Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:11

Türkmənistanda qıtlığın ikinci ili


Çörək
Çörək

5 milyon əhalisi olan Türkmənistan təbii qaz ehtiyatlarına görə dünyada dördüncü yeri tutur.

Hələ Türkmənistanın yenicə müstəqil olduğu dövrdə ölkənin birinci prezidenti Saparmurat Niyazov əhali sayının kiçik, qaz ehtiyatlarınınsa nəhəngliyini nəzərə alaraq, Türkmənistanın bir gün ikinci Küveyt olacağını, ölkədə hər kəsin «Mercedes» sürəcəyini demişdi.

Reallıqda isə bu gün Türkmənistan ən adi ərzaq məhsullarının qıtlığının ikinci ilini yaşayır.

Çörək, toyuq bahalanır

AzadlıqRadiosunun (RFE/RL) türkmən xidmətinin əməkdaşları ölkənin müxtəlif yerlərində yaşayan sakinlərlə söhbət edib. Müsahiblərin söhbətlərindən ölkədəki vəziyyətin ikinci Küveytdən çox fərqli olduğu görünür. Materialda həmsöhbətlərin heç birinin adı açıqlanmır. Bəlli olduğu kimi, Türkmənistan hökuməti AzadlıqRadiosunu sevmir və onunla danışan insanların həyatını çətinləşdirir.

Daşoğuz vilayətinin şimalında yaşayan bir yerli sakin 450-500 qramlıq ucuz çörəyin əvvəllər 1 manat (28 sent) olduğu halda, dekabrın əvvəlindən 1.40 manata (39 sent) satıldığını deyir. Balkan vilayətinin qərbində isə eyni çörəyin qiyməti 1 manatdan 1.5 manata (42 sent) qalxıb. Cənubda, mərkəzi Marı vilayətində də eyni vəziyyətdir.

Paytaxt Aşqabadda bir qadın əvvəllər xaricdən gətirilən toyuq budunun kilosunun 8 manata (2.24 dollar) satıldığını və hərəyə 1 kiloqramlıq limit qoyulduğunu deyir. Onun sözlərinə görə, özəl dükanlarda limit olmasa da, qiymət 10 manatdır (2.8 dollar). Aşqabadda yumurtanın da qıt olduğu deyilir.

Un qıtlığı

Daha bir Aşqabad sakini keyfiyyətli çörəyin qiymətinin 2 manatdan (56 sent) 3.5 manata (98 sent) qalxdığını deyir.

Marı və cənubdakı Ahal vilayətlərində unun qıt olduğu və qiymətinin iki dəfə artdığı bildirilir. Qiymətin qəfil artması insanları unu alaraq azuqə toplamağa vadar edib. Nəticədə dekabrın 1-də ölkəboyu un qıtlığı yaşanmağa başlayıb və çörək bahalanıb.

Bu dəfə durum keçənilki səviyyəyə çatmayıb. Ötən ilin dekabrında insanlar yerli dükanlara şəkər və bitki yağı gələndə xəbər tutmaq üçün öncədən adlarını xüsusi siyahıya yazdırırdılar.

Türmənistanda "sağlamlıq və xoşbəxlik" ayı..
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00

Ərzaq çatışmazlığı və ən adi qida məhsullarının qiymətlərinin artması Türkmənistanın iqtisadi geriliyinin yeganə əlamətləri deyil. Noyabrda AzadlıqRadiosunun türkmən xidməti ölkə iqtisadiyyatının onurğa sütunu olan neft-qaz sektorunda gözlənilən ixtisarlardan yazmışdı. İxtisara salınması gözlənilən işçi qüvvəsinin əksəriyyəti quyuların qazılması və təmiri sahəsində çalışanlardır. Bu isə Türkmənistanın sata biləcəyindən artıq neft və qaza malik olmasının göstəricisi sayıla bilər.

Minədək polis ixtisar olunacaq

Ancaq türkmən xidməti dekabrın 13-də həm də hüquq-mühafizə strukturlarında ixtisarların baş verəcəyini bildirib. Lebap vilayətində yaşayan, bu ixtisarlardan xəbərdar bir şəxs 2018-ci ilin yanvarında minədək polisin ixtisara salınacağını deyib. Başqa bir mənbə də DİN-in Lebap şöbəsində ixtisarların olacağını deyib. Həmin mənbə əlavə edib ki, ixtisarlar bütün ölkəyə şamil ediləcək və hətta cinayətkarlıqla mübarizə şöbəsi tamamilə ləğv ediləcək.

Yeni ildən sonra dövlət qurumlarında çalışan əməkdaşların 30%-nin ixtisar ediləcəyi də bildirilir.

Manatın «qara bazar»dakı dəyəri də düşməkdədir. Bu ilin əvvəli 1 dollar 5-6 manata alınıb-satılırdısa, dekabrın əvvəli qiymət 10 manatdan artıq idi. Rəsmi məzənnə isə 2015-ci ilin fevralından bəri 1 dollar üçün 3.5 manat səviyyəsində qalmaqdadır.

Artıq iki ildir ki, «Qishloq Ovozi» (AzadlıqRadiosunun Mərkəzi Asiya bloqu) Türkmənistanın iqtisadi çətinliklərindən və vəziyyətin ümidsizliyindən yazır, hökumətin məsələyə müdaxilə imkanlarının tükənməkdə olduğunu vurğulayır.

Prezident nazirlərə güllə atmağını göstərir
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Ümid yerləri

Hazırda Türkmənistan iqtisadiyyatının üstünü almış qara buludlardan yalnız iki ümid şüasi keçir. Onlardan biri prezident Qurbanqulı Berdıməhəmmədovun ölkənin 2018-ci il büdcəsi üçün Sabitləşdirmə Fondundan istifadə edildiyini deməsidir. Söhbət Berdıməhəmmədovun Niyazovun xarici banklara yerləşdirdiyi milyardlarla dolları toplayaraq yaratdığı ehtiyat fondundan gedir. Berdıməhəmmədovun özünün də bu fonda qaz satışından əldə edilmiş milyardlarla dollar pul əlavə etdiyi deyilir. Türkmənistanda heç kim bu fondan danışmır. Berdıməhəmmədovun bu pulların hamısını özünə saxladığı haqda şayiələr dolaşır.

Berdıməhəmmədovun ölkənin 2018-ci il büdcəsi üçün bu fondun pullarından istifadə edildiyini deməsi Türkmənistan iqtisadiyyatının düşdüyü ağır durumun göstəricisidir.

Digər ümid yeri isə Xəzərin statusunda irəliləyişin əldə edilməsidir. Bu amil Türkmənistanın nəhayət Transxəzər Qaz Kəmərini (TCP) çəkərək, Avropaya 30 milyard kubmetrədək qaz satmasını mümkün edə bilər. Ancaq Xəzərlə bağlı yekun saziş imzalanmayınca, TCP-nin yolunun açılacağı gözlənilmir. Rusiya və İran 20 ildir ki, TCP-nin çəkilişinə etiraz edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG