Keçid linkləri

2026, 30 Oktyabr, cümə, Bakı vaxtı 13:22

WSJ: Ukrayna Trampın təzyiqi ilə Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırıb

Ukraynanın dron hücumundan sonra neft emalı zavodundan tüstü ucalır
Ukraynanın dron hücumundan sonra neft emalı zavodundan tüstü ucalır

Ukrayna ordusu ABŞ prezidenti Donald Trampın təzyiqi ilə Rusiyanın neft emalı zavodlarına zərbə endirməyi dayandırıb. Bu barədə oktyabrın 29-da "The Wall Street Journal" (WSJ) qəzeti əməliyyatlardan məlumatlı mənbələrə istinadən bildirib.

Qəzetin yazdığına görə, uzaqmənzilli zərbələr həyata keçirən Ukrayna bölmələrinə oktyabrın ortalarında deyilib ki, artıq başlanmış əməliyyatlar başa çatdıqdan sonra neft emalı zavodlarına hücum kampaniyası faktiki olaraq dayandırılacaq.

Bu qeyri-rəsmi fasilənin ABŞ-də Konqresə aralıq seçkilər bitənədək, hətta noyabr ayı ərzində də davam edəcəyi gözlənilir.

"Reuters" bu məlumatı müstəqil şəkildə təsdiqləyə bilmədiyini yazır.

Rusiya isə Ukraynanın enerji və mülki infrastrukturuna hücumlarını intensivləşdirib.

Son həftələr Tramp ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında münasibətlər kəskinləşib. Dizel yanacağının rekord həddə bahalandığı bir vaxtda Ukraynanın Rusiyanın enerji infrastrukturuna zərbələr endirməsi Trampı narazı salıb. O, Moskvadan dizel yanacağı alınmasına dair razılaşma əldə edib və Rusiyaya qarşı sanksiyaların tətbiqini dayandırıb.

Oleşkiyə humanitar yardım karvanı yola düşüb

Ukraynanın cənubunda Rusiyanın nəzarətində olan Oleşki şəhərinə isə humanitar yardım karvanı yola düşüb. Bu barədə "İzvestiya" qəzeti oktyabrın 30-da yazıb.

Bir həftə əvvəl ABŞ-nin Birinci xanımı Melaniya Trampın vasitəçiliyi ilə Oleşkidə atəşkəs əldə olunduğu açıqlanıb.

Bir gün əvvəl Rusiya və Ukrayna Oleşki ətrafının minalardan təmizləndiyini bəyan etmişdi.

Bu arada Rusiya Ukraynanın digər bölgələrinə, paytaxt Kiyevə və ölkənin ikinci ən böyük şəhəri Xarkova zərbələr endirib. Hücumlar nəticəsində yanğınlar baş verib.

Moskva meri isə Rusiya paytaxtının dron hücumunu dəf etdiyini bildirib.

Oktyabrın 29-da Rusiya Ukraynanın Dnepr şəhərində dəmir yolu platformasına dron zərbəsi endirib, azı 14 nəfər həlak olub. Gün ərzində digər şəhərlərə zərbələr nəticəsində isə altı nəfər həyatını itirib.

​
XS
SM
MD
LG