Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 06:52

Altmış illik tarixi ərzində «Eurovision» müsabiqəsini dəfələrlə ittiham ediblər. Qalibin, iştirakçıların istedadı və musiqi nömrələrinin keyfiyyətinə görə yox, siyasi gündəmə görə seçildiyini iddia ediblər. İştirakçı ölkələr dönə-dönə həm təşkilatçıları, həm də bir-birini müsabiqəni siyasiləşdirməkdə günahlandırıblar.

«Eurovision» iştirakçılarının birinci və əsas iddiası qonşulara səsvermə praktikası ilə bağlıdır. Müsabiqənin şərtlərinə görə, öz ifaçısına səs verə bilməyən iştirakçılar artıq illərdir ki, bir-birini tərifləyə-tərifləyə qonşularına ən yüksək xalları göndərirlər: Balkan ölkələri, Rusiya və Belarus, Yunanıstan və Kipr, Azərbaycan və Türkiyə... Sonra internet istifadəçiləri yarım il «Eurovision»da verilən yüksək balları münasibətlərin yaxşılaşması əlaməti kimi qiymətləndirməyə çalışırlar.

BRİTANİYA, GÜRCÜSTAN QALMAQALLARI

«Eurovision»da aşağı yerləri tutmaq daim siyasi müzakirələrə yol açır. Məsələn, əksər britaniyalılar hələ də əmindirlər ki, ölkənin 2003-cü ildə üzləşdiyi məğlubiyyət qətiyyən ifa edilən mahnıya görə yox, baş nazir Tony Blair-in İraqa qoşun yeritməsiylə bağlı olmuşdu. Həmin il Britaniya müsabiqədə 0 xal toplayaraq sonuncu yeri tutmuşdu.

Ən narazı ölkələrsə hətta təmsilçilərini müsabiqədən geri çağırırlar. Məsələn, səkkizgünlük müharibədən yarım il sonra, 2009-cu ildə Gürcüstan Moskvada keçirilən «Eurovision» müsabiqəsində iştirakdan imtina etmişdi. Maraqlıdır ki, Gürcüstanın milli müsabiqəsində qalib gələn mahnının adı belə idi: «We Don't Wanna Put In». Rusiyanın təzyiqi ilə Avropa teleradio yayımçıları Gürcüstana mahnının mətnini dəyişməyi, Rusiya prezidenti Vladimir Putin-in adı ilə eyni olan sözləri yığışdırmağı təklif etmiş, ancaq ölkə bundan imtina edərək, ümumiyyətlə, müsabiqəyə qatılmamışdı.

Ermənistan da müsabiqəni boykot edib. 2012-ci ildə ölkə təmsilçiləri Ermənistan-Azərbaycan sərhədində erməni əsgərinin öldürülməsinə etiraz edərək, Bakıda keçirilən yarışmaya qatılmamışdılar. Ermənistan əsgərin qətlinə görə Azərbaycan snayperlərini ittiham etmiş, Azərbaycan prezidenti isə öz çıxışında demişdi ki, ölkəsinin əsas düşməni «dünya erməniləri»dir. O zaman Ermənistanı yarışmadan gec imtina etdiyinə görə cərimələmişdilər.

43 AZƏRBAYCANLI ERMƏNİSTANA SƏS VERMİŞDİ

Bu, «Eurovision» müsabiqəsində Ermənistan və Azərbaycan arasında yaranmış ilk qalmaqal deyildi. Moskvada keçirilən müsabiqədə erməni iştirakçılar öz salamlama videolarına Dağlıq Qarabağda, Xankəndində yerləşən abidənin görüntüsünü daxil etmişdilər. Azərbaycan öz ərazilərinin görüntülərinin bu videoya yerləşdirilməsinə etiraz etmiş, videonun yekun nümayişi zamanı həmin kadrlar kəsilmişdi.

Ancaq bununla yanaşı, Azərbaycanın 43 sakini Ermənistana səs vermişdi. Müsabiqədən sonra onlardan bəziləri BBC-yə vətənpərvər olmadıqlarına görə ifadə verməyə çağrıldıqlarını bildirmişdilər.

Rusiya da builki «Eurovision»ı boykot etmək barədə düşünürdü. Səbəb ötənilki müsabiqədə Krım tatarı mənşəli Ukrayna təmsilçisinin qalib gəlməsi idi. Ötən il Stokholmda keçirilən müsabiqədə Jamala Krım tatarlarının öz tarixi yurdlarından Özbəkistana sürgün edilməsindən söz açan «1944» mahnısını oxumuşdu. O zaman Rusiyadakı narazı tamaşaçılar bir neçə petisiya hazırlamışdılar. Onlar Jamala-nın «müsabiqənin qaydalarını pozduğuna görə» qələbədən məhrum edilməsini, birinci yerin Rusiya təmsilçisi Sergei Lazarev-ə verilməsini tələb edirdilər.

DEPUTATLARDAN ÇAĞIRIŞ

Deputatlar Vitaly Milonov və Iosif Kobzon Rusiyanı «Eurovision-2017»də iştirakdan imtinaya çağırırdılar. Ancaq ərizələrin verilməsinin son tarixinə bir neçə saat qalmış Birinci kanal ölkənin müsabiqəyə qatılacağını elan etdi.

V.Milonov bu təklifi daim irəli sürür. Avstriya təmsilçisi Conchita Wurst-un qələbəsindən sonra o, Mədəniyyət Nazirliyinə müsabiqədən imtina edərək, özünün «krujeva yubka geymiş kişilərsiz» «Eurovision»ını keçirməyi təklif etmişdi.

Qadın geyimində olan saqqallı kişinin qələbəsi Rusiya cəmiyyətində səs-küylə qarşılanmışdı. Üstəlik, bu, Rusiyada homoseksualizm təbliğatını yasaqlayan qanunun qəbulundan yarım il sonraya təsadüf edirdi.

1998-ci ildə israilli transgender ifaçı Dana International qalib gələndə, ortodoks yəhudilər də buna bənzər reaksiya vermişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG