Keçid linkləri

2026, 05 Sentyabr, şənbə, Bakı vaxtı 08:37

Zelenski: Rusiya SBU-nun qərargahını vurub. Kiyevdəki atışmanın yaratdığı suallar

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) qərargah binasında yanğın
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) qərargah binasında yanğın

Rusiya sentyabrın 4-də Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Kiyevin mərkəzində yerləşən qərargahına dron hücumu edib. Bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

"Təəssüf ki, Rusiya dronu Kiyevdə, Volodimirska küçəsində, Müqəddəs Sofiya Kafedralı ilə üzbəüz yerləşən Ukrayna Təhlükəsizlik Xidmətinin mərkəzi binasını vurub", – Zelenski SBU rəhbərinin səlahiyyətlərini icra edən Oleksandr Pokladla danışandan sonra "X" platformasında yazıb.

"Dron birbaşa Ukrayna Təhlükəsizlik Xidməti rəhbərinin həmin binadakı kabinetinə yönəldilmişdi", – o əlavə edib.

Kiyevin meri isə Telegram-da bildirib ki, hücum nəticəsində beş nəfər xəsarət alıb. Hadisə yerindən qatı qara tüstü qalxdığı görünüb.

RDK komandir müavininin iddia olunan etiraf videosu

Bu həftə Ukraynanın iki aparıcı təhlükəsizlik qurumunun Kiyev küçələrində atışması şəhər sakinləri arasında narahatlıq yaradıb. Bu insident Rusiyanın Ukraynaya intensiv dron və raket hücumları fonunda baş verib.

Hadisə ətrafında cavablardan çox suallar dolaşır. Bir kişinin Rusiya casusu olduğunu etiraf etdiyi video dolaşıqlığı daha da artırıb. Həmin şəxs sonradan videonun təzyiq altında çəkildiyini bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski həmin atışmanı “biabırçılıq” adlandırıb, sentyabrın 3-də hər iki qurumun rəhbər müavinlərini vəzifədən azad edib.

Atışma SBU kimi tanınan Ukrayna Təhlükəsizlik Xidməti və HUR hərbi kəşfiyyat idarəsinin əməkdaşları arasında baş verib. Hər iki qurum Rusiya qüvvələrinə qarşı silahlı əməliyyatlar həyata keçirir.

İnsidentin ictimaiyyətə bəlli detalları hələ də qaranlıq qalır.

Atışma Ukraynanın dəstəklədiyi Rusiya Könüllülər Korpusunun (RDK) komandir müavini Stepan Kaplunovun həbsi ilə əlaqəli görünür. O indi azadlıqdadır.

Korpus 2023-cü ildə Rusiya ərazisinə sərhədyanı basqınlardan sonra geniş tanınıb. RDK faktiki HUR-un “Timur” xüsusi bölməsinin nəzarətindədir, Rusiya vətəndaşlarından ibarətdir.

“Oğurlanma” və “etiraf”

Kaplunovun vəkili Taras Borovski AzadlıqRadiosuna bildirib ki, müvəkkili avqustun 23-də “oğurlanıb”. Sentyabrın 2-si səhər saatlarınadək onun harada olduğu bilinməyib. Həmin vaxt SBU əməkdaşları axtarış aparmaq üçün onu mənzilinə gətiriblər.

HUR nümayəndələri artıq hadisə yerində onları gözləyirmiş.

Vəkilin dediyinə görə, “HUR-un ‘Timur’ xüsusi bölməsindən döyüş yoldaşları və tərəfdarları da əraziyə gəlməyə başlayıblar”, məhz bundan sonra “əraziyə ilk gələn qruplara hücum edilib”.

Yerli sakinlər AzadlıqRadiosuna danışıblar ki, mənzillərindən çıxmağa qorxublar. Heç bir fərqləndirici nişanı olmayan silahlılar binalar arasında hərəkət ediblər. Onların üstündə yaşıl və mavi lentlər olub.

Borovski hadisə zamanı HUR-un üç hərbçisinin yaralandığını söyləyib.

SBU bildirib ki, Kaplunovun mənzilində axtarış Rusiya xüsusi xidmət orqanlarının təşkil etdiyi iddia olunan “terror aktı” ilə bağlı ibtidai istintaq çərçivəsində aparılıb. Qurumun məlumatına görə, bir qrup silahlı şəxs sübutların toplanması və sənədləşdirilməsinə mane olmağa çalışıb.

SBU-nun iddiasına görə, Rusiya müxalifət hərəkatının liderlərindən birinə sui-qəsd planlaşdırırmış. Qurum bildirib ki, “təxribatın qarşısının alınması” zamanı Kaplunovun Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əlaqələri aşkarlanıb.

Sentyabrın 3-də SBU Kaplunovun etiraf videosunu yayıb. Videoda o deyir ki, “FSB-nin adından çıxış edən bir şəxs Ukrayna Müdafiə Qüvvələrinin hərbçilərinin aradan götürülməsi üçün.. onu ələ almağa çalışıb, onunla əlaqə yaradıb”.

Bundan əvvəl azadlığa buraxılan Kaplunov isə Ukraynanın “Radio NV” kanalına müsahibəsində deyib ki, “psixoloji təzyiq altında” SBU-nun versiyası ilə razılaşıb.

SBU vs. HUR

Kaplunovun komandiri Denis Nikitin AzadlıqRadiosuna deyib ki, SBU onun mənzilində axtarış zamanı ifşaedici heç nə tapmayıb. HUR isə döyüş bölmələrini gözdən salmağa yönəlmiş “məqsədli dezinformasiya kampaniyası” aparıldığını iddia edib.

Hadisə ilə bağlı istintaq davam edir. Ancaq bu, həmin qurumların ilk qarşıdurması deyil, onlar arasındakı rəqabətlə bağlı fikirlər geniş yayılıb.

2022-ci il martın 5-də, Rusiya Ukraynaya qarşı genişmiqyaslı işğala başlayandan 12 gün sonra Belarusda Rusiya ilə danışıqlar aparacaq Ukrayna nümayəndə heyətinin üzvü Denis Kiryeyev Kiyevdə ölü tapılmışdı.

SBU Kireyevin ölümü ilə bağlı öz versiyasını ictimaiyyətə açıqlamadı. Ancaq həmin ayın sonlarında bir Rusiya agentini zərərsizləşdirdiyini bildirdi.

“The Wall Street Journal” 2023-cü ildə HUR-un o vaxtkı rəhbəri Kirill Budanova istinadla yazmışdı ki, Kiryeyev Ukrayna kəşfiyyatı ilə əməkdaşlıq edib, Rusiyanın işğal planlarını bu quruma çatdırıbmış.

Hadisədən sonra hər iki qurumun rəhbərliyində dəyişikliklər edilib. Budanov bu yaxınlarda Zelenskinin administrasiya rəhbəri təyin olunub.

XS
SM
MD
LG