Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:43

Türkmən polisi siqaret növbəsində duranları sorğu-sual edir


Türkmənistan.
Türkmənistan.

Türkmənistanın şimalında yerləşən Daşoğuz regionunda polis siqaret növbəsində duran insanları sorğu-sual edir. Polis siqaret çəkənlərin ovuna çıxıb.

İnsanlar AzadlıqRadiosu-nun türkmən xidmətinə bildiriblər ki, yerli polis çoxsaylı növbələrdə dayanan insanları pərakəndə şəkildə saxlayaraq sorğu-sual edir, onlardan siqareti kimə aldıqlarını soruşur.

Buna da bax:​ Siqaretə məhdudiyyət qoyula bilər

“ELƏ BİL, CİNAYƏT ÜSTÜNDƏ TUTUBLAR”

«Məni növbədən dartıb çıxartdılar. Sonra polis idarəsində mənimlə kobud danışdılar. Onlara siqareti şəxsən özümə aldığımı desəm də, məni elə hədələməyə başladılar ki, elə bil, cinayət üstündə tutublar», – Kunyaurgenç sakini Perkhat danışır.

Onun sözlərinə görə, polis siqaretin daha harada satıldığını da soruşub.

Xatırladaq ki, Türkmənistanda siqaretin idxalı və satışı dövlət nəzarəti altında gerçəkləşdirilir. Yalnız dövlət mağazalarının tütün məhsullarının satışına rəsmi icazəsi var.

Tütün məhsullarının qeyri-qanuni dövriyyəsi də mövcuddur. «Qara bazarda» siqaretin qiyməti dövlətin qoyduğu qiymətlərdən bir neçə dəfə yüksəkdir.

Buna da bax: Deputat: ‘Siqareti universitetlərin dəhlizlərində çəkirlər’

«Polis kiminsə dövlət mağazalarında satılanlardan fərqli siqaret çəkdiyini görən kimi dərhal saxlayaraq siqaretin haradan alındığını soruşur. Cavab verməyəndə tütün qaçaqmalına görə həbs etməklə hədələyirlər», – Perkhat deyir.

DÖVLƏT QULLUQÇULARI DA «NƏZARƏTDƏDİR»

Yerli sakinlər deyirlər ki, polis siqaret növbəsində gördüyü büdcə təşkilatlarının əməkdaşlarını da sorğu-sual edir.

Saparmurad Turkmenbashi adına 40 nömrəli orta məktəbin müəllimi dövlət mağazalarının birində siqaret alıb. Növbəti gün polis idarəsinə çağırılıb.

«Polis idarəsində mənə dedilər ki, bu il sağlamlıq və firavanlıq devizi altında keçir. «"Nədir, dövlətin siyasətinə qarşı çıxırsan?" – deyə mənə qışqırdılar», – rayon məktəbinin 50 yaşlı müəllimi danışır.

Buna da bax:​ Paradoksal vəziyyət: Siqaret gömrükdə ucuzlaşıb, satışda isə...

Dekabrda Türkmənistanın dövlət idarələri öz əməkdaşlarından tapılmayan ərzaq və siqaret növbələrində durmamağı tələb ediblər. Bildiriblər ki, kimi növbədə tutsalar, dərhal işdən çıxaracaqlar.

KAMERALARI İZLƏYİRLƏR

Daşoğuz bölgə polisinin nümayəndəsinin sözlərinə görə, növbələrdə duran dövlət qurumları əməkdaşlarının müəyyən edilməsinə dair rəsmi tapşırıq var.

«Bizdən hər gün gec saatlara qədər mağazaların qarşısındakı kameraların yazılarını izləməyi tələb edirlər. Biz dövlət idarələrinin əməkdaşlarını müəyyən edərək söhbət aparmalı, lazımdırsa, hədələməliyik ki, onlar növbələrdə durmasınlar», – deyə bölgə polisinin adının çəkilməsini istəməyən əməkdaşı Azadlıq Radiosuna bildirib.

2016-cı ilin ortalarından ölkədə tütün satışı dəfələrlə tamamilə dayandırılıb. Satış bərpa olunanda isə çoxsaylı növbələr yaranıb. Əhalinin siqaret almasını məhdudlaşdıran yeni qaydalar tətbiq olunub. Məsələn, qadınlara siqaret satmaq yasaqlanıb.

Buna da bax: 10 siqaretlik qutular yığışdırılacaq

Türkmənistanın qərbindəki Türkmənbaşı şəhərində qadınlar siqaret alan zaman tütündən asılılıq barədə həkim arayışı təqdim etməlidirlər.

TƏNBƏKİ HAZIRLAYIRLAR

Yanvarın əvvəlindən bəri, tütün məhsullarının satışının növbəti dəfə tam dayandırılmasından sonra siqaret satışı bir-iki saat ərzində həyata keçirilir. Onda da çoxsaylı növbələr yaranır.

Siqaret və ərzaq növbələrində formalı və mülkigeyimli polis və təhlükəsizlik əməkdaşları olur. Bəzən mübahisə və dava düşür.

Qoyulmuş qadağalar nəticəsində tütünün qeyri-qanuni yetişdirilməsi halları qeydə alınmaqdadır. Bundan başqa, insanlar aşağı keyfiyyətli tütünə bitki mənşəli xammal əlavə edərək tənbəki hazırlayırlar. Bu isə çox zaman sağlamlığa ziyandır.

Buna da bax:​ Araq və siqaret kartla satılacaq

2011-ci ildə Türkmənistan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "Tütünlə mübarizəyə dair" çərçivə sənədini imzalayıb. Bundan sonra ölkədə tütün məhsullarının satışına məhdudiyyətlər qoyulmağa başlayıb.

8 FAİZ TÜTÜNDƏN İSTİFADƏ EDİR

Müşahidəçilər qeyd edirlər ki, əhalini tütün asılılığından qurtarmağa tibbi və psixoloji yardım çatışmır. Həmçinin qeyd edilir ki, tütünü əvəzləyən xüsusi tibbi preparatlar da əlçatan deyil.

ÜST-nın məlumatına görə, Türkmənistan siqaret çəkənlərin sayına görə dünyada sonuncu yeri tutur. Bu ölkədə əhalinin yalnız 8 faizi tütündən istifadə edir.

Buna da bax:​ Siqaret qıtlığı yaranıb

2015-ci ildə Türkmənistan regionda yetkin əhalinin 5 faizdən azının siqaret çəkdiyi ilk ölkə olmaq istədiyini bildirdi. Ölkə 2025-ci ilədək tütündən azad ölkə statusu əldə etmək öhdəliyi götürüb.

Türkmənistanın hökumət idarələri və səhiyyə qurumları ölkədə siqaret çəkənlərin sayına dair bilgiləri və bu sahə ilə bağlı statistikanı dərc etmirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG