Keçid linkləri

Təcili xəbərlər
2022, 25 May, çərşənbə, Bakı vaxtı 07:48

Azərbaycan xəbərləri

Tütün idxalında çoxalma, ixracında isə azalma var

Foto: arxiv

2017-ci ilin yanvar-fevral aylarında Azərbaycana 15 834,12 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Məlumatı Dövlət Gömrük Komitəsi yayıb.

Məlumata görə, bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1401,78 min dollar yaxud 8,85% çoxdur.

Nəticədə, iki ay ərzində ölkəyə idxal olunan tütün və tütün məmulatları ümumi idxalın 1,63%-ni təşkil edib.

Bu dövrdə Azərbaycandan 2 567,67 min dollar məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib. Bu da əvvəlki il ilə müqayisədə 47,81 min dollar, yaxud 1,83% azdır.

Tütün və tütün əvəzedicilərinin ixracı ölkənin ümumi ixracının 0,11%-nə bərabər olub.

Bütün xəbərləri izləyin

Nazirliyin adı yenə dəyişdi və…

Mayın 24-də prezident Əliyev habelə Cavid Qəmbər oğlu Qurbanovu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edib

Bugün, mayın 24-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” özünün 4 il əvvəl, 12 yanvar tarixli fərmanına dəyişiklik edib.

Dəyişikliyə əsasən nazirliyin adında “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilir.

Bu qurum 5 il əvvəl Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalr Nazirliyinə birləşməsi nəticəsində yaradılıb. Ondan əvvəl də nazirliyin adında dəyişiklik edilib.

Mayın 24-də prezident Əliyev habelə Cavid Qəmbər oğlu Qurbanovu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edib.

Cavid Qurbanov 2015-ci ildən bu vəzifəni tuturdu.

O prezidentin başqa bir sərəncamı ilə Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Prezidentin mayın 24-də imzaladığı başqa sərəncamlarla daha iki şəxs də sözü gedən qurumda nazir müavini postuna təyin ediliblər.

Yeni fərmanla nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavinlərinin sayı artırılıb.

Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri sərhəddə görüşüb

Bugün, mayın 24-də Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryan görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, bu, Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində iki ölkə arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüş olub:

“Tərəflər, delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər. Komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur məsələləri müzakirə edilib.”

Məlumata görə, tərəflər, dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, Komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəliblər.

Bildirildiyinə görə, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.

Mayın 22-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyanla görüşmüşdü.

Tərəflər sərhədlərin demarkasiyası komissiyasının işə başlaması üzrə razılığa gəlmişdilər.

Həmin görüşdən bir gün sonra – mayın 23-də iki ölkə liderləri sərhədlə bağlı komissiya yaradaraq onun tərkibini təsdiqləyiblər. Elə həmin gün prezident Əliyev türkiyəli həmkarı Recep Tayyib Erdoğana telefon zəngində deyib ki, Brüssel görüşündə “Zəngəzur dəhlizinin (Ermənistanın Sünik bölgəsindən keçməsinin nəzərdə tutulduğu bildirilir) açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə də bağlı tərəflər razılığa gəliblər”.

Amma öz növbəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mayın 24-də “Armenpress” agentliyinin sualına cavabında bir daha ölkəsinin bu məsələdə mövqeyinin dəyişmədiyini deyib. Qriqoryanın sözlərinə görə, Ermənistan ərazisindən dəhliz məntiqi ilə yol, yaxud nəqliyyat marşrutu ola bilməz.

“Brüsseldə əldə olunan bütün razılaşmalar regional kommunikasiyaların açılmasıyla əlaqədardır...”, – Qriqoryan deyib.

Azərbaycan 2020-ci ildə, 44 günlük müharibə nəticəsində Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə (Azərbaycanın Laçın rayonundan keçir) və Qarabağdakı təmas xəttində Rusiya hərbçiləri yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

'Tərtər işi'nə görə narazılıqlar davam edir

"Tərtər işi" üzrə zərərçəkənlərin qohumları yeni istintaqın gedişindən narazıdırlar

Mayın 24-də "Tərtər işi" çərçivəsində bəzi həbs olunan şəxslərin yaxınları Baş Prokurorluğun inzibati binasının yaxınlığında etiraz aksiyası keçiriblər. Onlar işin ədalətli araşdırılmasını, yaxınlarının azadlığa buraxılmasını və günahkarların cəzalandırılmasını tələb ediblər.

Aksiya iştirakçıları vurğulayıblar ki, iş üzrə istintaq yenilənsə də, prosesin əvvəlində baş verən özbaşınalıqlarda əsl günahkarlar hələ də həbs edilməyib. Onların sözlərinə görə, yeni həbs edilənlər elə əvvəldən işgəncələrlə bağlı haqlarında cinayət işi açılanlardır.

2017-ci ildə iş üzrə həbs olunmuş hərbiçi Seymur Həsənovun anası: "Gəlirik, bizə bir söz deyilir, digər tərəfdə isə ayrı söz eşidirik. Biz istintaq qrupundan tələb edirik ki, bu işləri düzgün, qanuni aparsın, görək ortalığa nə çıxır. Sübut etsinlər balalarımızın günahı var, ya yox. Bircə sübutu çıxarsınlar ortalığa, biz də çəkilib durarıq qıraqda, deyərik qoy cəza çəksin".

Aksiya iştirakçısı Əlibəy Əhmədov da iddia edir ki, istintaqın əvvəlində əsas həbs olunanlar ölkənin ərazi bütövlüyü uğrunda vuruşan hərbçilər olub: "Həmin uşaqları siyahıya alıblar, o uşaqlar siyahı ilə tutulub".

Aksiya iştirakçılarından altı nəfər Baş Prokurorluğa qəbula keçib.

Hələlik, aksiyada səslənən fikirlərə Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb. Amma Baş Prokurorluq bir müddət öncə açıqlama yaymışdı ki, Tərtər hadisələri ilə bağlı cinayət işləri üzrə icraat ötən ilin dekabrında təzələnib, intensiv istintaq hərəkətləri aparılmaqdadır. Açıqlamada vurğulandığına görə, artıq yüzlərcə hərbi qulluqçu zərərçəkmiş kimi müəyyən edilib, bir çox işlər yenidən araşdırılır. Üstəlik, qurum işgəncələrlə bağlı həbs edilənlərin olduğunu da bildirir.

