Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:35

3 il əvvəl ucqar kəndlərə göndərilmiş müəllimlər


Azərbaycanda kənd məktəbi.
Azərbaycanda kənd məktəbi.

Cavanşir Bayramlı gənc müəllimdir. Həyat yoldaşı ilə birlikdə Təhsil Nazirliyi tərəfindən İmişlinin Mürsəlli kənd tam orta məktəbinə göndərilib. Özünün və həyat yoldaşının qanundakı imtiyazlardan yararlana bilməməsindən şikayətçidir.

700 MANAT ƏVƏZİNƏ 388 MANAT HESABLANIB

C. Bayramlı təzəlikcə kənd məktəbində informatika fənni müəllimi kimi işə başlayıb. Nazirlər Kabinetinin uyğun qərarında göstərilir ki, pedaqoji profilli ali və orta ixtisas təhsilli ocağını bitirmiş, dövlət sifarişinə əsasən konkret iş yerinə göndəriş almış gənc mütəxəssislərə ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əmək haqqının 2 misli həcmində birdəfəlik yardım ödənilsin. Ancaq deyir, Təhsil Nazirliyinin 12 saylı ərazi maliyyə hesablama mərkəzi ona çatmalı olan birdəfəlik əmək haqqını düzgün hesablamır:

Buna da bax:​ Əyalət müəllimləri nə vaxt yada düşəcək?

“Təhsil Nazirliyinin Sabirabad regional təhsil idarəsinə müraciət etsəm də, cavab verilmir. Əmək haqqım 350 manatdır və mənə işə başlayanda ilk əmək haqqı ikiqat hesablanmalıdır – 700 manat. Ancaq nədənsə, 388 manat hesablanıb və bununla razılaşmıram”.

Gənc müəllim ailəsi digər imtiyazlardan da kənarda qalıb, məsələn, torpaqla təmin olunmayıblar.

YOLPULU DA KƏSİLİB

Şəkidəki ucqar məktəblərdən birində göndərişlə müəllimlik edən və adının çəkilməsini istəməyən başqa bir müəllim də AzadlıqRadiosu-na gileylənir:

“Mən bura işləməyə göndəriləndən vədlərin heç biri yerinə yetirilmədi. Əsas çətinliyim də müəllimlərə 3 illik güzəştlər bitdikdən sonra başladı”.

Buna da bax:​ Lənkəranda müəllimlərdən pul yığılır?

Müsahib deyir, kəndə göndəriləndə vəd olunan torpaq sahəsi bir tərəfə, hətta 3 ildən sonra yolpulu da kəsilib.

Ucqar kənddə yeni işə başlamış Cavanşir Bayramlıya və həyat yoldaşına isə heç yolpulu da verilmir. Maaşı azdır. Burada yerlilər, əsasən, əkin və heyvandarlıqla məşğul olurlar. Gənc müəllimlərinsə bir qarış torpağı yoxdur ki, başını dolandırsın.

“RƏSMİ MÜRACİƏT ETSİN”

Təhsil Nazirliyinin Sabirabad regional təhsil idarəsindən AzadlıqRadiosu-na bildirilib ki, Cavanşir Bayramlı idarəyə razılaşmadığı məsələlərlə bağlı rəsmi müraciət etsə, araşdırılıb tədbir görülər.

Buna da bax:​ Müəllimlərin məzuniyyət pulları hanı?

Hüquqşünas Vaqif Alıyev də gənc müəllimin idarədən müsbət cavab almazsa, Təhsil Nazirliyinə müraciət etməsini məsləhət görür:

“Ucqar kəndlərə göndərilən müəllimlərə bir sıra imtiyazlar nəzərdə tutulur. Əgər müəllim bu imtiyazlardan yararlana bilmirsə, əvvəl idarəyə, sonra Təhsil Nazirliyinə rəsmi müraciət etməlidir. Aldığı cavab marağını təmin etməzsə, o zaman Nazirlikdən aldığı cavabı da ərizəsinə əlavə edib məhkəməyə üz tuta bilər”.

Kənd yerlərinə işləməyə gedən müəllim və həkimlərə qanunda bir sıra stimullaşdırıcı imtiyazlar var. Təqribən iki il öncə onlara güzəştli ipoteka kreditləri ayrılması da nəzərdən keçirilirdi.

XS
SM
MD
LG