Ukraynanın Donetsk vilayətindəki Avdeyevka Rusiya qüvvələrinin basqınına məruz qalır, orada kritik vəziyyət yaranıb və şəhər Rusiyanın nəzarətinə keçə bilər. Bunu fevralın 15-də Vaşinqtonda brifinqdə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Körbi (John Kirby) deyib.
Bundan öncə "The Washington Post" qəzeti Ukrayna hərbçilərinə istinadla yazıb ki, Ukrayna silahlı qüvvələri şəhərdən qismən çəkilməyə başlayıblar. Nəşrə danışanlar Avdeyevkanın itirilməsinin zaman məsələsi olduğunu deyiblər. Ukrayna hərbçilərinin şəhərdəki son istehkamı koks-kimya zavodu ola bilər.
Rusiyapərəst Telegram kanalları xəbər verirlər ki, Ukrayna hərbçiləri şəhərdə bir neçə mövqeyə nəzarəti itiriblər. Rusiya qüvvələrinin Avdeyevkaya əsas girişi tutduğu xəbər verilir.
Mövqelər dəyişir
Ukraynanın "DeepState" layihəsi Rusiya qüvvələrinin Avdeyevkanın şimalında və cənubunda irəlilədiyini xəbər verir.
Ukrayna ordusu baş qərargahı son bir sutkada Avdeyevka rayonunda Rusiyanın 34 hücumu barədə məlumat yayıb. Məlumatda deyilir ki, Rusiya qüvvələri Avdeyevkanı mühasirəyə almaq cəhdlərindən əl çəkmir, "Ukrayna hərbçiləri onları böyük itkiyə məruz qoyaraq müdafiəni saxlayırlar".
Ukrayna qüvvələrinin bəzi yerlərdə "daha sərfəli" mövqelərə çıxdığı, digər yerlərdə isə əksinə, mövqelərdən çəkildiyi bildirilir.
Döyüş zonasından gələn məlumatları müstəqil təsdiqlətmək mümkün olmayıb.
Rusiya ordusu ötən ilin oktyabrından Donetsk vilayətindəki Avdeyevka şəhərinə kütləvi hücuma başlayıb. Müxtəlif mənbələrdən gələn məlumatlara görə, prezident Vladimir Putin tabeliyində olanlara vilayətin tamamilə ələ keçirilməsini tapşırıb.