'Adamları gözümüz önündə öldürürdülər' - Tərtər işi
Gözlə

No media source currently available

0:00 0:10:34 0:00

Xatırlatma

2017-ci il mayın 7-də Azərbaycanın hüquq-mühafizə orqanları bildirdilər ki, Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs edilib. Sonradan bir sıra media orqanları bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yaydı. Baş Prokurorluq da həmin iddiaların yer aldığı bəzi sayt rəhbərlərini çağıraraq onlara rəsmi olmayan bu məlumatları yaydıqlarına görə xəbərdarlıq verdi.

Müdafiə tərəfinin açıqlamalarına görə, tutulanların əksəriyyəti özlərini təqsirli bilməyib və həbs olunarkən ağır işgəncələrə məruz qaldıqlarını, bu üzdən etiraf xarakterli ifadələrə imza atdıqlarını iddia ediblər.

Saxlanan hərbi qulluqçuların yaxınları deyirdi ki, sonradan işgəncə verilməsinə görə də mühakimə edilənlər olub. Üstəlik, onların vurğulamasına görə, işgəncə nəticəsində ölənlərin (Hüquq müdafiəçiləri onların sayının 10-dan çox olduğunu bildirirlər. Amma bu, rəsmən təsdiqlənməyib) bəzilərinə də sonradan bəraət verilib.

Bayramov və Lavrov telefonda danışıblar

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov (Arxiv fotosu)

Bu gün, mayın 23-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığında nazirlər bölgədə vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən bütün kommunikasiya xətlərinin açılması, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə fikir mübadiləsi aparıblar.

“Tərəflər, həmçinin ikitərəfli gündəliyin aktual mövzuları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər” - nazirlik qeyd edir.

Bir gün əvvəl, mayın 22-də isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş olmuşdu.

Görüşdə iki ölkə arsında sülh sazişi, sərhədlərin müəyyən edilməsi və onların kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləməsi kimi məsələlər müzakirə edilmişdi.

Bu formatda bundan əvvəl, aprelin 6-da keçirilən görüşdə də tərəflər arasında sülh sazişinin hazırlanması üçün işin başlanması, sərhədlərin delimitasiyası üzrə birgə komissiyanın yaradılması üzrə razılıq əldə olunmuşdu.

Amma İkinci Qarabağ Müharibəsindən sonra iki ölkə arasında aparılan danışıqlara əsasən Rusiya vasitəşilik edib.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Ötən il də tərəflər arasında nəqliyyat və iqtisadi əlaqələrin bərpa edilməsi ilə bağlı daha iki bəyanat imzalanmışdı.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Bloqqer Rəşad Ramazanov yenidən həbs edilib

Məhkəmə

Bloger Rəşad Ramazanov 4 aylıq həbs edilib. Bu barədə "Turan" İnformasiya Agentliyi blogerin həyat yoldaşı Könül Ramazanovaya istinadla məlumat yayıb. Məlumata görə, Rəşad Ramazanov külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur.

Həyat yoldaşının dediyinə görə, o, Rəşad Ramazova qarşı irəli sürülən ittiham və həbsindən dövlət hesabına təyin olunmuş vəkildən xəbər tutub.

Könül Ramazanova, yoldaşına qarşı irəli sürülən ittihamı uydurma hesab edir.

Hüquq müdafiəçisi Rüfət Səfərov da ittihamın doğruluğuna şübhə ilə yanaşıb.

O, Facebook səhifəsində Ramazanovun artıq bir dəfə - 2013-2019-cu illərdə siyasi məhbus həyatınl yaşadığını xatırladıb.

Hüquq müdafiəçisi əmindir ki, Ramazanov sosial şəbəkələrdə hakimiyyəti kəskin tənqid etdiyinə görə təqib olunur.

“Dəqiqləşdirməyə çalışıram, amma böyük ehtimal ki, əvvəl olduğu kimi, bu dəfə də cibinə narkotik maddəni yerləşdirib, sonra “aşkara çıxarıblar”, - Səfərov yazıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

Bloqqerin ittiham olunduğu CM-nin 234.4.3-cü maddəsi 5 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Rəşad Ramazanov birinci dəfə 2013-cü ilin mayında həbs olunub və daha sonra külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Yerli hüquq müdafiə təşkilatları onun həbsinin əsl səbəbini sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsilə əlaqələndiriblər və onu siyasi məhbus kimi tanıyıblar. O, həbsindən əvvəl həm də dini mövzuda yazıları və tənqidləri ilə yadda qalıb.

Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty International Rəşad Ramazanovu “vicdan məhbusu” kimi tanıyıb.

2019-cu ilin martında Rəşad Ramazanov əfv fərmanı ilə vaxtından əvvəl azad edilib.

Azərbaycan ərazilərinin ətaşə tutulduğunu, Ermənistan isə sakitlik olduğunu deyir

Arxiv foto

"Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 20-si axşam saatlarında dövlət sərhədinin Basarkeçər (Vardenis)rayonunun Aşağı Şorca (Nerkin Şorja)yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub".

Mayın 21-də Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.


Nazirlik əlavə edir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ermənistanın Müdafiə Nazirliyi isə bildirir ki, məlumat doğru deyil və sərhəddə nisbi sakitlikdir.

İran sərhədçilərinin Azərbaycan vətəndaşını öldürdüyü bildirilir

İran sərhədçisi

İran sərhədçilərinin sərhədi pozmaq istəyən Azərbaycan vətəndaşını güllələyərək öldürdüyü bildirilir.

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, mayın 16-da İran sərhəd nümayəndəliyi xətti ilə Azərbaycan vətəndaşı Mircavad Musayevin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmaq istərkən atəşlə öldürülməsi barədə məlumat daxil olub: "Mayın 18-də Mircavad Musayevin cənazəsi prokurorluq orqanlarının nümayəndəsinin iştirakı ilə rəsmi qaydada qəbul edilərək ailə üzvlərinə təhvil verilib. Baş vermiş hadisənin araşdırılması və nəticələri barədə məlumat verilməsi üçün İran tərəfinə müvafiq sorğu göndərilib".

