Keçid linkləri

2026, 31 İyul, cümə, Bakı vaxtı 12:58

UEFA dünya çempionatını boykotla hədələyir

UEFA
UEFA

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Beynəlxalq Futbol Federasiyasının (FIFA) dünya çempionatı hüquqlarını özəl investorlara satmaq planına etiraz olaraq ali futbol qurumunun turnirlərini boykot etmək qərarına gəlib.

Cümə axşamı keçirilən təcili iclasda UEFA-ya üzv olan bütün 55 milli assosiasiya bu qərarın lehinə səs verib. Avropa yığmaları həm kişi və qadınlar arasındakı dünya çempionatlarını, həm də klublararası dünya birinciliyini boykot etməyi planlaşdırır.

"Dünya çempionatına bir investisiya məhsulu kimi baxmaq olmaz. Bu, futbolun ən böyük mənəvi irslərindən biridir. Onu nəsillər boyu bütün qitələrdən olan oyunçular, milli komandalar və azarkeşlər ərsəyə gətirib. Onun heç bir parçası özəl investorlara ötürülməməlidir. Dünya çempionatı satılmır", – UEFA-nın bəyanatında deyilir.

Qurumdan o da bildirilib ki, Avropa yığmaları turnirlərə yalnız iki şərtlə qatılacaq: sözügedən təklif tamamilə geri götürülməli və gələcəkdə özəl sərmayədarların FIFA və ya onun turnirlərinin idarə edilməsinə cəlb olunmayacağına dair hüquqi cəhətdən məcburi zəmanət verilməlidir.

İyulun 28-də FIFA prezidenti Canni İnfantino "FIFA Forward Enterprise" (FFE) şirkətini yaratmaq planlarını açıqlayıb. Bu yeni şirkətə FIFA-nın əsas yarışları üzrə kommersiya və əməliyyat funksiyalarının ötürülməsi nəzərdə tutulur. Strukturun təxminən 20 faizinin isə özəl investorlara satılması planlaşdırılır.

Mümkün investorlar arasında ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin qardaşı Coşua Kuşnerin təsis etdiyi 'Thrive Eternal' şirkəti də var."

"Sky News"un məlumatına görə, İnfantino FIFA-ya üzv olan 211 assosiasiyaya məktub göndərərək onun planını dəstəkləmək üçün sentyabrın 19-na qədər vaxt verib. Qurum rəhbərinin stimul qismində 40 milyon dollar təklif etdiyi iddia olunur.

FIFA-nın növbəti böyük beynəlxalq tədbiri 20 yaşadək qadınlar arasında futbol üzrə dünya çempionatıdır. Sentyabrın 5-də Polşada başlamalı olan turnirdə 24 ölkənin iştirakı nəzərdə tutulur və onlardan altısı Avropanı təmsil edir.

XS
SM
MD
LG