Ukrayna müsəlmanların müqəddəs ayı – Ramazanın başlanması münasibətilə Rusiyaya müsəlman hərbi əsirlərin “hamını hamıya” prinsipi ilə dəyişdirilməsini təklif edib.
Ukrayna prezidenti administrasiyasının kommunikasiyalar üzrə müşaviri Darya Zarivna deyib ki, Moskva bu təklifdən imtina edib:
“Biz mədəniyyətlərə və ənənələrə ehtiram səbəbilə hər iki tərəfdən müsəlman əsirlərin “hamını hamıya” prinsipi ilə mübadiləsini təklif etdik. Təəssüf ki, Moskva bu təklifə elə də həvəslə yanaşmadı.”
Zarivna Rusiya tərəfi ilə danışıqların olduqca çətin proses olduğunu vurğulayıb və deyib ki, Kiyev mümkün qədər çox ukraynalının əsirlikdən qaytarılmasına çalışır və bu məqsədlə müxtəlif yollar axtarır.
Rusiya tərəfi Kiyevin bu təklifi ilə bağlı hələ ki, heç bir şərh verməyib.
Krımlı tatar siyasi məhbuslar
Ukrayna ombudsmanı Dmitri Lubintsdə olan son məlumata görə Rusiya Krımdan olan 180 siyasi məhbusu qanunsuz olaraq saxlayır və bunlardan 116-sı müsəlman Krım tatarıdır.
Ötən ilin sonlarında Ukrayna Krım tatarlarından olan hərbi həkim Asan İsanciyevi Rusiya əsirliyindən azad etdirə bilib.
O Azovstal zavodunda son imkana qədər müqavimət göstərən Ukrayna hərbçilərinə tibb xidməti göstərirdi.
Hələ Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsindən əvvəl prezident Volodimir Zelenski demişdi ki, Kreml Ukrayna siyasi məhbuslarının azad edilməsi prosesini “süni bəhanələrlə” uzadır.
O bu siyasi məhbusların arasında çox sayda Krım tatarının olduğunu vurğulamışdı.