Rəsmi açıqlamada M.Musayevin hansı səbəbdən sərhədi qanunsuz keçməyə cəhd etməsi göstərilmir. Onun ailə üzvlərindən, hələlik, olaya münasibət öyrənmək mümkün olmayıb.

Məsələyə İranın Azərbaycandakı səfirliyindən də münasibət almaq cəhdləri nəticə verməyib.

Hərbçi valideynləri Prezident Administrasiyasına şikayətə gəliblər

Hərbçi valideynlərinin etirazı. 19 may 2022

Bu gün, mayın 19-da müxtəlif vaxtlarda naməlum şəraitdə həlak olduqları bildirilən bir neçə hərbçinin valideynləri Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Onlar vəfat etmiş övladlarına status verilməsini tələb edirlər.

Valideynlərinin sözlərinə görə, illərdir onlara bununla bağlı söz verilsə də, məsələ həll edilmir. "Prezident Administrasiyasında da qəbulda olmuşuq, deputatların da. Söz verirlər, amma ortada bir nəticə yoxdur. Ad qoyublar ki, övladlarımız hərbi hissədə naməlum şəraitdə həlak olub, şəhidlik statusunu da vermirlər", -onlardan biri vurğulayıb.

Bu zaman prosesi işıqlandıran reportyorlar Fatimə Mövlamlını və Sevinc Sadıqovanı hüquq-mühafizə əməkdaşları saxlasalar da, sonra sərbəst buraxılıblar.

Aksiya iştirakçıları qəbula aparılıb.

Məsələ ilə bağlı, hələlik, Daxili İşlər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və başqa rəsmi qurumlarla danışmaq mümkün olmayıb.

Salyanda 'Narkotikə yox' şüarı ilə yürüş keçirilib

Salyanda narkotiklərə etiraz

Mayın 19-da Salyan rayon mərkəzində "Narkotikə yox" şüarı ilə yürüş keçirilib.

Bir qrup yerli sakin Salyan şəhərində son zamanlar narkotik vasitələr satanların sayının çoxaldığını iddia edərək rayon icra hakimiyyətinə qədər yürüş keçirməyə cəhd göstərib. Onlar bildirib ki, aidiyyəti orqanlar narkotiklə mübarizə aparmalıdır. "Uşaqlarımız niyə məhv olsunlar?! Rayonda narkomaniya çoxalıb. Açıq-aşkar alver gedir", - aksiyada vurğulanıb.

Aksiya iştirakçıların qarşısına çıxan Salyan Rayon Polis Şöbəsinin rəisi Nəzər Əsgərov bildirib ki, narkomaniya ilə mübarizə ilə bağlı dövlət səviyyəsində bütün tədbirlər görülür. O əlavə edib ki, əgər hər hansı konkret məlumat varsa, onları araşdırmağa hazırdırlar.

Rəis habelə qeyd edib ki, aksiya keçirmək üçün rəsmi müraciət olunmalıdır: "Sizin də hər hansı rəsmi müraciətiniz yoxdur".

Bundan sonra aksiya iştirakçıları polis şöbəsinə qəbula gediblər. Onlar aksiyanı baş tutmuş elan ediblər.

Rəsulzadə haqqında meyxana oxuyana narkotik ittihami ilə 7 il yarım həbs...

Azerbaijan -- Javid Babashov

Mayın 18-də narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Cavid Babaşov (Sumqayıtlı) Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

2021-ci ilin may ayında həbs olunan və Azərbaycan Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadə haqqında meyxananın müəllifi kimi tanınan Cavid Babaşov özünü təqsirli bilməmişdi.

Ailə üzvləri bildirmişdi ki, meyxanaçının ara-sıra narkotikdən istifadə etdiyi vaxtlar olub, amma narkotik satışının ona aidiyyəti yoxdur.

Rəsmi məlumata görə, C.Babaşovun üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdü.

Sosial şəbəkələrdə Babaşovun Rəsulzadə haqqında 2016-cı ildə oxuduğu meyxanasına görə, şərlənərək cəzalandırılması barədə fikirlər yayılmışdı.

Həmin fikirlərin müəllifləri vurğulayırdılar ki, mövcud hakimiyyətin Rəsulzadəyə münasibəti mənfidir.Amma Daxili İşlər Nazirliyi (DİN) isə bu iddiaları təkzib etmişdi.

AZAL zərərlə işləyib

QSC-nin xalis zərəri 3 faiz azalaraq 76,4 milyon manat olub

“Azərbaycan Hava Yolları” (AZAL) qapalı səhmdar cəmiyyəti (QSC) 2020-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

QSC-nin xalis zərəri 3 faiz azalaraq 76,4 milyon manat olub.

2019-cu ildə şirkət 78,7 milyon manat xalis zərər açıqlamışdı. Ümumilikdə, AZAL-ın yığılmış zərəri 1,7 milyard manata çatıb.

2020-ci ildə COVID-19 pandemiyası ilə əlaqədar onun birbaşa gəlirləri 1 milyard 8,4 min manatdan (593,1 milyon dollar) 335,2 milyon manata (197,1 milyon dollar) qədər azalıb.

Pandemiya ilə bağlı itkiləri kompensasiya etmək üçün hökumət həmin il aviaşirkətə ümumilikdə 232 milyon manatdan çox subsidiya ödəyib.

Bununla yanaşı, 2020-ci il üçün AZAL-ın əməliyyat xərcləri 540 milyon manatı (317,6 milyon dollar) ötüb.

QSC-nin aktivləri 5 faiz azalaraq 1,978 milyard manata, öhdəlikləri də 1,5 faiz azalaraq 2,757 milyard manata enib.

Hesabatda bildirilir ki, 2021-ci ilin 10 ayı ərzində isə AZAL-ın gəlirləri 383,2 milyon manat təşkil edib.

İqtisadçı rəyi

İqtisadçı Natiq Cəfərli AZAL-ın zərərlə işləməsini qeyri-effektiv idarəetmə ilə əlaqələdirib.

O, deyib ki, bu şirkət Azərbaycanda inhisarçıdır, bilet qiymətləri də həddən ziyadə yüksəkdir.

“Halbuki 2020-ci ildə AZAL hökumətdən COVİD-19 ilə əlaqədar olaraq 232 milyon 82 min manat subsidiya da alıb.”- deyə o vurğulayıb.

Azərbaycan və Litva prezidentləri görüşüb

Azərbaycan və Litva prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Mayın 18-də Azərbaycan Prezidenti İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub.

AZƏRTAC- ın xəbərinə görə, İ.Əliyev deyib ki, bu səfər çərçivəsində bir sıra tədbirlər baş tutacaq, onların arasında biznes-forum da var: "İşgüzar dairələrimiz arasında praktiki fəaliyyətlə bağlı qarşılıqlı böyük maraq var".

Onun vurğulamasına görə, siyasi dialoq və regional vəziyyət də müzakirə edəcəkləri məsələlər sırasındadır.

G.Nauseda öz növbəsində deyib ki, regional təhlükəsizlik və Avropa İttifaqı ilə münasibətlər mühüm əhəmiyyət kəsb edən məsələlər sırasındadır: "Litva hər zaman Qafqaz ölkələri ilə Avropa İttifaqı arasında daha sıx dialoqu dəstəkləyib".

O, iqtisadiyyatla yanaşı, mədəniyyət və təhsil sahələrində də əlaqələrin vacibliyini söyləyib.

Litva Prezidenti G.Nauseda mayın 17-də Azərbaycana rəsmi səfərə gəlib.

Cəbhəçi sərbəst buraxılıb 

Azerbaijan. Baku. Court of Nardaran protest action in Baku

Mayın 17-də  saxlanan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Mingəçevir şöbəsinin fəalı Ceyhun Rzayevin sərbəst buraxıldığı deyilir

Mayın 17-də saxlanan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Mingəçevir şöbəsinin fəalı Ceyhun Rzayevin sərbəst buraxıldığı deyilir.
Bu barədə Azadlıq Radiosuna AXCP-dən məlumat veriblər.

Onların deməsinə görə, C.Rzayevə qarşı ittiham təsdiqini tapmayıb.

Amma bu deyilənləri, hələlik, Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb

***

Mayın 17-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Mingəçevir şöbəsinin fəalı Ceyhun Rzayevin saxlandığı bildirilir.

Partiyadan verilən məlumata görə, onu mülki geyimli şəxslər saxlayıb:

"Ceyhun bəy qızını məktəbdən götürərkən 3 nəfər tərəfindən saxlanıb. Qızına isə deyiblər ki, sən get evə, atan tezliklə evə qayıtmayacaq".

AXCP-dən əlavə olunub ki, Ceyhun Rzayev mayın 14-də Bakıda ictimai fəalların "Kriminal dövlət istəmirik" adlı yürüşünə dəstək olaraq Mingəçevirdə təkadamlıq aksiya keçirib və saxlanıb, sonra isə sərbəst buraxılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi informasiya vasitələrinin (KİV) vəictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə “Turan”a bildirib ki, Ceyhun Rzayev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb:

"Hazırda onun barəsində müvafiq araşdırma aparılır. Araşdırma nəticəsindən asılı olaraq əməli tövsif olunacaq".

Hacıyev vurğulayıb ki, Rzayevin saxlanmasında heç bir siyasi motiv yoxdur.

3 gün əvvəl, mayın 14-də ictimai fəallar Bakının mərkəzində "Kriminal dövlət istəmirik" şüari ilə yürüş keçirərək bəzi fəal və jurnalstlərə qarşı cinayətlərin baş verdiyini bildirib, belə halların araşdırılmasını tələb ediblər.

Aksiya iştirakçılarının bir çoxu saxlansa da sonradan onların hamısı sərbəst buraxılıb.

Bələdçilər əmək haqlarının azaldılmasına etiraz edir

Aksiya

Bu gün, mayın 16-da bir qrup dəmiryol işçisi Bakıda "Azərbaycan Dəmir Yolları" QSC binası önünə toplaşaraq şikayətlərini dilə gətiriblər. Onlar deyiblər ki, əmək haqları azaldılıb.

Dəmiryolçular vurğulayıblar ki, müqavilələri başa çatmamış əmək haqlarının azaldılması düzgün deyil. Onlar əlavə ediblər ki, əmək haqları 250 manata salınıb, halbuki, əvvəl 370 manat alıblar.

Şikayətçilər söyləyiblər ki, bu addım koronavirus pandemiyası ilə əlaqədar ölkənin quru yollarının bağlanması ilə izah edilir. Onlar deyirlər ki, indi yalnız daxildə qatarlar bəzi marşrutlar üzrə hərəkət edə bilir.

Şikayətçilərin qarşısına məsul şəxs çıxıb

Özünü "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Elyar Muradov kimi təqdim edən şəxs deyib ki, bu addım əmək məcəlləsinə uyğun atılıb. O da bildirib ki, koronavirus pandemiyası ilə bağlı dəmiryolda boşdayanmalar yaranıb. Rəis vurğulayıb ki, onlar iki il ərzində əmək haqlarını tam alıblar, indi isə, mayın 1-dən boşdayanmaya cəlb ediliblər.

E.Muradov deyib ki, boşdayanmada işçinin əmək məcəlləsinə uyğun olaraq əmək haqqının üçdə ikisi ödənilir. O, daha sonra şikayətçiləri qəbula çağırıb.

Şikayətçi dəmiryolçulardan bəziləri də vurğulayıb ki, əslində prezidentin də sərəncamı olmuşdu ki, pandemiyaya görə işləməyən işçilərin əməkhaqqına toxunulmasın. Onlar deyiblər ki, bunda məqsəd bəzi bələdçilərin yerinə özlərinə yaxın şəxsləri işə qəbul etməkdir.

Daha sonra hadisə yerinə polis də gəlib və şikayətçilər qəbula yola salınıblar.

Sərhədin bağlı qalması hava yolları şirkətlərini varlandırır
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

Koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından Azərbaycanda karantindir. Bu müddət ərzində karantin bir xeyli yumşaldılsa da, ölkənin quru sərhədi hələ də açılmayıb.

ADY: Maaşlarının 5 misli müavinət ödəniləcək

Aksiyadan sonra "Azərbaycan Dəmir Yolları" (ADY) QSC ayrıca açıqlama yayıb.

Bildirilir ki, "Azərbaycan Dəmir Yolları" QSC-də 18 mindən çox işçi heyəti var: "Pandemiya müddətində yalnız 2000-ə yaxın işçi əmək fəaliyyətində olmayıb və həmin şəxslərə pandemiya başladığı tarixdən son dövrlərə kimi bütün aylar üzrə ümumilikdə 10 milyon manatdan artıq... əməkhaqqı ödənilib".

Məlumatda deyilir ki, hazırkı mühit işçilərin sayının işin həcminə uyğunlaşdırılmasını və kadr potensialının buna mütənasib optimallaşdırılmasını zəruri edib. Bildirilir ki, fəaliyyətsiz qalmış və sərbəstləşmə riski olan əməkdaşların DOST İş Mərkəzi tərəfindən müvafiq işlərə cəlb edilməsinə dair razılıq əldə edilib: "Sözügedən əməkdaşların DOST İş Mərkəzinə keçidi zamanı onlara vəzifə (tarif) maaşlarının 5 misli miqdarında birdəfəlik müavinətin ödənilməsi nəzərdə tutulub".

Nazirlər Kabineti, gec də olsa, siyahını təsdiqlədi

Nazirlər Kabineti

İdxalı Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilən kağız və çap məhsullarının siyahısını Nazirlər Kabineti təsdiqləyib.

Bu barədə mayın 13-də Nazirlər Kabinetindən məlumat verilib. Məlumata görə, idxalı, satışı ƏDV-dən azad edilən kütləvi informasiya vasitələri məhsullarının, kitablar, dərslik və həmin malların nəşri ilə bağlı rulon, yaxud vərəqə şəklində kağızın siyahısı təsdiq edilib.

Bu il yanvarın 1-dən Azərbaycanda kitablar və kağızlar 18 faiz ƏDV azad edilmişdi. Bununla bağlı Vergi Məcəlləsinin 164.1.7-ci və 164.1.8-ci (Vergi ödəməkdən azad edilmə) maddələri yeni redaksiyada təsbit edilib.

Prezidentin 2021-ci il dekabrın 29-da imzaladığı fərmanda Nazirlər Kabinetinə üç aya həmin məcəlləyə uyğun olaraq, kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin siyahısını təsdiq etmək tapşırılmışdı. Lakin dörd aydan çox keçməsinə baxmayaraq, sözügedən siyahı təsdiq edilmirdi. İş adamlarının şikayətlərinə görə, Vergi Xidməti və Gömrük Komitəsində "yeni təlimat yoxdur" deməklə həm kitab satışı, istehsalından, həm də xaricdən gətirilən kağız məmulatlarından vergi tutulurdu.

Bu ilin əvvəlindən Azərbaycanda kağızın az qala iki dəfə bahalaşdığı bildirilir. Buna səbəb kimi Rusiyanın Ukraynaya təcavüzü və bununla bağlı Rusiyaya sanksiyalar göstərilir.

Ağdam sakininin sursat partlamasından öldüyü bildirilir

İşğaldan azad edilmiş Ağdam rayonu

Qarabağ müharibəsində təmas xətti Ağdam rayonundan da keçib.  Ağdam şəhəri daxil bu rayonun  böyük bir ərazisi 27 il işğal altında olub

Bugün, mayın 12-si Ağdam rayon sakininin silah sursatın partlaması nəticəsində halak olduğu bildirilir.

Ağdam rayon Prokurorluğunun açıqlamasına görə, saat 16 radələrində 40 yaşlı Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarasından ölməsi barədə onlara məlumat daxil olub.

Rəsmi açıqlamada əlavə edilir ki, aparılmış araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah sursatın partlamasından aldığı xəsarətlərdən öldüyü müəyyən edilib:

"Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır".

Amma bu məlumata, hələlik, həlak olan şəxsin yaxınlarından münasibət almaq mümkün olmayıb.

Qarabağ müharibəsində təmas xətti Ağdam rayonundan da keçib. Ağdam şəhəri daxil bu rayonun böyük bir ərazisi 27 il işğal altında olub. Amma Çəmənli kəndi işğal edilməyib.

Azərbaycan 1988-ci ildə başlayan, sonradan da silahlı toqquşmalra keçən Qarbağ münaqişəsi nəticəsində Ermənistanın ümumilikdə 20 faiz ərazisini işağ etdiyini, iki il əvvəl 44 günlük yeni savaş və sonrakı danışıqlar nəticəsində həmin ərazilərin çoxuna nəzarəti bərpa etdiyini açıqlayıb.

Bloqerin inzibati həbs edildiyi deyilir

Eyvaz Yahyaoğlu

Mayın 9-da Azərbaycan Milliyyətçi Demokrat Partiyasının üzvü, bloqer Eyvaz Yahyaoğlunun Şirvanda həbs olunduğu bildirilir.

Bu barədə AzadlıqRadiosuna partiyanın funksioneri Qələndar Muxtarlı məlumat verib. Onun sözlərinə görə, E.Yahyaoğlu özü "Şirvan TV" adlı YouTube kanalında Şirvan şəhərində baş verən hüquq pozuntularını ictimailəşdirirdi: "Orada dövlət əmlaklarının qanunsuz dağıdılması, talanmasını çəkib göstərirdi. Dəfələrlə bununla bağlı ona xəbərdarlıqlar edilib. Sonra isə polis bölməsinə çağırılıb".

Partiya üzvü deyir ki, elə polis bölməsində onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib:

"Prezident deyir ki…"

"Daha sonra o, Şirvan Şəhər Məhkəməsinin qərarı ilə 28 sutka inzibati qaydada həbs olunub. Eyvaz bəy həmişə Prezident İlham Əliyevin siyasətinə istinadən çəkilişlər edirdi. Prezident deyir ki, eybəcərlikləri çəkin, göstərin. Biz hesab edirdik ki, bu onu qoruyacaq, amma indi güman edirik ki, Prezident İlham Əliyevin adının çəkilməsi də onu xilas edə bilmir".

Q.Muxtarlının sözlərinə görə, Azərbaycan Milliyyətçi Demokrat Partiyası bu həbsi onun siyasi fəaliyyəti ilə əlaqələndirir: "Biz və ailəsi narahatıq ki, ona qarşı orda başqa iş açıla bilər. Biz onun azad olunmasını tələb edirik".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və Şirvan Şəhər Məhkəməsindən münasibət öyrənmək mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, tənqidi mövqe və dinc siyasi fəaliyyətə görə ölkədə insanlara təzyiqlərin olması ilə bağlı şikayətləri əsaslı saymırlar.

Xəzərdə aşkar edilən minalar zərərsizləşdirilib

КБ-1 minası

Xəzər dənizində aşkar edilən minalar zərərsizləşdirilib. Bu barədə mayın 10-da Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Xəzər dənizinin Azərbaycan sektorunda 60 metr dərinlikdə aşkar edilən altı böyük gəmi minasının (КБ-1) zərərsizləşdirilməsi mayın 10-da uğurla başa çatıb.

Açıqlamaya görə, minaların zərərsizləşdirilməsi prosesinə ümumilikdə dörd hərbi gəmi, dörd kater və 133 nəfər hərbi qulluqçu cəlb olunub.

"Hazırda Xəzər dənizinin Azərbaycan sektorunda bütün fəaliyyətlər adi qaydada davam etdirilir", - nazirlik vurğulayır.

Xəzərdə gəmi minaları tapılıb

Xəzər dənizinin Azərbaycan sektorunda altı gəmi minası aşkar edilib. Bu barədə mayın 4-də Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Məlumatda bildirilir ki, "UMID BABEK OPERATING COMPANY" şirkətinin Xəzər dənizinin Azərbaycan sektorunda apardığı ərazi kəşfiyyatı zamanı suyun 60 metrədək dərinliyində naməlum obyektlər aşkar edilib.

Məlumata görə, dənizin həmin akvatoriyası SSRİ dönəmində poliqon kimi istifadə olunub, aşkarlanan obyektlərin isə həmin vaxt standartlara əməl edilmədən suya atılmış altı böyük gəmi minası (КБ-1) olduğu müəyyən edilib: "Aşkarlanmış minaların mayın 9-dan etibarən hava şəraitindən asılı olaraq təhlükəsizlik tədbirlərinə əməl edilməklə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zərərsizləşdirilməsi və axtarış tədbirlərinin davam etdirilməsi planlaşdırılıb".

Bildirilir ki, minaların aşkarlandığı ərazi təhlükəsizlik məqsədilə gəmi sürücülüyü üçün müvəqqəti bağlanıb: "Xəzər dənizinin Azərbaycan sektorunda mülki təyinatlı işlər adi qaydada davam etdirilir".

Xəzərin hövzəsi Azərbaycandan başqa Rusiya, Qazaxıstan, Türkmənistan və İranın payına düşür.

Azərbaycanda faşist Almaniyası üzərində qələbənin 77 illiyi qeyd edilir

'Ay pulemyot, mənim başıma çox oyun açmısan'
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

Bu gün, Azərbaycanda mayın 9-u faşist Almaniyası üzərində qələbənin 77 illiyi rəsmi qaydada qeyd edilir. Əksər Avropa dövlətlərindən fərqli olaraq keçmiş SSRİ məkanındakı bir çox ölkələrdə bu qələbə mayın 8-i yox, 9-da xatırlanır.

Hitler Almaniyasının hərbi rəhbərliyi 77 il öncə müttəfiqlər qarşısında təslim olmaq haqqında saziş imzalayıb.

1939-cu ildə İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu Sovet Sosialist Respublikaları İttifaqına (SSRİ) hücum edib. Bu müharibə 1945-ci il mayın 8-də başa çatıb. İkinci Dünya müharibəsi isə tam olaraq həmin ilin sentyabrında yekunlaşıb.

Bu müharibə nəticəsində 60 milyona yaxın insanın həlak olduğu bildirilir.

1941-1945-ci illərdə Azərbaycanın 3 milyon yarım əhalisindən 600 mindən çoxu cəbhəyə gedib, onlardan təqribən yarısının döyüşlərdə həlak olduğu açıqlanıb. Hazırda Azərbaycanda bu müharibə veteranlarından 96-sının sağ olduğu bildirilir. Ötən il isə 150 müharibə veteranının yaşadığı açıqlanmışdı.

Azərbaycan tarixçilərinin bildirdiklərinə görə, həmin illərdə Bakı cəbhəyə 75 milyon ton neft göndərib, SSRİ-də benzin və sürtgü yağlarına olan tələbatın 75-90 faizini ödəyib.

Mayın 9-u Azərbaycanda rəsmi iş günü deyil.

Tələbələr yaşam təqaüdü, yataqxana… istəyirlər

Təhsil Nazirliyinin qarşısında aksiya. 5 may 2022

Mayın 5-də "Tələbə Güc Mərkəzi" təşkilatının təmsilçiləri Təhsil Nazirliyinin qarşısında etiraz aksiyasını keçirib. Aksiya iştirakçıları "Çayxana deyilsiz, fəaliyyət göstərin" plakatı açaraq təhsildə çatışmazlıqların həll olunmasını tələb ediblər.

"Aksiya təhsil sahəsində fundamental problemlərlə bağlıdır. Biz düşünürük ki, Təhsil Nazirliyi fəaliyyətsizdir", - aksiya iştirakçıları vurğulayıb.

Onlar bəyanat da oxuyublar. Bəyanata qeyd edilib ki, hazırda Azərbaycan universitetlərində və təhsil sistemində despotiya hökm sürür. Müəlliflər habelə hesab edirlər ki, dövlət universitetlərində pulsuz təhsil təmin olunmalıdır: "Təhsilin keyfiyyəti artırılsın, ... tələbələrin iqtisadi problemləri nəzərə alınaraq yaşam təqaüdü tətbiq edilsin, yataqxana problemi həll olunsun... Tələbələrin siyasi baxışlarına, fərqli mövqeyinə, dininə, cinsinə və orientasiyasına görə ayrıseçkiliyə son qoyulsun".

