Ukrayna prezidenti Volodimir Zelenski mülki aviaşirkətlərə Rusiyanın hava məkanının təhlükəli olması barədə xəbərdarlıq edib. Bundan sonra ölkədə çoxsaylı reyslərin ləğv edildiyi, aeroportların bağlandığı xəbərləri gəlib.
Kiyev Moskva üçün mülki aviareysləri nə dərəcədə çətinləşdirə bilər?
"Söhbət fəaliyyətin müvəqqəti pozulmasından yox, onun həftənin yeddi günü, sutkanın 24 saatı bloklanmasından gedir. Strategiya bu hava limanlarını istifadəyə yararsız hala salmaqdır", – Ukraynanın Aviasiya Muzeyindən Valeri Romanenko AzadlıqRadiosunun Ukrayna xidmətinə bildirib.
O, belə bir əməliyyatı real sayır. Belə ki, bu zaman Rusiyanın çoxsaylı hava hücumundan müdafiə vasitələri bir istiqamətə yönələr, Ukrayna isə əməliyyatı kiçik dronlarla həyata keçirər.
Xəbərdarlığın yaratdığı durum
Zelenskinin xəbərdarlığından sonra Ukrayna sentyabrın 2-də Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) rəsmi bildiriş göndərib, Rusiya hava məkanında mülki aviasiya üçün risklərin artdığı barədə xəbərdarlıq edib.
Sentyabrın 3-də baş verən hadisələr bu xəbərdarlığın əhəmiyyətini artırıb.
Moskvanın "Vnukovo" aeroportu fəaliyyətini müvəqqəti dayandırıb. Şəhərin "Şeremetyevo" və "Domodedovo" aeroportlarında da məhdudiyyətlər tətbiq olunduğu açıqlanıb. Moskva meri Sergey Sobyanin sentyabrın 2-dən 3-dək Ukraynanın 548 dronunun Moskva vilayəti istiqamətində uçduğunu bildirib.
Rusiyanın Nəqliyyat Nazirliyi aviaşirkətlərin müraciətlərindən sonra xarici daşıyıcılara Rusiya aeroportlarında, hava məkanında görülən təhlükəsizlik tədbirləri barədə izahat verdiyini açıqlayıb.
Nəqliyyat naziri Andrey Nikitin deyib ki, yaranan təsiri minimuma salmaq üçün Müdafiə Nazirliyi və Milli Qvardiya ilə birlikdə işləyir.
Ancaq "Flightradar24" platformasının məlumatlarına görə, sentyabrın 3-də fəaliyyəti dünyada işi ən çox pozulan beş aeroportdan dördü Rusiyada yerləşib.
Yeni hədəflər
Ukraynanın kütləvi dron hücumları əvvəllər də Rusiya aeroportlarında genişmiqyaslı problemlərə səbəb olub. Ancaq bu durum çox çəkməyib. Romanenko deyir, mülki təyyarələrə hücum etmədən Rusiyaya təzyiqi artırmaq üçün əlavə tədbirlər görülə bilər.
Zelenski mülki təyyarələrə hücumu istisna edib. Belə bir hücum müharibə cinayəti sayıla bilər.
"Hədəflər Rusiyanın hava hərəkətini idarəetmə infrastrukturu olacaq: dispetçer qüllələri, hava limanlarındakı avtomatlaşdırılmış eniş sistemləri,… hava hərəkətini idarə edən radar sistemləri. Uçuşların təhlükəsizliyini məhz bu sistemlər təmin edir. Bu sistemlər vurulacaq", – Romanenko belə deyir.
Moskvanın hava məkanının bağlanması ərazisinə görə dünyanın ən böyük ölkəsi olan Rusiyanın bütün aviasiya sektoruna təsir göstərər. Bunu isə Litvada yerləşən "Friendly Avia Support" şirkətinin baş direktoru Aleksandr Lanetski "Current Time"a bildirib: "Moskva aviasiya qovşağı bir həftə iflic olsa, bütün ölkə bunun təsirini hiss edəcək. Burada daimi dron fəaliyyəti uçuşa qadağa zonalarının elan edilməsinə səbəb olar. Hava limanlarının, hətta bütövlükdə regiondakı aviasiya sektorunun fəaliyyəti iflic vəziyyətinə düşər".
Sentyabrın 3-nə aid uçuş məlumatlarına görə, əsasən daxili reyslər pozulub.
Rusiyanın beynəlxalq uçuşlarının, Avropaya reyslərin böyük hissəsi çoxdan ləğv olunub. Buna Moskvanın 2022-ci ildə Ukraynaya qarşı başladığı genişmiqyaslı işğaldan sonra Qərbin sanksiya tətbiq etməsi səbəb olub.
Amma bir sıra ölkələrə çoxsaylı uçuşlar həyata keçirilir. Rusiyanın beynəlxalq sərnişin daşımalarının 72 faizi Türkiyə, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Çin və Misirin payına düşür.
"Bu aviaşirkətlər Rusiyaya uçuş barədə qərar verərkən təhlükələri qiymətləndirəcəklər. Çünki Rusiya hava məkanında təyyarənin itirilməsinə görə məsuliyyət Rusiyanın və müvafiq aviaşirkətin üzərinə düşəcək", – aviasiya və müdafiə texnologiyaları üzrə ekspert Boqdan Dolintse AzadlıqRadiosuna belə deyib.