Keçid linkləri

2026, 04 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 00:54

Rusiyanın logistika obyektləri yenidən hədəfdə. Zelenskidən 'Patriot' çağırışı

Ukrayna dronunun Vladimir vilayətində "Wildberries" anbarına hücumu
Ukrayna dronunun Vladimir vilayətində "Wildberries" anbarına hücumu

Avqustun 3-nə keçən gecə Ukrayna və Rusiya logistika, enerji və mülki infrastruktur obyektlərinə dron hücumları həyata keçiriblər. Ukrayna prezidenti Volodimir Zelenski isə Qərb müttəfiqlərini "Patriot" hava hücumundan müdafiə sistemlərinin çatdırılmasını sürətləndirməyə çağırıb.

Ukrayna Rusiyanın ən böyük onlayn pərakəndə satış şirkəti olan "Wildberries"in logistika infrastrukturuna zərbələri davam etdirib, bu dəfə Vladimir vilayətindəki anbarını vurub. "Wildberries" avqustun 3-də baş verən hücum nəticəsində xəsarət alan olmadığını bildirib.

Bu hücumdan bir gün əvvəl Ukrayna sərhədindən təxminən 800 kilometr uzaqlıqda yerləşən Samara vilayətindəki "Wildberries" dronlarla vurulub.

Ukrayna qüvvələri son həftələr Rusiyanın müxtəlif regionlarında "Wildberries"in onlarla anbarına zərbələr endirib. Kiyev bu şirkəti Rusiyanın hərbi logistikasını dəstəkləməkdə, ikili təyinatlı məhsullar satmaqla Moskvanın müharibə səylərinə töhfə verməkdə ittiham edir. Moskva bu ittihamları rədd edir.

Rusiya isə avqustun 2-də Kiyev vilayətində Ukraynanın "Rozetka" onlayn pərakəndə satış şirkətinə məxsus anbarı iki dronla vurulub. Xəsarət alan olmayıb. Bir gün öncə həmin obyektə hücum nəticəsində bir nəfər ölüb, azı altı nəfər yaralanıb.

Dron zərbələri davam edir

Rusiyanın Müdafiə Nazirliyi avqustun 3-də bildirib ki, ölkənin müxtəlif regionlarında gecə ərzində Ukraynaya məxsus 131 dron vurulub.

Rusiya da Ukraynaya hücumlarını davam etdirib. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya ötən gecə 181 zərbə tipli dron buraxıb.

Zelenski avqustun 2-də sosial şəbəkə hesabında yazıb ki, Rusiya təkcə son bir həftə ərzində Ukraynaya qarşı təxminən 1900 dron, 1600-ə yaxın idarəolunan aviasiya bombası və ballistik raketlər də daxil olmaqla, 144 müxtəlif tipli raketdən istifadə edib

Ukraynaya son hücumlardan sonra Zelenski Qərb müttəfiqlərinin hərbi yardım tempindən narazılığını bildirib, "Patriot" raketlərinin, digər silahların daha sürətlə çatdırılmasını istəyib.

""Patriot" raketləri dünyada var. İndi əsas məsələ tərəfdaşlarımızın siyasi qərar verməsidir – yəni lazımi tədarükün təmin olunması barədə qərar", – Zelenski avqustun 1-də axşam müraciətində bildirib.

"ABŞ nəyə ehtiyacımız olduğunu bilir. Avropa bizə nə gərəkdiyini bilir... Ballistik raketlərdən müdafiə üçün nəzərdə tutulan raketlər insanları qorumalıdır, anbarlarda saxlanılmamalıdır", – o vurğulayıb.

Ukraynanın zərbələrindən Belqorodda 4 nəfər həlak olub

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində son sutkada dörd nəfər həlak olub. Bu haqda Belqorod vilayətinin qubernatoru Aleksandr Şuvayev avqustun 3-də səhər sosial şəbəkələrdə yazıb. Onun sözlərinə görə, ölüm halları Valuyki və Qrayvoron rayonlarında qeydə alınıb. Həlak olanlardan biri uşaqdır. Avqustun 2-də axşam saatlarında dron zərbəsindən 13 yaşlı qızın öldüyü bildirilmişdi.

Daha 17 nəfərin xəsarət aldığı bildirilir. Hakimiyyət orqanları hava hücumundan müdafiə qüvvələrinin 159 dronu vurduğunu və ya zərərsizləşdirdiyini iddia edir. Onlardan neçəsinin hədəfə çatdığı barədə məlumat verilməyib.

Qubernator onu da yazıb ki, gecə saatlarında Belqorod şəhərinə üç dronla hücum edilib. Onun sözlərinə görə, sosial təyinatlı bir binada və iki kommersiya anbarında yanğın baş verib, yanğınsöndürənlər bütün yanğın ocaqlarını söndürüblər.

Bundan əvvəl yerli Telegram kanalları və Ukraynanın monitorinq kanalları gecə hücumu nəticəsində Belqorod Dövlət Texnologiya Universitetinin korpuslarından birinin yandığını yazmışdı. Həmin binada dronların hazırlandığı və sınaqdan keçirildiyi bildirilir. "Pepel" Telegram kanalı binanın tamamilə yandığını iddia edib.

"Pepel" həmçinin gecə saatlarında dronların Belqorodda "Delovıye Linii" şirkətinin anbarına da hücum etdiyini bildirib. Kanalın məlumatına görə, zərbə nəticəsində anbarda yanğın başlayıb və bina tamamilə yanıb.

Ukrayna hərbçiləri əsasən dronlarla Belqorod vilayətinə, demək olar, hər gün hücum edirlər. Onlar adətən bu zərbələrlə bağlı rəsmi açıqlama vermirlər. Belqorodla həmsərhəd olan Ukraynanın Xarkov vilayəti də hər gün Rusiyanın hücumlarına məruz qalır.

Krıma dron hücumunda 3 nəfər ölüb

Avqustun 3-nə keçən gecə Rusiyanın ilhaq etdiyi Krımın müxtəlif rayonlarında partlayışlar baş verib, Rusiya ordusunun mobil atəş qrupları işə düşüb, Kerç şəhərində yanğınlar qeydə alınıb, Kerç (Krım) körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb. Bu barədə "Krım.Realii" yerli monitorinq kanallarına istinadla məlumat yayıb.

Krıma Rusiyanın təyin etdiyi rəsmilər avqustun 3-də səhər Ukrayna Silahlı Qüvvələrinin gecə zərbələrindən üç nəfərin öldüyünü, iki nəfərin isə yaralandığını açıqlayıb.

Ukrayna hərbçiləri hücumlarla bağlı, hələlik, şərh verməyiblər.

İyun və iyul aylarında Krımdakı hərbi və enerji obyektləri, eləcə də Rusiyanın logistika marşrutları tammiqyaslı müharibə başlayandan bəri Ukraynanın ən genişmiqyaslı hücumlarına məruz qalıb.

XS
SM
MD
LG