Aksiya iştirakçıları həmçinin, məktəblərdə ana dilində təhsil, universitetlərdə rektorun seçki yolu ilə müəyyənləşməsi və rüşvətə yol verən universitet rəhbərliyinin məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Oraya gələn polis və Təhsil Nazirliyinin əməkdaşı aksiya iştirakçılarını Təhsil Nazirliyinə qəbula dəvət ediblər.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən, hələlik, ayrıca münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkə təhsilində rüşvətxorluqla mübarizədən bəhs edirlər. Habelə qeyd edirlər ki, ali məktəblərdə dövlət hesabına oxuyanların faizi ildən-ilə artırılmaqdadır. Dörd-beş il əvvəl Azərbaycandakı ali məktəblərdəki yerlərin təqribən 70 faizinin ödənişli olduğu bildirilirdi. Amma rəsmi açıqlamalara görə, son illər bu faiz aşağı salınıb.

1990-cı illərin əvvəlində Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın təqribən 20 faiz ərazisi işğal edildikdən sonra tələbə yataqxanalarında, əsasən, məcburi köçkünlər məskunlaşmışdı. İki il əvvəl Azərbaycan işğal altında olan ərazilərinin böyük əksəriyyətinin azad edildiyini açıqlayıb. Amma həmin ərazilərdə, hələlik, məskunlaşma yoxdur.

Bloqer saxlandığını deyir

Cəlil Zabitov

Dünən, mayın 1-də səhər saatlarında Yardımlı rayonunun Dəlləkli kənd sakini bloqer Cəlil Zabitovu polislərin saxladığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna onun özü məlumat verib. Bloqerin vurğulamasına görə, səhər saat 10-da Yardımlı şəhər 2 saylı məktəbin yanında olub. Qeyd etməsinə görə, uşağını imtahana gətiribmiş: "Orada polislər məni tutub şöbəyə apardılar. Guya mən polisin əmrinə tabe olmamışam. Məhkəməyə aparacaqdılar, fikirlərini dəyişdilər".

O, fiziki zorakılığa, təhqirə məruz qaldığını söyləyir. Vurğulamasına görə, məqsədləri sosial şəbəkədə yazdığı tənqidi fikirləri pozdurmaq olub: "Təcili yardımda qeydiyyata düşmüşəm. Xəsarətləri qeydə aldılar. Hazırda evdəyəm".

Polis təkzib edir

Yardımlı rayon Polis Şöbəsindən bildirdilər ki, Dəlləkli kənd sakini C.Zabitovla profilaktiki söhbət aparıldıqdan sonra sərbəst buraxılıb: "Profilaktik söhbət aparılıb, ictimai təhlükəsizlik şöbəsində, sahə rəisi tərəfindən. Ona izah olunub ki, məktəbdə imtahanın gedişinə mane olmaq olmaz. Onun övladı imtahan verirdi. O da imtahanın gedişinə müdaxilə etmək istəyirdi".

Polisdən bloqerin fiziki zorakılığa, təhqirə məruz qalması ilə bağlı onun dedikləri təkzib edilib.

Bloqer, "Demokratiya 1918" Hərəkatının üzvü C.Zabitov bu ilin fevralın 7-də inzibati həbsdən buraxilıb. O, həbsdən çıxandan sonra AzadlıqRadiosuna demişdi ki, Yardımlı rayon Məhkəməsinin qərarına əsasən, İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə 25 sutka həbs olunub. "Rayonda baş verən özbaşınalıqlar barədə sosial şəbəkələrdə məlumatlar yayıram. Birinci dəfə deyil həbs olunuram. Məqsədləri məni susdurmaqdır", - o vurğulayırdı. Onda onun dediklərinə Daxili İşlər Nazirliyi, Yardımlı rayon Məhkəməsi və başqa cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı. Amma rəsmilər, bir qayda olaraq, sifarişli həbslərlə bağlı deyilənləri qəbul etmirlər.

Xatırlatma

C.Zabitov ondan əvvəl isə daha uzun müddətə həbs edilmişdi. Bir dönəm müəllim işləyən C.Zabitov 2020-ci ilin mayında Yardımlı rayon Məhkəməsində Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsi ilə təqsirli bilinərək 5 ay həbsə məhkum edilmişdi. C.Zabitov Yardımlı sakinlərindən birinə qarşı xuliqanlıqda günahlandırılmışdı. Həbsindən öncə o, sosial şəbəkələrdə və müxtəlif internet kanallarında Yardımlıda problem saydığı məsələlərdən bəhs edirdi. C.Zabitov materialları daha çox Facebook-dakı "Korrupsiyaya yox de" səhifəsində yayımlayırdı.

Azərbaycanda Ramazan bayramı qeyd edilir

Quran

Bu gün, mayın 2-si Azərbaycanda Ramazan bayramı qeyd edilir.

2022-ci il Ramazan ayının 1-i miladi təqvimlə aprelin 2-nə təsadüf edib. Ramazan ayı isə mayın 1-də başa çatıb.

Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda mayın 2-si ( Hicri təqvimi ilə Şəvval ayının 1-i) və 3-ü artıq bayram günləri sayılır. Bu bayram ilə əlaqədar 2-3 may tarixləri Azərbaycanda qeyri-iş günüdür.

İslamda Ramazan ayı boyunca tutulan orucun mühüm əməllərindən biri sayılan fitrə zəkatının verilmə vaxtı isə həmin ayın son günü idi. Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının qənaətinə görə, adambaşına 10-15 manat fitrə zəkatının imkansızlara verilməsi məsləhət bilinmişdi.

