Türkmənistan vilayətlərinin hakim orqanları küçələrdən bəzəkli Yeni il ağaclarını yığışdırır, dövlətin təyin etdiyi imamlar isə moizələrində deyirlər ki, 2024-cü ili qarşılamaq islama uyğun deyil.
AzadlıqRadiosunun türkmən xidməti bunların son illərin fonunda kəskin ziddiyyət təşkil etdiyini deyir. Axı, əvvəllər avtoritar Türkmənistan Yeni ili təmtəraqla qeyd edərdi.
Ölkənin şimal-şərqi Lebap vilayətinin paytaxtı Türkmənabadda dekabrın birinci həftəsində binaların, otellərin, xəstəxanaların qarşısında, dəmiryol vağzalında, şəhər parkında onlarla böyük Yeni il ağacları quraşdırılmışdı.
Dövlət işçilərindən isə oyuncaqların alınması, ağacların qaldırılması üçün kranların icarəsindən ötrü 14 dollar yığılırdı.
Ancaq bir neçə gün sonra rəsmilər bəzədilmiş küknar ağaclarının çoxunu götürüb, cəmi altı yerdə yolkalar qalıb.
Rəsmi orqanlar işçilərindən yığdığı pulu isə qaytarmayıblar. Bunu bir neçə dövlət qulluqçusu AzadlıqRadiosuna söyləyib. Regional hökumət Yeni il ağaclarının yığışdırılmasını izah etməyib.
Qərbi Balkan vilayətində isə imamlar məscidlərdə danışırlar ki, ağac bəzəmək, israfçılıq edərək məclislər keçirmək, Yeni ilin gəlişi münasibətilə atəşfəşanlıq islam dininə uyğun deyil.
"Yeni ildə xalqımız donuz əti yeyir, spirtli içki içir, ərzağı israf edir ki, bütün bunlar da inancımıza uyğun deyil", - vilayət paytaxtı Balkanabad sakini imamın məsciddə dediklərini belə xatırlayır.
Təhlükəsizliyə görə adının çəkilməsini istəməyən həmin şəxs imamın bu sözləri də əlavə etdiyini söyləyir: "Türkmənlərin azı 95 faizi Yeni il keçirmək üçün yığdıqlarını israf edir, yarım litr konyaka 285 dollar verir".
Yerli sakinlər imamların Yeni il şənliklərinə qarşı moizələrini misilsiz adlandırırlar.
İmamlar özbaşınamı danışır...
Dekabrın əvvəlində cümə moizəsinə gedənlərin çoxu inanır ki, belə sərt tənqid Aşqabad hökumətinin dəstəyi olmadan dilə gətirilə bilməzdi. Axı sərt nəzarət altında olan Türkmənistanda imamları hökumət təyin edir.
Anonimlik şərti ilə danışan bəzi türkmənistanlılar imamların sərt tənqidini və Yeni il şənliklərinin azaldılmasını prezident Sərdar Berdiməhəmmədovun atası Qurbanqulu Berdiməhəmmədovdan dini baxımdan daha mühafizəkar baxışları ilə izah edirlər.
42 yaşlı Sərdar 2022-ci ilin martında təşkil olunmuş seçkilərlə vəzifəyə gəlib. Bu Orta Asiya ölkəsini 15 ildən çox idarə etmiş atası Yeni ili dəbdəbəli paradlar, məclislər, konsertlər ilə qeyd edərdi.
Paytaxt Aşqabadda isə Yeni il şənlikləri həmişə kimi keçirilir, dekabrın 15-də böyük bir tədbirlə bayram mövsümü başlanıb.
"Alem" mədəniyyət və əyləncə mərkəzində 44 metr hündürlükdə, 16 metr enlikdə baş yolka işıqlandırılıb. Paytaxtda xeyli konsert, küçə yarmarkaları, şənliklər planlaşdırılıb.
Yüzlərlə işçi, tələbə müxtəlif tədbirlərdə rəngli kostyumlarda iştirak edəcək.
"Yaxşı görkəmli" uşaqları seçirlər
Aşqabadda bəzi valideynlər gileylənirlər ki, ibtidai siniflərdə oxuyan övladları məyus olub, "travma alıblar". Belə ki, təhsil rəsmiləri hökumətin təşkil etdiyi Yeni il şənliyində iştirak üçün "yaxşı görkəmli" uşaqlar seçməkdən ötrü məktəblərə gəliblər və onları seçməyiblər.
Uşaqlar tədbirlərdə şeir deyəcək, mahnı oxuyacaq, rəqs edəcəklər. Həmin tədbirlərə ölkə prezidentinin, digər rəsmilərin də qatılacağı gözlənilir.
Valideynlər AzadlıqRadiosuna danışıblar ki, rəsmilər və müəllimlər bəzi şagirdlərin burunlarının böyüklüyünü, gözlərinin qıyıqlığını açıq dilə gətiriblər.
"Onlar uşaqlara travma yaşadıblar... Uşaqları sinif yoldaşları qarşısında alçaldıblar", - Aşqabad sakini deyib.
Başqa bir valideynin sözlərinə görə, görünüşləri barədə mənfi sözlər eşidən uşaqların çoxu ağlayıb.
570 dollarlıq geyim dəsti
Heç tədbirə seçilənlər də məmnun deyillər. Bir valideyn danışır ki, qızı dövlət tədbirinə seçilib, valideynlərə isə göstəriş verilib ki, performans üçün bahalı kostyumların pulunu versinlər.
Ananın iddiasına görə, övladının konsert geyimi üçün 570 dollara yaxın pul verib. Dəstə ağ paltar, kolqotqa, pencək, əlcək, oğlanlar üçün isə ağ köynək, şalvar, corab, əlcək və şlyapa daxildir.
Bir qrup valideyn geyimin pulunu çatdıra bilməməklərindən məktəb rəhbərliyinə şikayət etdiklərini deyirlər. Dediklərinə görə, məktəb administrasiyası bildirib ki, belə yüksək ödəniş qarşılığında onların uşaqlarına imtahanlarda yüksək qiymət, tərifnamə verəcəklər.
AzadlıqRadiosu məsələyə Türkmənistan rəsmilərindən münasibət ala bilməyib.
Bu yazını radionun türkmən xidmətinin Aşqabaddan ötürdüyü informasiya əsasında Farangiz Nəcibulla qələmə alıb.