Media xəbərlərində deyilir ki, Hollandiyada bugünlərdə keçirilmiş referendumun nəticələrinə baxmayaraq Avropa İttifaqı Ukrayna üçün vizasız gediş-gəliş rejiminin yaradılması niyyətinə sadiq qalır.
Hollandiyada keçirilmiş referendumda adamların 60 faizi Ukraynanın Avropa İttifaqına qəbul edilməsinin əleyhinə səs vermişdi.
"İkiqat xəyanət?"
Bir sıra Avropa qəzetləri yazır ki, “hollandlar həm Avropa İttifaqı, həm də öz hökumətləri tərəfindən ikiqat xəyanətə məruz qalıblar”.
Brüssel bəyan edib ki, referendumun nəticələrinə baxmayaraq Avropa ilə Ukrayna arasında imzalanmış sazişin bəndlərinə əməl ediləcək.
Bir çox siyasətçilər Avropa İttifaqının bu addımını demokratiyaya zərbə adlandırıblar.
Bu da qeyd olunmalıdır ki, Kreml Hollandiya referendumunun nəticələrini böyük sevinclə qarşılamışdı və Rusiya telekanalları rəsmi Kiyevin düşdüyü vəziyyətə rişxənd edirdilər.
Hollandlar 45 milyonluq Ukraynaya 28 ölkənin daxil olduğu Şengen zonasına sərbəst girişin verilməsindən narahat idilər.
Avropanın vəzifəli rəsmilərindıən biri “The Express” qəzetinə deyib ki, “bu addım qeyri-demokratik görünə bilər, lakin biz Ukraynaya verdiyimiz sözün üstündə dayanmalıyıq”.
“Onlar bütün şərtlərə əməl ediblər” – deyib rəsmi.
Merkel-lə Hollande-ın qərarı
Bundan əvvəl, əslində referendum nəticələrinin elanından bir neçə saat sonra Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Hollande “xalq səsverməsinin” nəticələrinə məhəl qoyulmayacağına işarə etmişdilər.
Bu addım qeyri-demokratik görünə bilər, lakin biz Ukraynaya verdiyimiz sözün üstündə dayanmalıyıq
Hollandiya hökumətinə gəlincə isə, baş nazir Mark Rutte prezident Poroshenko-ya referendumun nəticələrindən asılı olmayaraq Ukraynanın ittifaqa üzvlüyü üçün əlindən gələni edəcəyini vəd etmişdi.
Mətbuat yazır ki, Brüsselin bu qərarının qarşısını almaq mümkün olmayacaq, çünki qərar adi səs çoxluğu ilə Avropa Parlamentindən keçməlidir.
Bu qərarı tənqid edənlər deyirlər ki, Şengen zonasına üzv olmağa Ukraynadan əvvəl də növbəyə dayananlar var.
Türkiyə iyun ayınadək Avropa İttifaqı qarşısında miqrantlara dair götürdüyü öhdəlikləri yerinə yetirərsə, onun da 70 milyonluq əhalisinə Avropaya vizasız gəlmək icazəsi verilməlidir.