Xatırlatma

İslam dininə görə, "Qurani-Kərim" Ramazan ayında nazil olduğundan bu ay müqəddəs sayılır. Bu dinə görə, həmin ayda oruc tutmaq vacib bilinir. Oruc tutmaq xəstələr, səfərdə olanlar, hamilə və uşaq əmizdirən qadınlar, ahıllar istisna olmaqla, bütün müsəlmanlara tövsiyə edilib. Bu ayda bəzi müsəlmanlar günün işıqlı vaxtlarında oruc tuturlar. Oruc tutan insanlar iftara qədər (axşama qədər) yemək və su qəbul etmirlər. Həmin müddətdə siqaret çəkmək, cinsi əlaqədə olmaq da, İslam qaydalarına görə, düzgün sayılmır. Oruc tutan insanın yalan danışması, rüşvət alması, başqasının haqqını tapdalaması da günah bilinir.

Bakı Kəlbəcərin iriçaplı silahlardan atəşə tutulduğunu bildirir, Yerevansa təkzib edir

Azərbaycan Müdafiə Nazirliyinin binası

Müdafiə Nazirliyi Kəlbəcər rayonu istiqamətində Azərbaycanın ordusunun mövqelərinin iriçaplı silahlardan atəşə tutulduğunu bildirir.

Nazirliyin mayın 1-də yaydığı məlumatda bildirilir ki, atəşkəs pozuntusu aprelin 30-u saat 20:55-də qeydə alınıb.

"Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur" məlumatda vurğulanır.
Nazirlik hazırda qeyd olunan istiqamətdə vəziyyətin sabit olduğunu bildirir.

Ermənistan Müdafiə Nazirliyi isə Bakının Azərbaycan mövqelərinin atəşə tutulması ilə bağlı xəbərini təkzib edir.

Xatırlatma

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Fəhlə minaya düşüb

Mina xəritələri qeyri-dəqiqdir? 'Təbiət hadisəsi də ola bilər'
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

Aprelin 29-u saat 14 radələrində Laçın rayonunun işğaldan azad edilən Səfiyan kəndi ərazisində 1992-ci il təvəllüdlü Pərvin Salahovun piyada əleyhinə minaya düşdüyü bildirilir. Bu barədə Laçın rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, ilkin araşdırmalarla həmin ərazidə təmir-tikinti işləri aparılan zaman fəhlə kimi çalışan P.Salahovun minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Bu məlumata, hələlik, P.Salahovun yaxınlarından münasibət almaq mümkün olmayıb.

Azərbaycanın rəsmilərinin açıqlamasına görə, 2020-ci il üçtərəfli bəyanatın imzalanmasından bəri 30 civarında vətəndaş işğaldan azad edilən ərazilərdə minaya düşmə səbəbindən həlak olub, 150-dən çoxu isə yaralanıb. Onların arasında hərbi qulluqçular da var.

Xəritə mübahisəsi

Üçtərəfli bəyanatın imzalanmasından bir müddət sonra Azərbaycan tərəfi Ermənistan tərəfini minalanmış ərazilərin xəritələrini onlara verməməkdə günahlandırırdı. Amma bir müddət əvvəl Azərbaycanda tutulan Ermənistan hərbçilərindən bir neçə qrupunun təhvil verilməsi əvəzi azad olunan bir sıra rayonlara aid mina xəritələrinin alındığı açıqlanmışdı. Sonradan da Prezident İlham Əliyev həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını ifadə etdi.

Buna cavab olaraq Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, onlar əllərində olan xəritələri veriblər, "yəni yaxşısını siyirmədə saxlayıb, pis keyfiyyətdə olanı verməyiblər": "Xəritələrin keyfiyyətində problem olduğunu istisna etmirəm, həm də bilirəm niyə. Xəritənin keyfiyyəti kartoqrafın keyfiyyətindən, onun peşəkarlığından asılıdır…".

5 milyon

APA-nın xəbərinə görə, bu gün - aprelin 29-da Bakıda "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" konfransında İ.Əliyev deyib ki, sonuncu söhbəti zamanı (aprelin 6-sı) Avropa İttifaqi Şurasının Prezidenti Şarl Mişel minaların təmizlənməsi üçün 5 milyon avro ayıracaqlarını bildirib.

Azərbaycan indiyə kimi işğaldan azad edilən ərazinin bir hissəsinin minalardan təmizləndiyini açıqlayıb.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Laçın rayonu daxil) nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Hökumət Əli Kərimlinin mühafizəçisinə təzminat ödəyəcək

B.Həsənov

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) aprelin 28-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənovun işi üzrə qərar elan edib.

Hüquqşünas Xalid Ağalıyevin AzadlıqRadiosuna bildirməsinə görə, ərizəçi B.Həsənov 2012-ci ildə onun saxlanması və inzibati həbsi ilə bağlı AİHM-ə Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüququ) maddəsinə əsasən şikayət vermişdi: "Ərizəçi bildirmişdi ki, onun saxlanılması və inzibati həbsi özbaşına xarakter daşıyıb, heç bir faktiki əsasa söykənməyib. O, həmçinin iddia etmişdi ki, ona münasibətdə Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsi də pozulub".

AİHM ərizəçinin hər iki iddiasının əsaslı olması rəyinə gəlib. Məhkəmənin qərarına əsasən, hökumət ərizəçiyə 4 min 500 avro təzminat ödəməlidir.

Bu qərara, hələlik, Azərbaycanın cavabdeh rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Şikayətə əsasən, müxalifətdə olan AXCP sədrinin mühafizəçisi B.Həsənova 2012-ci ildə evə gedərkən küçədə tanımadığı bir şəxs yaxınlaşıb, onu ailəsini təhqir etməkdə günahlandırıb. Daha sonra da onları Suraxanı rayon Polis İdarəsinə aparıblar. B.Həsənov polis əməkdaşının qanuni əmrinə tabe olmamaqda günahlandırılıb, Suraxanı rayon Məhkəməsinin qərarı ilə o, 10 sutka inzibati qaydada həbs olunmuşdu.

Xatırlatma

AXCP sədrinin başqa bir mühafizəçisi Niyaməddin Əhmədov isə ötən il 13 il həbs cəzası alıb. O, Cinayət Məcəlləsinin 214-1-ci (Terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirli sayılıb. Amma N.Əhmədov və AXCP ittihamı qurama, siyasi sayır. Azərbaycan rəsmiləri isə ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

Davamı

XS
SM
MD
LG