı daxili təhqiqata başladığını elan edib. Ölkənin əsas istintaq orqanı olan Dövlət İstintaq Bürosu da məsələni araşdırmağa başlayıb.
Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı işğala başlayıb. Ukrayna tərəfi isə hazırda orduya yeni çağırışçıların cəlb olunmasında ciddi çətinlik çəkir.
Ərazi Komplektləşdirmə və Sosial Dəstək Mərkəzləri cəbhəyə davamlı canlı qüvvə axınını təmin etməyə çalışır. Bu mərkəzlərin üzərinə həmçinin çağırışdan yayınanları tapıb üzə çıxarmaq vəzifəsi qoyulub.
"Busifikasiya"
AzadlıqRadiosunun Ukrayna xidmətinin jurnalisti Marian Kuşnir yazır ki, hərbi çağırış əməkdaşlarının "busifikasiya" (mikroavtobusla adam yığmaq) üsulundan istifadə etməsi cəmiyyətdə kəskin narazılıq doğurur. Belə ki, çağırış məmurları mikroavtobuslarla şəhər və qəsəbələri gəzib hərbi xidmətdən yayındığı güman edilən kişiləri axtarır, onları zorla saxlayaraq toplanış məntəqələrinə aparırlar.
Hətta bir dəfə hərbi komissarlıq əməkdaşları ölkənin ən məşhur rok qrupunun Kiyevdəki konsertinə reyd təşkil edərək oradakı kişilərə çağırış vərəqələri paylayıblar.
2024-cü ildə parlament səviyyəsində aparılmış hesablamalar Ukraynada hərbi xidmətə yararlı, 25-60 yaş arası təxminən 4.35 milyon kişinin olduğunu üzə çıxarmışdı. Bu rəqəmin 5 milyon olduğunu iddia edənlər də var.
Rusiyanın işğalçı müharibəsi nəticəsində Ukrayna ordusunun ölən və yaralanan hərbçilərinin ümumi sayının 500 min nəfəri keçdiyi təxmin edilir.
Rusiya kişiləri könüllü şəkildə hərbi xidmətə cəlb etməkdə daha çox uğur qazansa da, orada da məhdud miqyasda olsa belə, şəxslərə məcburi qaydada müqavilə imzalatma halları qeydə alınıb.