Oktyabrın 10-dan bəri Rusiyanın nəhəng raket və dron hücumları Ukraynanın mülki infrastrukturunun 30%-ni məhv edib. Elektrik stansiyaları, transformator şəbəkələri və digər obyektlər hədəfə alınaraq vurulub.
Ukraynanın Kommunikasiya və Ərazi İnkişaf naziri Oleksey Çernışov oktyabrın 13-də “üç gün ərzində orta günlük temperatur 8º C-dən aşağı olan kimi” istiliyin normal qaydada veriləcəyini deyib. Hökumət vətəndaşları elektrik enerjisindən istifadəni minimallaşdırmaqla təchizatın sabitləşdirilməsinə kömək etməyə çağırıb.
Bəzi ərazilərdə sakinlər qrafiklə elektrik kəsintilərinin ola biləcəyi barədə xəbərdarlıq ediblər. Dağıntıların aradan qaldırılması üzərində iş gedir. Ukrayna Avropa İttifaqına (Aİ) elektrik ixracını müvəqqəti dayandırıb.
Təmir daha asan başa gəlir
"Praktik olaraq ölkənin hər bir regionundakı istilik elektrik stansiyaları zədələnib. Yüksək voltajlı xətlər və paylama şəbəkələri də ciddi zədələnib", – Ukraynanın keçmiş Yanacaq və Enerji naziri İvan Plaçkov AzadlıqRadiosunun Amerikanın Səsi ilə birgə “Nastoyaşeye Vremya” layihəsinə müsahibəsində deyib.
"Vəziyyət son dərəcə kritikdir”, – karyerasının 50 ilini enerji sektorunda çalışmış Plaçkov söyləyib.
Onun sözlərinə görə, buna baxmayaraq, bütövlükdə elektrik şəbəkəsi fəaliyyət göstərməkdədir və qarşıdakı həftələr ərzində tam bərpa ediləcək: “Paylayıcı şəbəkələri təmir etmək daha asandır. Briqadalar iş başındadır”.
Ancaq o əlavə edib ki, yüksək voltajlı transformatorların bərpası daha böyük problemdir. Çünki onların istehsalı altı aya qədər vaxt alır və dünyada istehsalçıların sayı çox azdır.
Ehtiyat elektrik işlədilir
"Transformatorlarımızın çoxu Zaporojye Transformator Zavodundan gəlir. İndi ehtiyatda olan elektriki işlədirik. Ancaq onun da həcmi məhduddur. Söhbət həqiqətən bahalı avadanlıqdan, onlarla, yüzlərlə milyon hrivnadan (yüz minlərlə və ya milyonlarla dollar) gedir. Biz Şərqi Avropadakı tərəfdaşlarımızdan yardım almağa ümid edirik… Polşa, Macarıstan, Rumıniyadan”, – keçmiş nazir deyir.
Yaxın gələcəkdə ölkə elektrik enerjisi istehsalında problemlərlə üz-üzə qalacaq.
"Buna görə də elektrik enerjisi istehlakında məhdudiyyətlər olacaq. Şəbəkəni fəaliyyətdə saxlamaq üçün mümkün qədər çox enerji toplayıb saxlamalıyıq”, – Plaçkov vurğulayır.
Lvovun merindən xəbərdarlıq
Qış yaxınlaşdıqca istiliklə bağlı problemlər artacaq. Oktyabrın 11-də Qərbi Ukraynadakı Lvov şəhərinin meri Andrey Sadovıy hər kəsi "özünü çətin zamanlara, … bəlkə də ölkə tarixinin ən çətin dövrünə hazırlamağa” çağırıb.
"Qarşıda bizi çətin həftələr və aylar gözləyir. Hal-hazırda sabah nə baş verəcəyini əvvəldən demək çətindir. Tibb ocaqlarını işlək vəziyyətdə saxlamaq üçün əlimizdən gələni edəcəyik", – Sadovıy xalqa müraciətində deyib.
Plaçkov deyir ki, "[rus ordusunun] raketləri bitənədək" işlərin nə vaxt yenidən normallaşacağını söyləmək mümkün deyil.
"Ukraynanın şəhərlərdə yaşayan bütün vətəndaşları hazırlıqlı olmalıdırlar. Onlar əvvəlcədən kənd yerində yaşayan dostlarını və qohumlarını tapsınlar ki, köçmək, uşaqlarını, yaşlılarını köçürmək ehtiyacı yarananda gedib bir müddət orada gözləsinlər”, – o vurğulayır.